“Partlayış olan bina sanki yer yarılıb içinə girib”
“Ev yeni təmirdən çıxmışdı. İçində heç bir gün də yaşamamışdıq. Partlayışdan sonra xaraba qaldı”.
Bunu Meydan TV-yə Gəncə şəhər sakini İlahə Adıgözəlova deyir. Bildirir ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən şəhərə endirilən raket mərmisi nəticəsində İnşaatçılar küçəsi, mənzil 7 ünvanında yerləşən evinə ziyan dəyib:
“Ev bacımındır, o, Rusiya vətəndaşıdır, burada yaşamır. Səhər zəng etdi ki, xəbərin var, gecə “Arena”çay evinin yanına raket mərmisi düşüb. Ətrafda olan evləri dağıdıb. Qaçaraq taksiyə minib bura gəldim. Evə girəndə gözlərimə inanmadım, bütün pəncərələr sınıb-tökülüb. Həyətin çardağı uçub, qapı-baca dağılıb. Səkkiz ədəd üçgözlü aynalar qırılıb. Qapılar dağılıb. Həyətdə çardağın tavan hissəsi uçub”.
İlahə Adıgözəlova deyir ki, hadisə zamanı şəhərdə olan telekanallardan evində çəkiliş aparmağı xahiş edib:
“Deyirəm ki, gəlin, görün evim nə vəziyyətə düşüb. Çəkiliş aparın, ölkə başçısı görsün ki, dişimiz-dırnağımızla düzəltdiyimiz ev nə haldadır. AzTV-nin müxbiri üzümə baxıb, gözünü döyür. Hətta cavab da vermədi. Əgər çəkiliş etmirlərsə, biz prezidentə sözümüzü necə deyək? Evimiz hadisə baş verən yerdən təxminən 20 metr aralıda yerləşir. Bu ərazidə olan evlərin hamısı ziyan görüb. Partlayış olan bina isə sanki yer yarılıb içinə girib”.
“Qarşıdan qış gəlir, yağış-qar evin içinə dolacaq”,- deyən şikayətçi fərdi mənzillərinə dəyən ziyanın ödənilməsini istəyir:
“Evə təxminən 5 minə yaxın ziyan dəyib. İcra Hakimiyyətindən üç nəfər gəldi, evə baxış keçirib, yazıb getdilər. Yazmaq mənim nəyimə lazımdır? Bacımın evi yeni təmirdən çıxıb, içərisində yaşamamışıq. Allah ermənilərin belini qırsın. Belə zülm, vəhşilik olar? Mənim 70 yaşım var. Gecə yatdığım yerdə evimi başıma uçururlar. Prezidentə yalvarıram, işğalda olan torpaqlarımızı son qarışınadək azad etsin. Şəhərdə bu boyda genişmiqyaslı hadisə olub, başçı yoxdur. Müavinindən soruşuram ki, icra başçısı hanı? Deyir ki, yerində. Deyirəm ki, ilin-günün bu vaxtında başçı da yerində oturar? Millət burdadır, başçı yoxdur. Dedim ki, mənə başçı lazımdır, müavinini neynirəm?”
Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Gülnar Rzayeva Meydan TV-yə bildirib ki, zərərçəkən vətəndaşlar hazırda müvəqqəti olaraq, yataqxanaya yerləşdiriliblər:
“Vətəndaşların təhlükəsizliyi baxımından yataqxananın adını açıqlamaq istəmirik. Tam təmirli müasir şəraiti olan yataqxanadır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da müsahibəsində bildirdi ki, həmin insanlara evlər tikilib veriləcək, ziyan görən evlər isə təmir olunacaq. Təbii ki, buna müəyyən bir vaxt lazımdır. Dövlət tərəfindən bu məsələ həll olunacaq”.
Ermənistan silahlı qüvvələri oktyabrın 5, 11 və 17-də Gəncə şəhərinin mülki əhalisinin yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub.
Oktyabrın 5-də Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” deyilən əraziyə və mərkəzi bazara raket atılması nəticəsində 1 nəfər dinc sakin həlak olub, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki təyinatlı binalara və şəhər infrastrukturuna külli miqdarda ziyan dəyib.
Oktyabrın 11-də gecə saat 2 radələrində ermənilər ikinci dəfə Gəncəni raket atəşinə tutub. Nəticədə 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Təhsil Nazirliyinin məlumatına görə, Gəncədə yaralanan uşaqlardan 2-si ikinci, 2-si üçüncü, digərləri isə 4, 6, 7, 10 və 11-ci sinif şagirdləridir.
Oktyabrın 16-dan 17-nə keçən gecə ermənilər şəhərin mərkəzinə Cenevrə konvensiyası ilə qadağan olunmuş “Elbrus” ballistik raketi atıb. Ərazidəki yaşayış evlərinə və mülki obyektlərə böyük ziyan dəyib. Nəticədə 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.
Baş Prokurorluğun son məlumatına görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetrilib, 292 nəfər isə yaralanıb.