Gömrük Komitəsi: Gürcüstanla quru sərhədin açılması xəbəri təxəyyülün məhsuludur

“Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur”.

Foto: Meydan TV


Natiq Axundov: "Qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir"

Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.

“Report”a Dövlət Gömrük Komitəsindəki (DGK) mənbə məlumat verib.

Bildirilir ki, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib.

Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.

“Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur. Avtobusla gömrük-buraxılış məntəqəsinə daxil olan sərnişinlərin nəqliyyat vasitəsindən düşüb yoxlanışdan keçməsi qadağan ediləcək. Onlar elə avtonəqliyyat vasitəsində də yoxlanacaq. Amma piyada, fərdi qaydada keçid edən sərnişinlər isə xüsusi nəzarət altında yoxlamadan keçərək məntəqəni tərk edəcək. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik və əgər hər hansı dəyişiklik olmasa, sərhədlər iyunun 15-də açılacaq", – deyə mənbə qeyd edib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Natiq Axundov Meydan Tv-yə bildirib ki, iyunun 15-dən quru sərhədlərini açılması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir: “Sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir. Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur. Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə edirik”.

Ana səhifəSosialGömrük Komitəsi: Gürcüstanla quru sərhədin açılması xəbəri təxəyyülün məhsuludur