”Gözəl Bayramlının ayağı iflic ola bilər”

Vəkil AXCP sədrinin müavininə əsa verilmədiyini deyir

Source:
Gözəl Bayramlı
Gözəl Bayramlı


Vəkil AXCP sədrinin müavininə əsa verilmədiyini deyir

AXCP sədrinin müavini Gözəl Bayramlının sol ayağı iflic ola bilər. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb.

Avqustun 3-də Bakı İstintaq Təcridxanasında Gözəl Bayramlı ilə görüşən vəkil deyir ki, onun səhhətindəki problemlər getdikcə kəskinləşir:

“Ona heç bir tibbi yardım göstərilmir. Sərbəst yeriyə, otura bilmir. Müraciət etməyimizə baxmayaraq, ona hələ də əsa verilməyib”.

Penitensiar Xidmət məsələ ilə bağlı heç bir açıqlama vermir.

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

“İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib”, – deyə məlumatda vurğulanır.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.

Ana səhifəXəbərlər”Gözəl Bayramlının ayağı iflic ola bilər”