Blinkenin köməkçisi vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

“Yəni bu dövrdə vətəndaş cəmiyyəti hansı layihələri gerçəkləşdirməlidir kimi mövzularda danışdıq”.

Source: Meydan TV


Anar Məmmədli: "Vətəndaş cəmiyyətinin, medianın, məhkəmələrin durumunu müzakirə etdik"

İyunun 7-də vətəndaş cəmiyyətinin nümayəndələri Rəsul Cəfərov, Günel Səfərova və Anar Məmmədli ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


"Filip Riker də bildirdi ki, Vaşinqton insan haqlarının qorunmasında maraqlıdır”

Anar Məmmədli Meydan TV-yə deyib ki, daha çox vətəndaş cəmiyyətinin, ifadə azadlığının, medianın, məhkəmələrin durumunu müzakirə ediblər: “Vəkillərə qarşı təzyiqlər, Avropa Məhkəməsinin qərarlarının icrasına diqqət ayrıldı. Qonaqlar özləri maraqlandı ki, vərəndaş cəmiyyəti müharibədən sonra sülh quruculuğunda hansı təşəbbüsləri qaldıra bilər. Mən əsasən vurğuladım ki, vətənaş cəmiyyətinə imkan yaradılarsa, QHT haqqında qanunvericilkdə dəyişiklik olarsa, xarici təşkilatların qayıdışı təmin edilərsə, bu istiqamətdə çox işlər görmək olar. Çünki bu sahədə icmalarla çalışan təşkilatlar var, sosial sahədə də QHT-lər çoxdur ki, infrastrukturun bərpasında, reinteqrasiya prosesində iştirak edib beynəlxalq tərəfdaşlar cəlb edə bilərlər. Amma bunun üçün mütləq müvafiq qanunvericiliyə dəyişiklik edib beynəlxalq təşkilatlar ölkəyə buraxılmalıdır. Filip Riker də bildirdi ki, Vaşinqton Azərbaycanın rifahında, Cənubi Qafqazda, postsovet məkanında münaqişələrin sülh yoluyla həllində, daha çox suverenliyin, insan haqlarının qorunmasında maraqlıdır”.

Anar Məmmədli qarşı tərəfin Azərbaycandakı vəziyyətdən məlumatlı olduqlarını və daha çox aydınıaşdırıcı suallar verdiklərini söyləyib: "Ancaq düşünürəm ki, siyasi azadlıqlar, siyasi məhbuslar, medinın durumunu ətraflı şəkildə bilirlər”.

1623159885_196322146_836575650316605_5662901970641908857_n.jpg
Filip Rikerlə görüş


"Birgəyaşayışla bağlı müzakirələr aparıldı"

Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova vətəndaş cəmiyyətinin hazırkı vəziyyətinin daha yaxşı fəaliyyət üçün hansı problemlərinin həllinə toxunduqlarını deyib: “İlk növbədə qanunvericiliyin dəyişilməsinə diqqət ayırdıq. Mən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Anegliyində təmsil olunuram, bununla bağlı suallar oldu və postmüharibə barədə danışdıq. Yəni bu dövrdə vətəndaş cəmiyyəti hansı layihələri gerçəkləşdirməlidir kimi mövzularda danışdıq. Birgəyaşayışla bağlı müzakirələr aparıldı. Eyni zamanda, demokratiyanın, medianın, insan hüquqlarının vəziyyəti ətrafında təkliflərimizi səsləndirdik”.


"Filip Riker daha çox bizi dinlədi, özünün qiymətləndirilməsi olmadı”

Bakı İnsan Haqları Klubunun direktoru Rəsul Cəfərov müzakirələrdə daha çox onların fəaliyyət profilinə uyğun məsələlərə diqqət ayrıldığını deyib: “Konkret olaraq, sərbəst toplaşmaq, ifadə azadlığı, QHT-lərin vəziyyəti və postmünaqişə zamanı vətəndaş cəmiyyətinin sülh yaradıcılığında hansı addımların atılmasına toxunub müşahidələrimizi ifadə etdik. Əlbəttə ki, postkonflikt dövründə Azərbaycanın ərazi bütövlüyü təmin edilməklə görülə biləcək işlərdən danışdıq. Filip Riker daha çox bizi dinləyirdi, özünün qiymətləndirilməsi olmadı”.

Bölgəyə ilk səfərini edən Filip Riker qarşıdakı iki gündə Ermənistanda olacaq.

Ana səhifəSiyasətBlinkenin köməkçisi vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb