Generalın uşaqlarının Almaniyaya qaçırılmasına görə cəza tələbi

Həm generalın uşaqlarının ölkədən çıxarılması, həm də 60 min manatının oğurlanmasına görə 2015-ci ildə 12 nəfər cəzalandırılıb – bir hissəsi şərti cəza ilə, digərləri isə 8 ilədək həbslə.

Source:


Prokuror təqsirləndirilən şəxsin 5 il 8 ay həbs edilməsini istəyir

General-mayor, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Emin Şəkinskinin dörd qızının ondan icazəsiz Azərbaycandan qaçırılıb Almaniyaya aparılması və orada sığınacaq almasından 5 il keçsə də, bununla bağlı məhkəmə araşdırmaları hələ də davam edir. Həm generalın uşaqlarının ölkədən çıxarılması, həm də 60 min manatının oğurlanmasına görə 2015-ci ildə 12 nəfər cəzalandırılıb – bir hissəsi şərti cəza ilə, digərləri isə 8 ilədək həbslə. Həbs olunanların da bəziləri artıq azadlığa buraxılıb. Lakin onlar cəzalandırılanda bu işə görə bir neçə nəfər axtarışa verilmişdi. Onların arasında generalın qaynı Fərid Yusub, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev də vardı.

F.Yusub 2017-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana təhvil verilib və Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İyunun 3-də məhkəmədə prokuror çıxış edərək, ona 5 il 8 ay azadlıqdan məhrumetmə cəzası istəyib. F.Yusub ev dustaqlığındadır. Ona görə də prokuror onun məhkəmə zalından həbs olunmasını istəyib.

Məhkəmə iyunun 11-də davam edəcək, həmin gün vəkili çıxış edəcək, özü son sözünü deyəcək.

İttihama əsasən, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul götürüb, onun və uşaqlarının ölkədən qaçmasına yardım edən dəstə üzvlərinə verib. Düzəldilən saxta sənədlər vasitəsilə Gülnarə Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar sərhədi qanunsuz keçərək, Gürcüstana, oradan da Almaniyaya gediblər.

Təqsirləndirilən şəxslər oğurluq, sənəd saxtakarlığı, sərhədi qanunsuz keçmə və başqa əməllərdə ittiham olunur.

F.Yusub özünü təqsirli bilmir, bacısı və uşaqları Azərbaycandan gedərkən ölkədə olmadığını deyir. Bildirir ki, 2008-ci ildən Azərbaycandan gedib. Hadisə isə 2014-cü ildə olub.

Oğurluq ittihamına gəlincə, qardaşının sözlərinə görə, 60 min G.Şəkinskayanın pulu olub, onun özü də öz pulunu xərcləyib.

E.Şəkinski bu iş üzrə zərərçəkmiş qismində tanınıb və istintaqda da dindirilib.

Ana səhifəXəbərlərGeneralın uşaqlarının Almaniyaya qaçırılmasına görə cəza tələbi