Onlar Rusiya ilə uçuşların bərpasını şirkətin deyil, dövlətin qərarı olduğunu deyirlər
Gürcüstanın əsas aviaşirkəti olan “Georgian Airways”in əməkdaşları xalqa açıq məktub ünvanlayıblar.
Məktubda bildirilir ki, aviaşirkətin əməkdaşları son zamanlar ünvanlarına səslənən təhqiramiz ifadələrdən, təhqirlərdən, təhdidlərdən beziblər.
Şirkətin insanların qəzəbinə tuş gəlməsinin səbəbi Rusiya və Gürcüstan hökumətlərinin razılaşması əsasında Tbilisi-Moskva reyslərinin bərpa edilməsidir.
Həmin reysin icrası “Georgian Airways”ə həvalə olunub.
Mayın 20-dən ilk reysin həyata keçirilməsi gözlənilir. Birbaşa uçuşların həftədə yeddi dəfə həyata keçiriləcəyi bildirilir.
Elə bu səbəbdən sosial şəbəkələrdə şirkət tənqidlərə tuş gəlib, insanlar uçuşların bərpasını qınayır:
“Aviaşirkətə qarşı çirkin kampaniya başlayıb, tamamilə əlaqəsiz yerə bizə zənglər edib, təhqirlər yağdırırlar. Ən çox ürək ağrıdan isə vətənpərvərlik hisslərimizə edilən hücumdur. Bizə satqın deyirlər. Sual verirlər ki, niyə Rusiyaya uçmağı planlayırsınız? Bütün bu əsassız ittihamların qarşılığında demək istərdik ki, dövlətlər arasında viza rejiminin yaradılması və ya ləğvi, hava hərəkətinin dayandırılması və ya bərpası heç bir aviaşirkətin səlahiyyətində olan məsələ deyil. Bunun qərarını dövlətlər, hökumətlər verir”, – şirkət əməkdaşları bildirir.
Müraciətdə daha sonra qeyd edilir ki, “Georgian Airways” siyasi təşkilat deyil, buna görə də siyasi qərarlar qəbul etmir:
“Biz gürcü xalqına xidmət göstəririk. Bizim bundan savayı bir siyasətimiz yoxdur. Ümid edirik ki, gürcü xalqı yaranan vəziyyətə düzgün qiymət verəcək, həqiqətin tərəfində dayanacaq”.
Gürcüstan Mülki Aviasiya Agentliyinin mayın 16-da verdiyi icazə ilə Gürcüstan Hava Yolları Şirkəti mayın 20-dən Tbilisi-Moskva reysini həyata keçirəcək.
Mayın 15-də isə Gürcüstan hökuməti Rusiyanın “Azimut” aviasiya şirkətinə Gürcüstana müntəzəm uçuşlar etmək üçün icazə verib.
Moskvadan Tbilisiyə ilk təyyarə mayın 19-da uçmalıdır.
Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya və Gürcüstan arasında birbaşa uçuşlara qoyulmuş qadağanı qaldırıb.
Mayın 15-dən Gürcüstan vətəndaşları Rusiyaya vizasız gedə bilir.
Bir müddət öncə Rusiya Nəqliyyat Nazirliyi açıqlamışdı ki, yerli aviaşirkətlər Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası üçün hazırlığa başlayıb.
Nazirlik Rusiya aviaşirkətlərinin Moskvadan Tbilisiyə həftədə yeddi birbaşa uçuş həyata keçirəcəyini bildirirdi.
Gürcüstan Prezidenti Salome Zurabişvili “Twitter” postunda Moskvanın qərarını “təxribat” adlandırmışdı:
“Birbaşa aviasiya nəqliyyatının bərpası və Gürcüstanla viza rejiminin ləğvi, Rusiyanın Ukraynaya qarşı müharibəsi və bizim torpaqlarımızın işğalı davam etdikcə Gürcüstan üçün qeyri-məqbuldur”.
Rusiya və Gürcüstan arasındakı birbaşa reyslər 2019-cu ildən dayandırılıb.
Gürcüstan hökuməti Rusiyanın uçuşların bərpası ilə bağlı qərarını dəstəkləyib.
Hakim “Gürcü arzusu” Partiyası bəyan edib ki, iki ölkə arasında birbaşa uçuşların olmamasına görə “milyonlarla gürcü” əziyyət çəkir.
“Gürcüstan ölkə iqtisadiyyatına ziyan vurulmaması üçün Rusiyaya qarşı sanksiyalar elan etməyəcək”, – partiyanın açıqlamasında bildirilir.
Hökumətin bu mövqeyinə baxmayaraq, Gürcüstan Prezidenti Salome Zurabişvili, ölkənin üç müxalifət partiyası, habelə Avropa İttifaqı və ABŞ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz bildiriblər.
Avropa İttifaqı onun üzvü olmaq istəyən Gürcüstana Rusiyaya qarşı aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb.
ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Gürcüstan Rusiyanın sanksiya siyahısında olan hava şirkətlərinin təyyarələrinə xidmət göstərərsə, Tbilisiyə qarşı ikincili sanksiyalar qoyula bilər:
“Qərb icması özünü bu qəddar rejimdən kənarlaşdırıb. İndi Rusiya ilə qarşılıqlı münasibətləri aktivləşdirməyin zamanı deyil”.
Daha öncə, 2023-cü ilin fevralında Avropa İttifaqı Gürcüstana xəbərdarlıq edərək bildirmişdi ki, Rusiya ilə birbaşa uçuşlar bərpa olunarsa, Tbilisiyə sanksiyalar tətbiq ediləcək.
Gürcüstan Rusiya ilə münasibətlərini Moskva 2008-ci ildə Cənubi Osetiya və Abxaziya ərazilərinə hərbi müdaxilə edəndən və bu iki separatçı bölgənin müstəqilliyini tanıyandan sonra kəsib.
Gürcüstan və dünyanın əksər ölkələri bu əraziləri Gürcüstanın tərkib hissəsi saymaqda davam edir.