(Yazılmayan seçki gündəliklərindən)
Avropa demirik, bizimlə eyni statusda olan qonum-qonşuların azad, demokratik seçkilərinə baxanda xalq olaraq xəcalətdən canımızı qoymağa yer tapmırıq. Amma özümüzdən hara qaçasıyıq? Vətəndi, xalqdı, nə olur-olsun, sevərək bir ömür daşıyacağın dəyərlərdir…
Xalq, məsələn. Nə olub bizə? Kimdən əskiyik? Başqa xalqlar bizim başımıza gələnləri yaşasaydılar, çoxdan silinib getmişdilər. Amma biz hələ ayaqdayıq. Bizi dözümlü edənlərin sayəsində bu gün qaldığımız yerdən tərpənə bilməsək də, ağı qaradan seçə bilirik.
Olsun seçki. Ötən parlament seçkilərindən bir neçə saatlıq təəssüratımı “seçki gündəlikləri” ilə davam etmək qərarına gəlmişdim. Təzə bir şey yoxdu deyə hövsələm çatmadı. Həmin hissə arxivdə qalıbmış. Ölkənin ənənəvi seçki tragikomediyası və mənim personajlarım qüvvədə olmuşkən işıq üzü görsün istədim. Nə də olsa müəllif ürəyidir…
Arxa sıralardan görünməyən irəlilər
Fəttah Heydərovun seçicilərlə görüşündən təzə bir şey gözləmirdim. Heç ora niyə getdiyimi də indiyə qədər anlamıram. Görüş bu dəfə şəhərin mərkəzindəki müasir, nəhəng Mədəniyyət Evində deyil, şəhər kənarındakı Turizm və Otelçilik Məktəbinin darısqal zalında təyin edilmişdi. Bu üzdən xeyli büdcə işçiləri “yersizlik” üzündən “kor-peşman” geri qayıdırdılar. İqtidarın bununla nə göstərmək istədiyi məni düşündürmür. Əsas odur ki, Mədəniyyət Evinə getmək havayı idi, qalanı onsuz da təfərrüatdı.
Mən yolda taksi gözləyəndə yanımdan ölkənin məşhur restorançısı Xanlar ötüb keçdi. Onunla “görüş yerində” rastlaşanda Xanlar müəllim təəssüflə mənim bura gəldiyimi bilmədiyini dedi. Yoxsa götürərmişmi? Mən də bunu bilmədim. Hər halda sağ olsun ki, o boyda avtomobilin içindən yolun lap qırağına qonmuş qırx doqquz kiloluq məni görübmüş. Sürət də sürət idi ha! Prezidentlə qol-qola gəzən adama hansı yol polisinin “dur” deməyə cəsarəti çatar? Sevindiyimdən yola verdiyim iki manatı unudub üstəlik evə necə qayıtmaq qayğısından azad oldum. Çünki Xanlar müəllim daha dəqiq bilirdi ki, bura gəlirəmmiş.
Gecikən bizim üçün girişdə iki yanaşı stul qoydular. Nə yazıq ki, məşhur adamla “qonşuluq” xoşbəxtliyim beş-altı dəqiqə çəkdi. Deputatın baş qapıdan daxil olmasını müşayiət etmək üçün onu yuxarı çağırdılar və mən bayaq üzümü dalayan ani küləyin hardan-hara əsdiyini anladım. Bir şey yaxşı oldu ki, keyləşib tutulmasın deyə onun boş stuluna sınıq ayağımı uzatdım.
Bu ara mən və ətrafdakı digərləri səbəbkarın klassik musiqi ilə təqdim olunan deputatlıq fəaliyyətinə aid video görüntüləri izləyə bilmədik. Arxa sıralar irəlini görmək üçün münasib yer deyil. Amma musiqiyə söz ola bilməzdi. Arada hətta məni şirin mürgü də tutdu. Birdən harada olduğumu xatırlayıb ayıldım. Deputat və seçicilər Qəbələ xalqının firavan və xoşbəxt dolanışığından danışanda elə bildim hamı mənə baxır.
Rəhmətlik atam deyərdi ki, pulu olmayanın dərdi olmaz. Adamın özünü xoşbəxt hesab etməsi xoş hissdir. Amma həmin bu salonun yuxarısındakılar üçün eyni hisslərin keçərli olmaması məni kədərləndirdi. Yazıqlar hətta bu klassik anlarda harasa qoyulacaq hansısa mürəkkəb rəqəmlərin hesabını aparmağa məcburdurlar. Ehh, sərvətin, vəzifənin də belə əzab-əziyyətləri var. Canım atam, nə yaxşı ki, bizə adından savayı bir miras qoyub getmədin və özümüz də şükür, gündəlik çörəkdən bir addım o yana gedib çıxmadıq. Bu hissə necə qapıldımsa, natiqlər rayonumuzda işsizliyin, ehtiyacın yoxsulluğun sıfıra endiyini, son illərdə səkkiz min iş yerinin açıldığını nağıl edəndə qələm əlimdən düşdü.
Mürəkkəbi qurumuş yadigar qələmi tapıb aradan çıxanda 95-ci ildən bəri Qəbələdə əhalinin sürətlə artaraq yüz mini haqladığını duydum. Ayağı düşərli olubmuş deputatın. Hərçənd bu hakimiyyətin dövründə başqasını görmədik. Olsun, nə fərq edər ki? Bizim əhalinin maddi-mənəvi sosial rifahı qalxdımı, daşdan konfet düzəldər…
Piyada yola düzəlib xeyli getmişdim ki, allah bir minik yetirdi. Tanış məmur tədbirdən oğurlanıb pişik azdırmaqdan gəlirmiş. Bir də rastına mən çıxmışam. Oturmağımla deyinməyə başlaması bir oldu. Ay nə bilim, dolanışıq çətinmiş, üstəlik pişiyə də yemək çatdırmaq olmurmuş, hamı elə bilir onlar kef çəkir, amma allah bilir nə çəkirlər və sair. Dedim, narahat olmayın, mən sizin nə çəkdiyinizi lap yaxşı bilirəm, amma çarə yoxdu, birtəhər çəkin, getsin.
Hardan gəldiyimi nə o soruşdu, nə mən dedim. Adamlar bir-birindən tez qurtulmaq istəyəndə ürəklərindən keçəni deyil, ağızlarına gələni danışırlar.