AXCP sədrinin müavininə telefon danışıqlarına qadağa qoyulub
Nəsimi Rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə oktyabrın 6-da AXCP sədrinin müavini Gözəl Bayramlının həbs qətimkan tədbirini dekabrın 25-nə qədər uzadıb.
Bu barədə Meydan TV-yə vəkil Zibeydə Sadıqova məlumat verib.
Vəkil deyib ki, müstəntiq istintaq hərəkətlərinin getdiyini əsas gətirərək G.Bayramlının həbsdə saxlanılmasını zəruri hesab edib:
“Guya AXCP sədrinin müavini həbsdən çıxsa, xarici ölkələrə gedər və istintaqdan yayınar. Nəticədə şahidlərə təsir edər. Biz etiraz edərək bildirdik ki, beş aylıq həbs müddətində bir-iki istintaq hərəkəti aparılıb. Gözəl Bayramlı iki dəfə dindirilib və ekspertiza rəyləri ilə tanış olub. Digər tərəfdən, qaçaqmalçılıq cinayətində hansı şahid ola bilər? Olanları da dindiriblərsə, Bayramlının kiməsə təsir imkanı yoxdur”.
Vəkilin sözlərinə görə, Gözəl Bayramlının səhhətində ciddi problemlər qalır. Onun hərəkət etməsi çətindir, masaya söykənib danışırdı. İdman etməlidir, amma saxlanıldığı yer qapalı olduğundan mümkün deyil. İki həftədir qripə yoluxub, üstəlik telefon danışıqlarına da qadağa qoyulub.