Uçuşların həftədə yeddi dəfə həyata keçiriləcəyi bildirilir
Gürcüstan Mülki Aviasiya Agentliyinin mayın 16-da verdiyi icazə ilə Gürcüstan Hava Yolları Şirkəti mayın 20-dən Tbilisi-Moskva reysini həyata keçirəcək.
Gürcüstan yerli mediası yazır ki, birbaşa uçuşlar həftədə yeddi dəfə həyata keçiriləcək.
Mayın 15-də isə Gürcüstan hökuməti Rusiyanın “Azimut” aviasiya şirkətinə Gürcüstana müntəzəm uçuşlar etmək üçün icazə verib.
Moskvadan Tbilisiyə ilk təyyarə mayın 19-da uçmalıdır.
Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya və Gürcüstan arasında birbaşa uçuşlara qoyulmuş qadağanı qaldırıb.
Mayın 15-dən Gürcüstan vətəndaşları Rusiyaya vizasız gedə bilir.
Bir müddət öncə Rusiya Nəqliyyat Nazirliyi açıqlamışdı ki, yerli aviaşirkətlər Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası üçün hazırlığa başlayıb.
Nazirlik Rusiya aviaşirkətlərinin Moskvadan Tbilisiyə həftədə yeddi birbaşa uçuş həyata keçirəcəyini bildirirdi.
Gürcüstan Prezidenti Salome Zurabişvili “Twitter” postunda Moskvanın qərarını “təxribat” adlandırmışdı:
“Birbaşa aviasiya nəqliyyatının bərpası və Gürcüstanla viza rejiminin ləğvi, Rusiyanın Ukraynaya qarşı müharibəsi və bizim torpaqlarımızın işğalı davam etdikcə Gürcüstan üçün qeyri-məqbuldur”.
Rusiya və Gürcüstan arasındakı birbaşa reyslər 2019-cu ildən dayandırılıb.
Gürcüstan hökuməti Rusiyanın uçuşların bərpası ilə bağlı qərarını dəstəkləyib.
Hakim “Gürcü arzusu” Partiyası bəyan edib ki, iki ölkə arasında birbaşa uçuşların olmamasına görə “milyonlarla gürcü” əziyyət çəkir.
“Gürcüstan ölkə iqtisadiyyatına ziyan vurulmaması üçün Rusiyaya qarşı sanksiyalar elan etməyəcək”, – partiyanın açıqlamasında bildirilir.
Hökumətin bu mövqeyinə baxmayaraq, Gürcüstan Prezidenti Salome Zurabişvili, ölkənin üç müxalifət partiyası, habelə Avropa İttifaqı və ABŞ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz bildiriblər.
Avropa İttifaqı onun üzvü olmaq istəyən Gürcüstana Rusiyaya qarşı aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb.
ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Gürcüstan Rusiyanın sanksiya siyahısında olan hava şirkətlərinin təyyarələrinə xidmət göstərərsə, Tbilisiyə qarşı ikincili sanksiyalar qoyula bilər:
“Qərb icması özünü bu qəddar rejimdən kənarlaşdırıb. İndi Rusiya ilə qarşılıqlı münasibətləri aktivləşdirməyin zamanı deyil”.
Daha öncə, 2023-cü ilin fevralında Avropa İttifaqı Gürcüstana xəbərdarlıq edərək bildirmişdi ki, Rusiya ilə birbaşa uçuşlar bərpa olunarsa, Tbilisiyə sanksiyalar tətbiq ediləcək.
Gürcüstan Rusiya ilə münasibətlərini Moskva 2008-ci ildə Cənubi Osetiya və Abxaziya ərazilərinə hərbi müdaxilə edəndən və bu iki separatçı bölgənin müstəqilliyini tanıyandan sonra kəsib.
Gürcüstan və dünyanın əksər ölkələri bu əraziləri Gürcüstanın tərkib hissəsi saymaqda davam edir.