“Görünür, 20 Yanvar şəhidlərinə ad verilməsi, bəzi məmurlara sərf etmir”

Foto: Meydan TV

20 Yanvar hadisələrində yaxınlarını itirən bir qrup şəxs aksiya keçirib

Avqustun 12-də 1990-cı il 20 Yanvar hadisələri zamanı həlak olanların yaxınları Şəhidlər Xiyabanında aksiyaya cəhd ediblər.

Aksiya zamanı onları Səbail Rayon Polis İdarəsinin rəhbər şəxsləri müşahidə edərək, şikayətlərini müvafiq orqanlara çatdıracaqlarını vəd ediblər.

Aksiyaçılar jurnalistərə 20 yanvar hadisələri zamanı həlak olanlarla bağlı prezidentin 2 fərmanının icra olunmadığını deyiblər.

Aksiya iştirakçılarından Maral Zamanova atası Əliyusif Qocamanovun 32 il əvvəlin hadisələri zamanı həlak olduğunu xatırladıb. O deyib ki, 1998-ci ilin dekabrın 29-da prezident hər bir 20 Yanvar şəhidinə fəxri adın verilməsi haqda fərman imzalasa da, indiyə qədər deyilənlər kağız üzərində qalıb.

Maral Zamanovanın sözlərinə görə, ötən 24 ildə fərmanda göstərilənlərə əsasən onlara heç bir sənəd və döş nişanı verilməyib:

“Düzdür, nazir Sahil Babayev 2020-ci ildə yenidən məsələni qaldırdı və mart ayında daha bir fərman imzalandı. Fərman Nazirlər Kabinetinə göndərildi ki, əsasnamə üzərində işlənilsin. Amma ötən 2 ildə Nazirlər Kabinetinə dəfələrlə müraciət etsək də, bizi eşitmirlər. Yaxud Prezident Administrasiyasına məktub göndərmişəm, cavab verirlər ki, məktubunuz itib, beləcə, bizi süründürürlər”.

Maral Zamanova. Foto: Meydan TV

“Hələ bir neçə il əvvəl, Baş nazir Əli Əsədov şöbə müdiri olanda, onun nümayəndəsi məni qəbul etdi. Atamın şəhid olmasından danışanda sual verdi ki, neçənci ildə rəhmətə gedib? Adama 20 Yanvar hadisələrindən bəhs edəndə, yenə soruşdu ki, hərbçiydilər… Gördüm ki, bu adamın hadisələr barədə anlayışı yoxdur. İrad da tuta bilmədim, çünki kiminsə yaxınıdır, otuzduriblar vəzifədə, başqa nə deyim, məktubumu verib, çıxdım”,- deyə Zamanova əlavə edib.

Maral Zamanova son illərdə Prezident Administrasiyasının Qəbul Şöbəsində də olduqlarını söyləyib:

Foto: Meydan TV

“Bu qurum açılanda sevindik ki, bizi dinləyərlər. Prezidentin köməkçisi Kərəm Həsənovun qəbulunda oldum. Bilirsiniz, biz hara gedirik, ölüm kağızını təqdim edirik, onunla sübut edirik ki, şəhidimiz var, adi insan kimi. Yaxud həmin hadisələrdə əlil olan insanlar sənədləşmədə məişət əlili kimi qeydə alınıb. Məgər, onlar futbol oynayanda yıxılıblar? Bu adamlar bədənlərində gülləylə gəzirlər. Hətta bizə 20 Yanvar hadisələrinin öldönümündə xiyabana yaxınlaşmağa icazə vermirlər. Bəli, ulu öndər Heydər Əliyevin vaxtında hörmət var idi, bunu danmırıq…”.

20 Yanvar hadisələrində həyatını itirən Anar Məmmədovun atası Hilin Məmmədov 32 il əvvəlki hadisələrin tarixdən silinməsinə cəhdin olduğunu deyib:

Foto: Meydan TV

“Baxın, bu böyüklükdə xiyabanda uyuyan insanları tarixdən silmək olar? Hələ də onlara ad verməyiblər. Məsələn, yerli icra hakimiyyətində 20 Yanvar şəhidinin ailəsindən olduğumuzu deyəndə, çox laqeyd yanaşırlar, sanki belə hadisə olmayıb. Ona görə ad verilsə, bilinər ki, onlar kimdir”.

