Göldən pul çıxaranlar… (VİDEO)

Qayıq sürüb günə 10-15 manat qazanan kəndlilər də digər rayonlardan, şəhərlərdən gələn ovçular üçün işləyirlər

Şabranda qamışlarla əhatələnmiş kiçik bir göl var.  Bura indi ətraf kəndlərdə yaşayan insanların qazanc yeridir.  Adamlar hər səhər saat 6-da qayıqlarla gölə çıxıb ov yerlərini tuturlar. Göldə quş ovlayan və qayıq sürən sakinlər səhər saat 6-dan gölə girib, axşam hava qaralanda çıxırlar. Hər gün quş ovlamaq ümidi ilə işə başlayırlar. Nə qədər çox quş ovlasalar, o qədər çox qazanc olacaq.

Qayıq sürüb günə 10-15 manat qazanan kəndlilər də digər rayonlardan, şəhərlərdən gələn ovçular üçün işləyirlər. Onlar üçün ovçuluğun əyləncəli tərəfi çoxdan öz əhəmiyyətini itirib. Bir tikə çörəkpulunun hayındadılar.  Ov zamanı da ən çox yorulan onlardır.

Qayıqçılar daha çox yaxın kəndlərdən gəlirlər. Hətta ov mövsümündən asılı olaraq ailəsinin qazancını, çörəkpulunu bu göldən çıxaranlar da var. Göldə qış mövsümündə nə qədər çox quş olarsa, qazanc da o qədər çox olar. Qazancları, güzəranları göldəki quşlardan asılı olan bu kəndlilər başqa işlərlə məşğul olmağa hazırdılar, amma iş olsa.

Artıq 25 ildir həm ovçuluq edən, həm də ovçulara qayıq sürüb çörəkpulu qazanan Zakir dayı bu gölün hər üzünü görüb: «Saat 5-də gəlirik. Ovçuluq saat 6-da başlayır. Quş çoxdursa, axşama qədər, hava qaralana kimi ovlamaq olur. Bu işlə məcburiyyət qarşısında məşğul oluruq. Başqa daha gəlirli, daimi işimiz olsaydı, məşğul olardıq. Əlacsızlıqdan gəlib, qayıqda avar çəkib günə 5-10 manat çörəkpulu qazanırıq».

Üç övlad atası Zakir dayının evləndirməli oğlu, köçürməli qızı var. Ancaq hər səhər «sabah bəlkə qəfil bir iş oldu, dünya düzəldi, ağgünə çıxdıq» – deyib qayığı daha dərinə, quşlar daha çox uçuşan tərəfə sürür…

Ana səhifəVideoGöldən pul çıxaranlar… (VİDEO)