“Hadisənin hansı səbəbdən baş verdiyini bilmirik”
Marneuli rayonunun Qızılhacılı kəndində silahlı atışma zamanı yaralanan Anar Məmişov, “Gürcü Arzusu” Partiyasının majoritarlığa namizədi Ceyhun Çoydarovun vəziyyətinin yaxşı olduğunu bildirir.
Hadisə oktyabrın 19-u seçki məntəqəsindən 60 metr uzaqlıqda olan, Çoydarovun hər zaman seçiciləri ilə toplaşdığı məkanda baş verib. Hal-hazırda Çoydarov Marneuli rayon xəstəxanasında müalicə alır.
A.Məmişovun sözlərinə görə, silahlı atışma zamanı onların toplaşdığı məkanda təxmini 10-15 insan olub:
“Seçicilərlə görüşü bitirdikdən sonra birlikdə oturduq, axşam yeməyi yedik. Həmin vaxt bilmədiyimiz istiqamətdən atəş açılmağa başladı. Atəş açanların 2-3 nəfər olduğuna inanmıram. Bəlkə də, kimsə o hadisəni törədənin yanında dayanıb, amma tam dəqiq neçə nəfər olduqlarını bilmirəm”.
“Biz hadisənin hansı səbəbdən baş verdiyini bilmirik”- A.Məmişov deyir.
A.Məmişov onu da bildirir ki, Ceyhun Çoydarovun soyadı əslində Çovdarovdur. Sadəcə sənədlərdə olan hərf səhvinə görə Çoydarov deyilir.
Oktyabrın 21-i Çoydarov səsçoxluğu ilə seçkidə qalib gəlib.