Gözdən əlil: “Görməməyimdən istifadə edib başqa sənədə imza atdırıblar”

Foto: Samirə Aminovanın şəxsi arxivindən

Samirə Aminova aldadılaraq işdən çıxarıldığını deyir

Bakı şəhər sakini Samirə Aminova birinci qrup gözdən əlildir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiyası Mərkəzində təlimatçı, əlilliyi olan şəxslər pansionatına fəhlə yardımçısı, təlimatçı kimi çalışıb. Sonuncu iş yeri olan Şağan Reabilitasiya Mərkəzindən işdən çıxarılıb. Nazirliyə şikayət edib, əvəzində ona  mənzil istismar sahəsində (JEK) xadiməçi vəzifəsi təklif olunur.

Meydan TV-yə müraciət edən Samirə Aminova deyib ki, işə bərpa olunmaq üçün məhkəmədə iddia ərizəsi qaldırıb. Hazırda iddiaya Yasamal Rayon Məhkəməsində baxılır.

“Xususi Qayğıya Ehtiyacı olan Uşaqların Reabilitasiya Mərkəzində idman təlimatçısı kimi işləyirdim. Xüsusi qayğıya ehtiyacı olan xəstə uşaqları masaj edirdim. Amma müəssisə rəhbərliyi məndən pul tələb edirdi. Razılaşmadığım üçün işdə mənə qarşı təzyiqlər başlamışdı”,- şikayətçi deyib. Onun sözlərinə görə, masajla bağlı beynəlxalq kurslarda iştirak edib, sertifikatlar alıb. Səhiyyə Nazirliyi həmin sənədi tanıyıb:

“Mənə qarşı çirkin kampaniyalar aparılırdı, xəstə verilmirdi. Xadimələrdən biri mənim yerimə xəstə uşaqları masaj edirdi. Halbuki, tibbi savadı olmayanlar xəstə uşaqlarla işləyə bilməzlər.

Xəstələri öyrədərək məndən nazirliyə şikayət yazmalarını təmin edirdilər. Hətta məni döyməyə belə cəhd etdilər. Nəticədə nazirlikdən çağıraraq dedilər ki, sizdən şikayətlər daxil olur. Mən də həmin vaxt hər uşaqdan nə qədər pul alındığı, ümumiyyətlə ətrafımda baş verənlərlə bağlı məlumat verdim. Təsəvvür edin, nazirliyə şikayət etmişəm, yoxlama qrupu gəlib mənə deyir ki, şikayətini geri çək, yaz ki, səhv etmisən”.

Şikayətçi bildirib ki, nazirlikdən ona kömək edəcəkləri adı ilə ərizəyə qol çəkdiriblər. Bildiriblər ki, ərizə işdə saxlanılması ilə bağlı yazılıb. Amma məlum olub ki, ərizədə onun başqa işə keçirilmə nəzərdə tutulub.

“İşə qayıdandan sonra məlum oldu ki, məni qardirobçu vəzifəsinə keçiriblər. Bundan sonra Mehriban Əliyevaya müraciət etdim. Məni təkrar nazirliyə çağıraraq Şağan Qəsəbəsində Reabilitasiya Mərkəzində işə keçirdilər”,-Aminova deyib. Bildirib ki, orada ona fəhlə yardımçısı vəzifəsi tapşırılıb. Kişilərlə birgə, qum-daş daşıması tələb olunub. “Gözüm ayağımın altını görmür, amma məndən daş daşımaq tələb edilirdi. Dəfələrlə dedim ki, gözdən əlil qadın yük daşıya bilməz. Ancaq dedilər ki, sənin vəzifən budur, istəmirsənsə, işdən çıxa bilərsən”.

Şikayətçi qeyd edib ki, bununla bağlı nazirliyin 142 “qaynar xətt” xidmətinə şikayət edib. Beləliklə, Şağandakı işini də itirib.

“Koronavirus pandemiyası ilə əlaqədar mərkəzdə xəstə qəbulu olunmadığından baş həkim mənə bildirdi ki, fəaliyyətləri bərpa olunandan sonra mənə işə çıxmağım üçün məlumat verəcəklər. Amma bir qədər sonra məlum oldu ki, heç bir əsas olmadan məni işdən çıxarıblar. İşdən çıxarılmağım ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etdim və bəlli oldu ki, guya öz ərizəmlə işdən azad edilmişəm. Halbuki, ərizə yazmamışam və heç bir sənədi imzalamamışam. İşdən çıxarılmağımla bağlı əmrin surəti yalnız iş üzrə ilkin mediasiya sessiyasında mediator tərəfindən cavabdehdən mənimlə əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlər alınaraq mənə təqdim edilib. Qeyd edim ki, bizimlə əmək müqaviləsi hər dəfə 3 ay müddətinə bağlanıb və müddət bitəndən sonra yenidən 3 ay müddətinə artırılıb. Mənə əmək müqaviləsinin müddətinin artırıldığını deyərək aldadıblar, görməməyimdən istifadə edərək başqa sənədə imza atdırıblar”.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 avqust 2021-ci il tarixli məktubunda bildirilir ki, Aminova onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad edilib. “DOST İş Mərkəzi” MMC-nin 24 avqust tarixli məktubunda isə göstərilir ki, Aminova öz ərizəsi ilə işdən azad edilib. “MMC-nin məktubundan belə bəlli olur ki, Aminova ilə cəmi 23 günlük əmək müqaviləsi bağlanılıb.

«Halbuki, qanunvericiliyə görə əmək müqaviləsi tərəflərin razılaşdığı müddətdə bağlanılır. Mənim isə 23 günlük əmək müqaviləsinin bağlanmasına razılığım olmayıb. Mənə surəti göndərilən ərizədəki imza özümə məxsus deyil və bununla bağlı prokrorluğa müraciət etmişəm”, – şikayətçi deyir.

Samirə Aminova MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işə bərpa olunması və buraxılmış iş günlərinin məvacibinin ödənilməsi, o cümlədən mənəvi ziyana görə 2 min manat tələb edir. Deyir ki, ona təklif olunan MİS-də xadimə işini səhhəti ilə bağlı qəbul edə bilməz.

Aminova xüsusi qayğıya ehtiyacı olan uşaqlara təmənnasız kömək etmək istəyir. Deyir ki, valideynlər ona müraciət edə bilərlər:

“Öz övladım uzun müddət pleksit xəstəliyindən əziyyət çəkib, xüsusilə anaların nələr çəkdiklərini anlayıram. Buna görə də təmənnasız kömək etmək istəyirəm. Dövlət tərəfindən peşəkar masaj dərslərinə cəlb edilmişəm, əcnəbi mütəxəssislərdən öyrənmişəm».

DOST Mərkəzindən sualların cavablandırmaq səlahiyyətində olmadıqlarını bildiriblər.

Meydan TV əməkdaşının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçtuna, eləcə də nazirliyinin mətbuat xidmətinin rəhbərinə məxsus “Whatsapp” nömrəyə göndərilmiş yazılı sorğuya isə cavab verilməyib.

Ana səhifəSosialGözdən əlil: “Görməməyimdən istifadə edib başqa sənədə imza atdırıblar”