Gözdən əlil aldadıldığını iddia edir

Birinci qrup əlilliyi olan Yusif Allahverdiyev aldadıldığını iddia edir. O, 2012-ci ilin iyun aylarında “Zirvə” MMC-dən lizinqlə yük maşını almaq üçün “Bank of Azərbaycan”a evini girov qoyur. Yük maşınları Hollandiyadan gətirilir. O, yol xərci ilə birgə “Zirvə” MMC-yə 35 min manat pul ödədiyini deyir.

Bir maşını özü, qalan iki maşını isə Turan adlı şəxs lizinqə götürür. Kreditlərini vaxtı-vaxtında ödəyərkən, bir gün “Zirvə” MMC-dən gələn zəng ona iki ildir heç bir ödəniş edilmədiyini deyir.

Pullar ona qaytarılmır. O, üç maşının pulunu “Zirvə” MMC-yə ödəməli olur. Ancaq 2015-ci ildə Avropa oyunları ilə əlaqədar işlər səngiyir. O zamandan yük maşınları Sumqayıtda Aliminium Zavodunun qarşısında saxlanılır.

2016-cı ilin iyununda maşınlardan birinin Eltac adlı şəxsə satıldığını öyrənir. Daha sonra Abşeron Rayon Məhkəməsinin çıxardığı qərardadla tanış olur. Maşınlara həbs qoyulur. Avqustun 25-də məhkəməyə gedərkən ona qərarın dəyişdiyini bildiriblər.

Yusif Allahverdiyev məhkəməyə Sumqayıt Rayon İcra hakimiyyəti tərəfindən təzyiq edildiyini iddia edir. Dediyinə görə, Sumqayıt Rayon İcra Hakimiyyətinə müraciət etsə də, onu qəbul etməyiblər. Əlində nə pul var, nə də maşın. O, indi çıxış yolunu intiharda gördüyünü deyir.

Abşeron Rayon Məhkəməsindən sorğumuza cavab verilmədi. Sumqayıt Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə məsələnin onlara aidiyyatı olmadığını deyiblər.

“Zirvə” MMC-nin hüquqşünası Qubad Behbudov Meydan TV-yə bildirdi ki, Yusif Allahverdiyev məhkəməyə heç bir sənəd-sübut təqdim etməyib. Hüquqşünasın sözlərinə görə, Yusif Allahverdiyev 29 min manatdan başqa heç bir ödəniş etməyib. O, İki ildir maşınları gizlədib.

Ana səhifəVideoGözdən əlil aldadıldığını iddia edir