Gözəl Bayramlı ilə bağlı ekspertiza təyin edilib

Ombudsman Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə görüşüb

Source:


Ombudsman Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə görüşüb

AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı ekspertiza təyin olunub.

Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil sentyabrın 20-də Bakı İstintaq Təcridxanasında saxlanılan Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

“Ekspertiza rəyi onun telefonundan, evindən çıxmış informasiya daşıyıcıları ilə bağlı idi. Rəylə tanışlıqdan sonra müəyyən vəsatətlər qaldırdıq”- vəkil deyib.

Onun sözlərinə görə,  ombudsman Elmira Süleymanova da Gözəl Bayramlı ilə görüşüb:

“Elmira Süleymanova Gözəl Bayramlıya müalicəsinə köməklik göstərəcəyini bildirib. Gözəl xanım ona ayrılmış kompensasiyanı ala bilmir. Bunun üçün kiməsə etibarnamə verməlidir, amma əngəl yaradılır, verə bilmir. Bununla bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsək də, nəticə yoxdur”.

Vəkilin sözlərinə görə, jurnalist Əfqan Muxtarlının səhhətindəki problemlər də hələ qalır:

“Ombudsman onunla da görüşüb və yaxınlarının görüşməsində yaranan maneələrin aradan qaldırılmasına çalışacağını vəd verib”.

Gözəl Bayramlı 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Ə. Muxtarlı isə mayın 29-da saxlanılıb. Onunla bağlı yayılan rəsmi məlumatda Ə. Muxtarlının Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

G.Bayramlı və Ə.Muxtarlı ittihamları qəbul etmir. Ə.Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Onun cinayət işi Meydan TV ilə bağlı cinayət işinə birləşdirilib.

Ana səhifəXəbərlərGözəl Bayramlı ilə bağlı ekspertiza təyin edilib