Vəkil: ”Artıq onun dizində iltihab yaranıb”
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlıda osteoartrit xəstəliyi kəskinləşib. Bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.
İyulun 17-də vəkil 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan G.Bayramlıya baş çəkib.
Z.Sadıqova “Turan”-a deyib ki, artıq Gözəl Bayramlının dizində iltihab yaranıb, ayağını qatlaya bilmir. Bu səbəbdən çətinliklə yeriyir.
Vəkilin sözlərinə görə, G.Bayramlı təcridxanada effektiv müalicə almır:
“Gözəl Bayramlı dəhşətli ağrılarının olduğunu deyir. Həkimlər isə ancaq ağrıkəsici kimi “diklofenak” iynəsi vururlar”.
Onun sözlərinə görə, G.Bayramlıya telefonla danışmağa icazə verilmir.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, CM-in 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunur. Mayın 26-da Səbail Rayon Məhkəməsi onun 3 ay müddətinə həbsinə qərar verib. Rəsmi bəyanatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib. Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə qoyublar və onun həbsi siyasi xarakter daşıyır.