Gültəkin Hacıbəyli: Hakimiyyət Qərb diplomatlarına şərt qoyur ki, müxalifətlə görüşməyin

“Daha bir məqam odur ki, Azərbaycana gələn Qərb dövlətlərinin yüksək rütbəli rəsmiləri müxalifətlər görüşlərə məsafəli yanaşırlar, çünki hökumətdən daha çox umacaqları var”

Filip Riker. Foto: arxiv


Arif Hacılı: "Bu, ABŞ-ın prioritet elan etdiyi dəyərlərə ziddir"

İyunun birinci ongünlüyündə Cənubi Qafqaz respublikalarında olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Azərbaycandan fərqli olaraq Gürcüstan müxalifətçiləri ilə görüşüb.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Filip Rikerin müxalifətlə görüşməməsinin səbəbi Azərbaycan hakimiyyətinin istəyidir: “Hakimiyyət diplomatlarla, xarici ölkələrdən gələn qonaqlarla müxalifətin görüşmələrini arzuolunmaz sayır və bunu onların diqqətinə çatdırır. Ancaq ABŞ kimi bir dövlətin bu nüansları nəzərə alaraq Azərbaycan müxalifətilə görüşməməsi təəssüf doğurur. Çünki Azərbaycan müxalifəti Gürcüstan və Ermənistan müxalifətindən daha ağır və çətin şəraitdə fəaliyyət göstərir, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulmasında mübarizə aparır”.

Arif Hacılı deyir ki, xarici siyasətində demokratiya və insan haqlarını prioritet elan edən bir dövlətin – ABŞ-ın rəsmisinin Azərbaycan hakimiyyətinin rəyinə əsasən müxalifətlə görüşməməsi onun dəyərləri ilə ziddiyyət təşkil edir

arif.png
Arif Hacılı


Gültəkin Hacıbəyli: "Hakimiyyət müxalifətlə görüşmək cəhdində olan hər hansı xarici ölkə rəsmisinin yolunu Azərbaycana bağlayar"

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə bildirib başda ABŞ olmaqla digər Avropa ölkələrinin də rəsmiləri Azərbaycana gələndə müxalifətlə görüşmür.

O, bunu Azərbaycanın avtoritar və tamamilə qeyri-azad ölkə olması ilə əlaqələndirib: “Azadlıq indekslərinə görə, Azərbaycandakı demokratiyanın səviyyəsini Gürcüstan və Ertmənistanla müqayisə etmək mümkün deyil. Məsələn, Gürcüstanda və Ermənistan parlamentində müxalifət təmsil olunur. Qonşu ölkələr qeyri-azad yox, yarım azad ölkələrdir, səbəb də onların parlamentində müxalifət fraksiyalarının, müstəqil, müxalif media resurslarının olmasıdır. Azərbaycan parlamentində bir müxalifətçi də yoxdur. Yaxud ölkədə müstəqil qəzet, sayt yoxdur, ona görə şərtlər başqadır”.

Hacıbəylinin sözlərinə görə, hakimiyyət müxalifətlə görüşmək cəhdində olan hər hansı xarici ölkə rəsmisinin yolunu Azərbaycana bağlayar: “Ölkədə çoxsaylı qeyri-hökumət təşkilatları beynəlxalq qurumlarla əməkdaşlıq edirlər. Ancaq beynəlxalq təşkilatlar da elə QHT-ləri seçirlər ki, üzdə müxalifət kimi görünsələr də, mahiyyət etibarı ilə hökumətin onlarla əməkdaşlığına etirazı olmur. Ona görə ki əks halda həmin beynəlxalq təşkilatların Azərbaycana yolu bağlanacaq. Beynəlxalq təşkilatlar tərəfdaşlarını gerçək müxalifətçilər arasından seçəcəklərsə, onlar ölkədən qovulacaq. Ölkədə seçki, azad medianın olmadığı şəraitdə baş verənlər anlaşılandır. Səbəb dediyim kimidir; hakimiyyət beynəlxalq təşkilatlar qarşısında şərt qoyur ki, əgər müxalifətlə görüşəcəksinizsə, bizimlə münasibətlər korlanacaq. Təbii ki, Bakı Vaşinqtona meydan oxuya bilməz, amma hakimiyyətin gücü və imkanı ABŞ-ın ölkədə fəaliyyət imkanlarını məhdudlaşmağa çata bilər. Bilirsiniz ki, son illərdə ölkədən nə qədər donor təşkilatlar çıxarıldı, Respublikaçılar İnstitunun, SOROS Fondunun adını xatırlamaq yetər. Fikir verin, son illər maliyyə dəstəyi Milli Məclisin deputatlarının yaratdıqları təşkilatlara, avtobus, cib müxalifətinə ayrılır”.

93208884.jpg
Gültəkin Hacıbəyli


Natiq Cəfərli: "Azərbaycandan fərqli olaraq Gürcüstan və Ermənistanda seçki ərəfəsidir"

ReAl Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə hesab edir ki, Rikerin müxalifətlə görüşməməsini səbəblərini Amerika tərəfinin izah etməsi daha məntiqli olar.

Natiq Cəfərli onu da qeyd edib ki, amerikalı diplomatın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə Rəsul Cəfərov da iştirak edib: “Düzdür, Rəsul Cəfərov ReAl Partiyasının təmsilçisi kimi yox, vətəndaş cəmiyyətini təmsil edib. Yəni görüşlə bağlı ümumi məlumatımız var”.

Natiq Cəfərlinin sözlərinə görə, Gürcüstan və Ermənistanda vəziyyət bir qədər fərqlidir, çünki həmin ölkələrdə seçki ərəfəsidir: "Ona görə ABŞ siyasətini müəyyənləşdirməkdən ötrü bu respublikalarda belə görüşlərin olması məntiqlidir. Gürcüstanda parlamentdə boş qalan yerlər var və müxalifətdə iqtidar Avropa Birliyinin təmsilçilərinin vasitəçiliyi əsasında razılaşma imzaladı. Azərbaycanda durum fərqlidir, seçki prosesinin olmamasına görə müxalifətlə görüşü nəzərdə tutulmamışdı. Daha bir məqam odur ki, Azərbaycana gələn Qərb dövlətlərinin yüksək rütbəli rəsmiləri müxalifətlər görüşlərə məsafəli yanaşırlar, çünki hökumətdən daha çox umacaqları var. Ona görə də bəzən müxalifətlə görüşüb hökumətlə görüşöncəsi neqativ fonun yaradılmasında maraqlı olmurlar”.

Natiq Cəfərli
Natiq Cəfərli

İyunun 7-də Azərbaycanda olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker vətəndaş cəmiyyətinin nümayəndələri Rəsul Cəfərov, Günel Səfərova və Anar Məmmədli ilə

görüşüb

.

Ana səhifəSiyasətGültəkin Hacıbəyli: Hakimiyyət Qərb diplomatlarına şərt qoyur ki, müxalifətlə görüşməyin