Gözləri tutulan Ucar sakini: Üç ildir qızlarımı görmürəm

Deyir, mal-qara saxlamaqla birtəhər dolanmağa çalışırlar, dövlət qurumları, heç olmasa, belə xəstələrə kömək etsin

Source: Specify Source


Ucarın Bərgüşad kənd sakini Aqil Baxışov həm şəkər, həm də dializ xəstəliyindn əziyyət çəkir


“Bədənimə 29 litr su yığılmışdı”

Yatağında çətinliklə əyləşən Aqil əlini uzadıb görüşür, amma evə kimin gəldiyini görmür. Sakit danışır, hərçənd, çox əziyyət çəkdiyi hiss olunur. Deyir ki, 2009-cu ildə Rusiyadan vətənə qayıdandan sonra qara günləri başlayıb. Əvvəlcə şəkərə tutulub, sonra dializə. Dörd il əvvəl gözünün nurunu itirməyə başlayıb. Bir il ərzində dünya onun üçün tam qaranlığa bürünüb.

“Atam rəhmətə getdi. Evin tək uşağıyam. Evə heç pul gəlmədi, müalicə oluna bilmədim. Dərd dərd üstünə gəldi. Böyrəklərimin heç biri işləmir. Aparatla yaşayıram. Dializə görə günaşırı Kürdəmirə gedirəm. Gedəndə də, gələndə də üç taksi dəyişirəm. Hər dəfə yola 15-20 manatım çıxır. Hələ dərmanları saymıram. Yolpuluna qohum-əqrəba kömək eləyir, yoxsa heç gedə bilmərəm. Aparat tutulur. İşləmir, təzəsi də çox bahadı. Bunun üçün tez-tez Şirvana gedirəm. Bu ay üç dəfə getmişəm. Ora hər səfərdə azı 150 manat xərcim çıxır. Getməsəm də olmur. Yoxsa bədənimə su yığılır. Bir dəfə 29 litr su yığılmışdı”, – Aqil danışıb bir az susur.

Aqil birinci qrup əlil kimi 150 manat pensiya alır, 100 manat da prezident təqaüdü. Anası Xəzəngül Baxışova bütün pulların yola, dava-dərmana getdiyini deyir: “Təkcə sistemin birini 24-25 manata alırıq”.


“Heç nədə gözüm yoxdu, gözümdən başqa…”

Aqil deyir ki, böyrəklərinin, şəkər xəstəliyinin verdiyi əziyyətin dərdini çəkmir. Ən böyük arzusu gözlərinin açılmasıdır. Yox, Aqil bir az fərqli dedi: “Heç nədə gözüm yoxdu, gözümdən başqa…”

Gözünü əməliyyat etdirmək istəyib. Böyük qiymətlər deyiblər. Gürcüstanda tapdığı həkim 8500 dollara əməliyyata razılıq verib. Sonradan yolu İrana düşüb, orada daha ucuz qiymətə razılaşıblar. Üstəlik, gözlərinin açılmasına zəmanət də verirlər. Bu işdə yeganə əngəl pulun olmamasıdır.

image_from_ios (4).jpg
Xəzəngül Baxışova

“Xoşqədəmin verilişinə çıxmışdım, ordakı həkimlərdən birinin qəbulunda da oldum. Pul olmasa, mümkün deyil. Həmin həkimlər də müştəri yığmaq üçün ordadı. Anamın pensiyası ilə həyatda qalmağa çalışırıq. Anam da, həyat yoldaşım da xəstədi. Sadəcə, mənə görə çox səslərini çıxarmırlar. İki qızım məktəbə gedir. Üç ildi qızlarımı görmürəm, necə göründüklərini təsəvvür eləməyə çalışıram. Heç olmasa, gözümün biri açılsaydı… Özümü idarə eləyərdim həm də. Qolumdan tutmasalar, heç gəzə bilmirəm. Adicə həyətə də düşmürəm”, – bunları deyən Aqil bir az da susur…


“Heydər Əliyev Fonduna müraciət eləmişik, cavab gəlməyib”

Xəzəngül Baxışova necə çətin şərtlər altında yaşadıqlarından danışır. Deyir ki, bir adamın pensiyası ilə ailə dolanmaz. Aqilin həyat yoldaşı işləmir. Onsuz da kənddə də işsizlikdir: “Heydər Əliyev Fonduna müraciət eləmişik, cavab gəlməyib. Ümumiyyətlə, dövlət qurumlarından heç kim maraqlanmır. Nə eləyirsə, yaxınlar, qohum-əqrəba eləyir”.

Nə Aqilgilin içməli suyu var, nə də kənd camaatının. Sonradan bizi kəndin dərinliyindən əsas yola köhnə “Jiquli”sində çıxarmağa razılaşan Xankişi Səbzəliyev danışacaqdı ki, ümumiyyətlə, Bərgüşadda arx suyu içirlər.

“İki-üç dəfə su idarəsinə getmişik. Yerli icra nümayəndəsinə də demişik. Arx suyunu duruldub içirik. İndi o da yoxdu. Arxın qazılmasına kömək eləmirlər. Camaatın öz gücü çatmır. Kasıblıqdı, adamlar heç bir yerdə işləmir. Onsuz da keyfiyyətsiz sudu. Heç olmasa, bunu versinlər. Neçə ilin ağacları quruyub gedir. Heç söz də vermirlər ki, eləyəcəyik”, – Xankişi deyir.

image_from_ios (5).jpg
Xankişi Səbzəliyev

Xankişi Aqilə çox ürəyi yandığını bildirir. Deyir, mal-qara saxlamaqla birtəhər dolanmağa çalışırlar, dövlət qurumları, heç olmasa, belə xəstələrə kömək etsin: “Bir dəfə adamlar yolu kəsmək istəyirdi. Tez icra hakimiyyətindən gəlib camaatı geri qaytardılar. Dedilər, bizi çəkib internetə qoyacaqlar, eləməyin”.


Maşından düşəndə Xankişiyə söz veririk ki, nə danşıbsa, hamısını yazacağıq…

Aqil Baxışovun ümidi indi ancaq xeyirxah insanlara qalıb. Buna görə bankda adına hesab da açılıb.

“Beynəlxalq Bank”, hesab nömrəsi: 5490263362664914

Ana səhifəBölgəGözləri tutulan Ucar sakini: Üç ildir qızlarımı görmürəm