Gəncin qarşısında susan ağsaqqal…

Iyirmi iki yaşım var, amma bu vaxta qədər…

Source:

Çox vaxt xalqın etiraz etməməsindən, susmasından, haqsızlığa boyun əyməsindən danışırıq. Amma diqqətli olsaq görərik ki, xalq hər dəqiqə nəyəsə etiraz edir, nəyəsə qarşı çıxır. Bir cəmiyyətdə nəyə etiraz olunursa, bu etirazlar həmin cəmiyyətin təfəkkürünə, maraqlarına bağlıdır.

Məsələn, bu ölkədə bir kinoteatrın illərlə boş qalmasına cəmiyyətin etirazını görə bilmərik. Amma həmin kinoteatr binasının qarşısında bir qadın məlum “əxlaqlı geyim” etikasından fərli bir geyimdə görünsə, mütləq kənardan keçən insanlar narahatlıq hissi keçirəcək. İkinci dəfə belə bir hadisə təkrarlansa, insanlar artıq buna ciddi etiraz edəcək, deyinəcək, lazım gəlsə, o qadını daşlayacaq. Hətta biri çıxıb deyəcək ki, günümüz qara olub, mədəniyyət ocağının qabağında milli dəyərlərimiz ayaqlanır.

Telekanallarımız haqqında kifayyət qədər yazılar oxumuşam, hər bir yazıda öz növbəsində bir etiraz var. Amma çox az hallarda məsələnin əsl tərəfəninə etiraz görürəm. Ənənəvi olaraq, kanallarda “əxlaq” qaydalarının pozulmasına etiraz olunur. Söyüş söyülsün, həmin an xalq buna etiraz edəcək, eyni zamanda geyim və.s bunun kimi dırnaqarası əxlaq mövzularına.

Amma bir dəfə görmədim ki, illərdir xəbər proqramlarında bizə sırınan yalanlara, daha doğrusu əsl əxlaqsızlığa kütləvi olaraq etiraz olunsun. Bununla bərabər toy abuhavasında olan digər verilişlərə qarşı. Əslində həmin toy abuhavalı verilişlər xalqın dilindən desək uşaqların baxması üçün ən idealdır.

Məsələn bir məktəbdə müəllim  şagirdə qarşı hər şey edə bilər: rüşvət alar, dərs keçməz, vurar, təhqir edər amma həmin müəllimdigər dırnaqarası əxlaq mövzularına toxunsa, aləm dəyər bir-birinə.

Ölkədə milyonlarla yeyinti olur, illərdir buna etiraz etmək lazım olduğu xalqa, nədənsə, təsir etmir.

Müxtəlif bəhanələrlə bundan boyun qaçırırlar amma hansısa restoranda stola hesab artıq gəlsə, bu millət üçün haqqının tapdalanmağı, ədalətsizlik, aldanmaq nə qədər qəbuledilməz olduğunu o restoranın həyətində hiss edərik. İnsanlar etirazın pik nöqtəsinə çatıb hətta bir-birini öldürə bilərlər. Həmin an adam düşünür ki, bu xalq haqqını heç vaxt taptalatmaz, bu xalq hər şeyə etiraz edə bilər. Amma biz bunu heyf ki, restoranlarda görürük.

Bizim ölkənin küçələri etirazla doludur. Hara baxsan qarşına aqressiv, kinli, əsəbi, narazı insanlar çıxar.Həmin insanları heç vaxt küçəni zibilliyən biri incitməz, amma öpüşən kəsləri görsələr başlarından ağrı qalxar. Bizim insanların hər günü etirazla keçir, məncə ona görə böyük kəşflər edə bilmirik. Başımız etirazlara qarışır.

Cəmiyyətdə ən böyük etirazlar öz çərçivəyə saldıqları həyatadır. Onların etirazı beyinlərinin küncündə iylənib qalmış həyat qanunlarınadır. Onlar özləri özlərini yeyib bitirir. Özlərini bir qəfəsə atıblar, hansı ki, orada çabalayıb qocalırlar və bir də ayılırlar ki, ölüm qapının astanasındadır, baxmayaraqki, hələ də həyatlarını qurban verdikləri düşüncələrini yenə bilməyiblər.

Düşünün, günün yarısından çoxunu evdə keçirən qadınlarımız qeybətlə silahlanmasa bizim mətbəximiz qədər zəngin ikinci mətbəx tapılardımı?! Bizim cəmiyyətin ən böyük kəşfi qeybət olub, onu müxtəlif növlərdə mənimsəyib nəsildən-nəsilə ötürmək kimi bir borcları var. Mətbəxinin zəngin olması heç bir xalqa lazım deyil, amma bizim xalqı qeybətdən, boşluqdan xilas edəcəksə, bizə lazımdır. Ən azı bilmək olar ki, ortada bir iş var.

Mən burada xalqı ciddi narahat edən və ciddi şəkildə xalqın etirazına səbəb olan hadisələri izzah etməyə çalışdım. Hamımızın bildiyi bir həqiqət var ki, xalq belə olmaqda sistemin qurbanı olub.

Hər bir problemimizin minlərlə amması olduğu kimi burada da bir amma çıxır ortaya. Görünən odur ki, belə yaşamaq xalq üçün daha sərfəli və daha rahatdır. Hakimiyyətin işi onda asanlaşıb ki, bizim xalq öz bədbəxtliyini sevir və ölənə qədər onun çərçivəsindən çıxa bilmir.

Dünyada baş verən heç bir hadisə onları ciddi maraqlandırmır, ölkədə olan heç bir qanunsuzluq onları ciddi narahat etmir. Xalqın başı öz qanunlarına qarışıb və lazım gələndə o qanunları pozanlara qarşı çıxa bilirlər.

Ən ciddi işləri gənclər görməlidirsə, bizim cəmiyyətdə gənc elə birinci ailədə sındırılır. Böyükdürsə, demək düz deyir, böyükdürsə, onun qarşısında susmalısan. İyirmi iki yaşım var, mən hələ də bu ölkədə gənci sonacan dinləyə bilən, onun qarşısında susmağı bacaran bir ağsaqqal insan görmədim. Bu qədər oxu, əziyyət çək, iş gör, həqiqətin arxasınca get, haqqını müdafiə et və birdən bir ağsaqqal ortaya çıxıb sənə qarşı “uşaqsan” deyib, etiraz etsin. Onlara anlatmaq olmur ki, bizim bədbəxtliyimizin kökündə sizin bu mənasız etirazlarınız durur.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ana səhifəMənim FikrimcəGəncin qarşısında susan ağsaqqal…