Hadisə zamanı həlak olan İlkin Cavanşirovun xalası isə bildirib ki, bacısının gözləri görmür:

“Pensiya üçün 1 saylı ploklinikaya müraciət etdik, 2 min manat istədilər, şikayət etmədiyimiz yer qalmadı…”.

Ziyafət Rüstəmova oğlu Rövşən Rüstəmovun hadisə zamanı 32 güllə yarası aldığını söyləyib:

“Ailəmizdən 3 şəhid var, 1993-c ildə qardaşım, ardınca da əmimin övladı itkin düşüb. İndi baxın, bu qədər şəhidi olan ailəyə belə də hörmətsizlik olar? Prezident fərman veribsə, yerinə yetirin də. Görünür, 20 Yanvar şəhidlərinə ad verilməsi, bəzi məmurlara sərf etmir. Yəqin ciblərinə ziyan olar yetim-yesirin çörək yeməsi. İstəsələr, belə olmazdı. Ulu öndər fərman imzalayıb, amma heç nə yoxdur. Bu adamlar prezidentin başını uca etmək istəmir”.

Ziyafət Rüstəmova. Foto: Meydan TV

Aksiya iştirakçılarından Mühəstə Həsənova həyat yoldaşını 20 Yanvar hadisəsində itirdiyini deyib:

“4 kicik uşaqla qaldım, 10 ildən sonra da 300 manat təqaud veriblər”.

O, bir ay əvvəl prezidentin köməkçiləri Natiq Əmirov və Kərəm Həsənovla görüşsə də, indiyə qədər reaksiya olmadığını bildirib:

“Natiq Əmirov bizə şikayətimizi Məşğulluq İdarəsinə göndərdiyini söylədi. Halbuki, biz iş istəmirik, şəhid ailəsi olduğumuzu təsdiqləyən vəsiqə tələb edirik. Amma hələ heç nə yoxdur”.

Milli Məclisdə hakim partiyanı təmsil edən deputat Hikmət Babaoğlu Meydan TV-nin aksiyada səsləndirilən ittihamlarla bağlı sorğusuna cavab verib.

Deputat bildirib ki, Azərbaycanda şəhid ailələri daima dövlətin diqqət mərkəzindədir:

“Onların qayğı və problemləri həll olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Ona görə də düşünürəm ki, şəhid ailələrinin hər hansı probleminin həlli üçün imzalanan fərmanlar varsa, orda əksini tapan məsələlər yerinə yetirilməlidir və yerinə də yetirilir”.

Hikmət Babaoğlu indiki vəziyyətdə məsələnin birdən-birə gündəmə gəlməsini bəzi məmurların vaxtında lazımı addımların atmaması ilə əlaqələndirib:

“Məncə, bu məsələ ciddi şəkildə araşdırılmalı və dövlət başçısının deyilən bütün fərmanlarının müddəaları yerinə yetirilməlidir. Şübhəsiz ki, müstəqilliyimiz uğrunda ilk şəhidlərimiz 20 Yanvar şəhidləridir. Onların dövlət və ictimai qayğı ilə əhatə olunması ən yüksək səviyyədə təmin edilib, bundan sonra da ediləcək”.

Yanvarın 20-si Azərbaycanda Matəm Günü kimi qeyd olunur.

32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ hərbi qüvvələrinin Bakıda dinc əhalini atəşə tutması nəticəsində 134 nəfər həlak olub.

Rəsmi məlumatlara əsasən, SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Məqsəd Azərbaycandakı kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanan əməliyyat “Zərbə” adlanırdı. Məlumatlara görə, əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Qoşunların Bakıya yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Nəticədə 134 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı. Daha 13 nəfər Neftçala və Cəlilabadda həlak olub.

Ana səhifəSosial“Görünür, 20 Yanvar şəhidlərinə ad verilməsi, bəzi məmurlara sərf etmir”