Generalın evindən bir çamadan qızıl oğurlayana 9 il iş istənilib

Dövlət ittihamçısı təqsirləndirilənin məhkəmə zalından həbs edilməsini tələb edib

Source:


Dövlət ittihamçısı təqsirləndirilənin məhkəmə zalından həbs edilməsini tələb edib

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, general-mayor Qambay Əliyevin evindən oğurluq etməkdə günahlandırılan Sədaqət Məmmədovanın məhkəmə istintaqı yekunlaşıb.

Azadlıq Radiosunun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli bir çamadan qızıl-zinət əşyaları və pul oğurlamaqda suçlanan qadına 9 il həbs cəzası istəyib. O, Sədaqət Məmmədovaya CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə verilmiş ittihamın sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı hazırda ev dustaqlığında olan S.Məmmədovanın məhkəmə zalından həbs olunmasını istəyib.

Sentyabrın 27-də davam edəcək məhkəmədə S.Məmmədova son sözünü deyəcək.

İttiham aktına görə, hadisə Q.Əliyevin anası Böyükxanım Əkbərovanın adına olan evdə baş verib. Sədaqət Məmmədova o evdə xidmətçi olmaqla yanaşı, gecələr Böyükxanım Əkbərovaya da baxır və söylədiyinə görə, buna görə ayrıca pul alırmış. Oğurluq onun adına olan mənzildə baş verdiyindən, B. Əkbərova cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. Amma o, bir müddət öncə dünyasını dəyişib. İndi zərərçəkmişin hüquqi varisi qismində Qambay Əliyev tanınıb.

Sədaqət Məmmədova hadisədən bir neçə gün sonra həbs olunub. Onun haqqında ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib. Amma sonradan qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Qadın özünü təqsirli bilmir və oğurluqdan xəbərsiz olduğunu söyləyir.

Səqadət Məmmədova məhkəmədə deyib ki, evdən əşyaları və pulu generalın öz yaxınları oğurlayıb, bunu Qambay Əliyev özü də bilir.

Sədaqət Məmmədova məhkəmədə Q. Əliyevin özünün də iştirakı haqda vəsatət qaldırmışdı. Amma general məhkəməyə gəlməkdən imtina edib.

S. Məmmədova məhkəmədə oğurluğu boynuna götürməsi üçün Nəsimi Rayon Polis İdarəsində ona işgəncə verilməsindən danışıb. Qadının dediyinə görə, ondan generalın qızı ilə kürəkəninin adını hallandırmamağı tələb ediblər. Ev qulluqçusunun sözlərinə görə, həbsxanada olarkən, generalın qızı Sevinc Əliyeva onun yanına gəlib, 150 min manat təklif edib ki, onun həyat yoldaşının adını çəkməsin. Ardından onun barəsində həbs-qətimkan tədbirini dəyişib ev dustaqlığına buraxıblar.

Ana səhifəXəbərlərGeneralın evindən bir çamadan qızıl oğurlayana 9 il iş istənilib