“Dəfələrlə müraciətimizə baxmayaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanası bizimlə maraqlanmır”
“Altı aydır ki, atamın pensiyasını kəsiblər. Ailəmizin heç bir yerdən gəliri yoxdur. Dolanışığımız ağırdır, qonşular, qohum-əqraba olmasa acından ölərik”.
Göyçayın Qəbələ Müskürlü kəndinin 20 yaşlı sakini Nərgiz Osmanova belə deyir. Onun valideynləri xəstədir.
Ata Akif Osmanov III qrup əlildir, eşitmə problemi var.
Ana Məkkə Osmanova 2020-ci ildə insult keçirib, yataq xəstəsidir. Nərgiz ailənin tək övladıdır. Şəki Dövlət Regional Kollecinin dördüncü kursunda oxuyur. Dediyinə görə, ailə atasının 260 manatlıq əlillik pensiyası ilə dolanırmış:
“Vəziyyətimiz çox acınacaqlıdır. Anam iki ildir yataq xəstəsidir, hərəkət edə, danışa bilmir. Mal-qara da qalmayıb, hamısını anamın yolunda satmışıq. Sağalmır, ömürlük yataq xəstəsidir. Anama baxmaq üçün pula ehtiyacımız var. Ona pensiya təyin olunmasına çalışırıq, lakin mümkün olmur. Anama bir gündə üç “Pampers” istifadə edirəm. “Pampers”in də birini 1 manat 20 qəpiyə alıram”.
Şikayətçi Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanadan ona bildirilib ki, anası Respublika Klinik Xəstəxanasında stasionar müalicə almalıdır:
“Anamın fiziki məhdudiyyəti var, vəziyyəti həddən artıq ağır olduğu üçün Bakıya apara bilmirik. Dəfələrlə müraciətimizə baxmayaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanası bizimlə maraqlanmır. Atama deyirlər ki, Respublika Eşitmə, Səs və Nitq Patalogiyaları Mərkəzinə gedib, bera müayinəsindən (eşitmə azlığı zamanı edilən test-red.) keç. Buna maddi imkanımız çatmır. Anamın vəziyyəti lap pisdir. Ona heç baxa bilmirik”.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından zənglərimizə cavab verilməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Meydan TV-yə bildirilib ki, Akif Osmanovun pensiya təyinatının müddəti bitib:
“Vətəndaş yenidən müayinəyə getməlidir. Əlilliyi təsdiqləndiyi təqdirdə pensiya almağa davam edəcək”.
Digər şikayətə gəlincə, nazirlikdən bildirilib ki, əlilliyin təyin olunması üçün qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir:
“Vətəndaşın xəstəlik tarixçəsini Tibbi-Sosial Ekspert Komissiyasına göndərmək lazımdır. Bu prosedur olmasa, vətəndaşa əlillik təyin etmək mümkün deyil”.
Son illər əlillik dərəcəsinin ləğvi ilə bağlı narazılıq çoxalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu saxta əlilliklə mübarizə ilə əlaqələndirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci ildə ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edildiyini bildirib.
Nazir 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edildiyini deyib.
Bu illər ərzində illərdə 7000-dən çox saxta əlillik təyinatı ləğv edilib.
Nazir həmçinin deyib ki, 2021-ci ildə bir nəfərin də əlilliyi nə kəsilib, nə də dayandırılıb.
Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edilib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
2021-ci ildə “Əlilliyin müəyyən olunması Meyarları”nda dəyişiklik edilib.
Son dəyişikliyə əsasən, əlillik orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.
I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi
II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi
III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi
Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.
2015-ci ildə qəbul olunan “Əlilliyin qiymətləndirilməsi qaydası” yalnız I, II və III qrupu əhatə edirdi.