”Göstəriş verdilər ki, harda görsəniz sürüyün”

Evinin hər tərəfini prezidentlə ailəsinin şəkilləri bürüyüb. Havanisə Abdullayeva onlardan çox aşağı səviyyədə yaşasa da, Əliyevləri özünə ailəsi kimi yaxın bilir. Dediyinə görə, evi yoxdur, imkansızdır, amma əl açıb heç kimdən pul dilənmir, sadəcə vəzifəli şəxslər ara-sıra ona yardım edir. Ancaq dekabrın 14-də dilənçilik adı ilə Səbail Rayon Polis İdarəsinə aparılıb:

“İdarədə polis rəisi Əli İbrahimov mənə dedi ki, sən Səbail ərazisində kirayə qalırsan, bilirəm. Bu ərazidə qoymayacam səni gəzməyə. Komandirə də göstəriş verdi ki, bunu harda gördünüz sürüyə-sürüyə maşına basıb aparın. Niyə görə? Mən terroristəm, təxribatçıyam? Mən prezidentimi, onun xanımını dəstəkləyən adamam. Sənin haqqın yoxdur məni aparasan”

Havanisə xanım deyir ki, idarədə ondan 50 manat alıb, sərbəst buraxıblar. Xanım kirayədə oğlu ilə birlikdə yaşayır. Oğlu qaraciyər serrozudur. Havanisə Abdullayevanın 59 yaşı var. Təqaüd almaq üçün hələ 3 il gözləməlidir. Deyir, bir gün məmurlardan biri ona 100 dollar verərkən Samir adlı şəxs görüb və üzərinə bıçaqla hücum çəkib.

“Pulu verdim, ancaq qışqırdım. Qışqıranda səfirliyin polisləri gəlib məni 9-cu bölməyə gətirdilər. Günün bugünki günü də iş açılmır. Həmin Samir də Heydər Əliyevin ildönümündə orada idi. Çox hörmətli Əli müəllim, zəhmət çək, o işi gör. Mən o qədər bezdim ki, artıq intihar etmək dərəcəsindəyəm. Ancaq balama görə etmərəm. Oğlumu kim saxlayacaq? Kim mənə kömək edəcək? Sağ olsunlar, bir-iki nəfər kömək edir. Oğlum mənə deyir ki, ana, mən özümü səndən sonra öldürəcəm”.

Havanisə xanım istəyir ki, özünə aid evi olsun. Deyir, bu yaşında qulluğa da gedir, yenə getməyə razıdır, təki evi olsun.

Şikayətlə bağlı Səbail Rayon Polis İdarəsi zənglərə cavab vermədi.

DİN-dən Meydan TV-yə məsələni araşdıracaqlarını bildirdilər.

Ana səhifəVideo”Göstəriş verdilər ki, harda görsəniz sürüyün”