Dövlət Gömrük Komitəsinin və Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının əməkdaşları həbs olunub.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq çərçivəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin iki əməkdaşı – Zaur Haşımov və Fərrux Haqverdiyev, eləcə də mülki şəxs Fariz Məhərrəmov saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.
Eyni iş üzrə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə də tutulub. Onların hər biri barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.
İstintaq materiallarına görə, saxlanılan şəxslərə qaçaqmalçılıq, aksiz markası olmayan malların qanunsuz dövriyyəsi, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə ittiham elan olunub.
Bundan öncə həmin gömrük idarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da istintaq çərçivəsində saxlanılmışdı.
Saxlanılanlardan biri – Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.
Ümumi iş üzrə artıq 6 nəfər ittiham olunur.
İstintaq orqanları dövlətə dəymiş ziyanın 5 milyon manatdan çox olduğunu ehtimal edir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.