Gözəl Bayramlının şikayəti təmin edilmədi

Vəkil: “İşi Avropa Məhkəməsinə göndərəcəyik”

Source:


Vəkil: “İşi Avropa Məhkəməsinə göndərəcəyik”

Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının işinə baxılıb.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, şikayət Gözəl Bayramlı barəsindəki həbs qətimkan tədbiri ilə bağlı verdikləri vəsatətin təmin olunmaması barədə Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qərarından verilmişdi:

“Apelyasiya Məhkəməsi şikayətimizi təmin etmədi. Gözəl Bayramlı məhkəmədə səhhətindəki problemlərin qaldığından da danışdı:

“Dedi ki, sol ayağına artıq su yığılıb. Həkimlər həmin suyun çəkilmə vaxtının gəldiyini bildirirlər. Buna baxmayaraq ona hər hansı tibbi yardım göstərilməyib. Biz də, özü də dəfələrlə müraciət etmişik. Heç nə etmirlər. Artıq ev dustaqlığı vəsatəti də təmin olunmadı. Gözəl Bayramlı həbsdə qaldı. Bu işi də biz Gözəl Bayramlının əvvəlki işləri kimi Avropa Məhkəməsinə göndərəcəyik”.

Vəkilləri bundan əvvəl Gözəl Bayramlının hər iki ayağında şiş olduğunu, yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.

Onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi isə vəkillərə məktub yazaraq bildirmişdi ki, Gözəl Bayramlı bütün müayinələrdən keçib. Onun səhhətində ciddi problem yoxdur.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam edir.

Ana səhifəXəbərlərGözəl Bayramlının şikayəti təmin edilmədi