“Go Europe”un rəhbəri “Avropada iş” adıyla adamları aldatmaqda ittiham olunur

“Lakin o, istintaqdan yayındığına görə ona ittiham elan etmək mümkün olmayıb”

Foto: Azərtac


Orxan İbrahimov haqqında qiyabi həbs qərarı çıxarıldı, axtarışa verildi

“Go Europe” şirkətinin rəhbəri Orxan İbrahimov haqqında axtarış elan edilib. O, 70-ə yaxın adamı Avropada işə düzəltmək adıyla aldadaraq, onların pulunu alıb aldatmaqda ittiham olunur.

Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Orxan İbrahimova qarşı Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin o, istintaqdan yayındığına görə ona ittiham elan etmək mümkün olmayıb. Bu üzdən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, axtarışa verilib.

Baş Prokurorluğun “Instagram” səhifəsində iyulun 1-də keçirilən “sual-cavab” adlı sessiya zamanı bir neçə vətəndaş “Go Europe”un rəhbərindən şikayətlənib. Bundan sonra həmin şəxslərin müraciətləri Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, araşdırmalar aparılıb və cinayət işi başlanıb.

Bu işlə bağlı araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Orxan İbrahimov və ya yaxınlarının bu ittihama münasibəti məlum deyil.

Nəsimi Rayon Məhkəməsindəki mənbə Meydan TV-yə bildirib ki, Orxan İbrahimov haqqında qiyabi həbs qərarı bu məhkəmədə çıxarılıb.

Ana səhifəSosial“Go Europe”un rəhbəri “Avropada iş” adıyla adamları aldatmaqda ittiham olunur