Göyçay sakini: “Oğlumu narkotiklə şərləyərək həbs ediblər”

Narkotika. Foto: DİN

Şəlalə Məmmədova Göyçay Rayon Prokurorluğuna polislərlə bağlı şikayət ərizəsiylə müraciət edib

“Tanışının evində olarkən həmin evə polislər gəlib, evdə narkotik olub, oğlumu şöbəyə aparıblar, işgəncə veriblər ki, həmib narkotiki öz üzərinə götürsün, “butılka”yla hədələyəndə oğlum deyib, gətirin, nə yazsanız, qol çəkəcəm”.

Göyçay sakini Şəlalə Məmmədova Meydan TV-yə oğlu Elvin Məmmədovun şərləndiyini deyir. Onun sözlərinə görə, aprelin 5-də axşam saat 19 radələrində Elvin rayon sakini olan Nəriman adlı tanışının evinə gedib. Sonradan eşidiblər ki, Elvin polis şöbəsindədir:

“Oğlum Nərimanın evinə maşınını satmaq üçün gedib. Bu maşın satırdı, Nəriman da deyib, gətir baxım, xoşuma gəlsə, alacam. Nərimanı da elə həbsxanadan tanıyıb. Oğlum 4-5 il əvvəl narkotik istifadəçisi olduğuna görə həbs edilmişdi, 1 il cəza almışdı. Həmin vaxt Nəriman da eyni cəzaçəkmə müəssisəsində cəza çəkirmiş, eyni rayondan olduqlarına görə münasibətləri yaranıb, həbsxanadan sonra da davam edirdi. Ancaq oğlum 2 ildən çoxdur ki, narkotikdən istifadə etmirdi, o işlərdən uzaq idi. Evdən çıxan narkotik də Nərimanın olub. Polislər Elvini şöbəyə aparandan sonra özü şöbəyə gedib, deyib, adamın günahı yoxdur, narkotik mənimdir, buraxın adamı… Nərimanı tutsalar da, oğlumu buraxmayıblar”.

Elvin Məmmədov. Foto: Ailə arxivindən

Ana iddia edir ki, polis şöbəsində oğluna işgəncə verilib:

“Narkotiki boynuna qoymaq üçün başına, ayaqlarına vurublar. Aprelin 8-də Şəkiyə Penitensiar Xidmətin təcridxanasına aparılanda həkim müayinə edib, oğlumu qorxudublar deyə, deyib, guya küçədə dalaşıb. Təcridxanada vəziyyəti ağırlaşıb, 1 həftədən sonra mənə zəng vurdu, dedi, ana, vəziyyətim ağırdır, telefon otağına kamera yoldaşlarım qoluma girərək gətirib-aparır, məni polis şöbəsində iki polis taxtayla, 3-4 polis də dəyənəklə döyüblər”.

Aprelin 29-da daxili işlər naziri Vilayət Eyvazov Göyçay Polis Şöbəsində vətəndaşları qəbul edib. Şəlalə Məmmədova da nazirin qəbulunda olub:

“Göyçay polis şöbəsinin rəisi naziri aldatdı ki, guya Elvini yoldan tutublar. Halbuki, onu Nərimanın evindən tutub aparıblar. Nərimanın evinin yaxınlığındakı kameraların yaddaşında aprelin 5-nə aid olan görüntüləri siliblər. Özüm gedib baxmışam, açıq-aşkar görünür ki, silinib. Oğlumun başına gələnlər polis binasındakı kameralara da düşüb. Zəng edəndə dedi ki, ana, aprelin 5-də məni tez-tez döyüb yuxarı qaldırmaqları polis binasının içərisindəki kameralara düşüb. Dedi, ana, mənə qol çəkdirmək üçün “butılka” gətirdilər, dedilər, səni telefona çəkib hər yerdə yayacağıq. Bu, mənə ölümdən betər olardı”.

Şəlalə Məmmədova Göyçay Rayon Prokurorluğuna polislərlə bağlı şikayət ərizəsiylə müraciət edib.

Göyçay Rayon Polis Şöbəsi. Foto: DİN

Elvin Məmmədov hazırda Şəki Penitensiar Müəssisəsinin təcridxanasında saxlanılır. Şəlalə Məmmədova deyir, oğlu elə oradan ona zəng vuraraq polis şöbəsindəki işgəncələrə görə vəziyyətinin ağır olduğunu deyib.

Göyçay Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, aprelin 5-də keçirilmiş əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Nəriman Rəhimov, Qabil Pirəliyev və Elvin Məmmədov tutulub. Onlardan bükümlərdə heroin və psixotrop maddə olan metamfetamin götürülüb. Tutulanların hər birinə qarşı Cinayət Məcəlləsinin 234.4 (Nakotik vasitələrin və psixotrop maddələrin mütəşəkkil dəstə tərəfindən qanunsuz dövriyyəsi) maddəsiylə cinayət işi açılıb. Nəriman Rəhimov ifadəsində üzərindən aşkarlanan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla 200 manata aldığını bildirib. Cinayət işi üzrə istintaq Polis Şöbəsinin İstintaq Bölməsində davam edir. Şöbədən Şəlalə Məmmədovanın işgəncəylə bağlı dedikləri də təkzib olunub.

Ana səhifəBölgəGöyçay sakini: “Oğlumu narkotiklə şərləyərək həbs ediblər”