"Başımıza niyə oyun açırsız?"
Ötən ilin iyulunda Gəncədə icra başçısının güllələnməsindən sonra keçirilən etiraz aksiyasında iki polis polkovnikinin ölümündə ittiham olunan 8 nəfərin haqqındakı hökmdən apelyasiya şikayəti verilib. Bu iş üzrə apelyasiya məhkəməsi dekabrın 4-nə təyin olunsa da, keçirilməyib. Təqsirləndirilən şəxslərdən Abbas Abbasovun vəkili prosesə gecikib və qısa müddətdə çatacağını söyləyib. Lakin Gəncə Apelyasiya Məhkəməsinin hakimləri gözləməyib və məhkəmə prosesinin dekabrın 20-nə təxirə salındığını elan ediblər. Valideynlər bu qərara etiraz ediblər.
Məhkəmə zalından çıxarılan valideynlər etirazlarını Bakı Apelyasiya Məhkəməsinin qarşısında davam etdiriblər. Hakimlərdən biri validenlərin qarşısına çıxıb.
"Siz bilirsinizmi biz nə zülmlə Bakıya gəlib-gedirik? Bizi niyə yollarda qoyursuz? Məhkəməni təyin eləmisiz, niyə keçirmirsiz? Niyə başımıza oyun açırsız?" – deyə valideynlər etirazlarını hakimin özünə bildiriblər.
Hakim Salman Hüseynov valideynlərin suallarına cavab verməyib və çıxıb gedib.
Gəncə məhbuslarının yaxınları "qaçmayın, suallarımıza cavab verin, ilyarımdır biz zülmdəyik", – deyərək etirazlarını davam etdiriblər.
Məhkəmə icraçıları və polislər onları Bakı Apelyasiya Məhkəməsinin həyətindən uzaqlaşdırıblar.
Məhkəmə prosesi dekabrın 20-də davam edəcək.
Bu qrupda təqsirləndirilən şəxslərin sayı 8 nəfər olsa da, hazırda onlardan 6 nəfəri sağdır. İki nəfərdən Rəşad Böyükkişiyev (aksiyada polkovnikləri xəncərlə öldürməkdə ittiham olunan) iyulun 12-də Şəmkir yaxınlığında öldürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilən Eşqin Quliyev isə oktyabrda Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Digər təqsirləndirilən şəxslər – Oqtay Hüseynzadə və Ürfan Məmmədov 18 il, Rauf Bayramov 9 il, Hüseyn Bayramov 2 il, Abbas Abbasov və Elşən Məmmədov isə 7 il azadlıqdan məhrum edilib. Onlar qəsdən adam öldürmə, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və s. cinayətlərdə ittiham olunurlar. Lakin özlərini təqsirli bilmir və ittihamların uydurma olduğunu deyirlər. Bildirirlər ki, sadəcə, Rəşad Böyükkişiyevi tanıdıqlarına, onunla əlaqələri olduğuna görə cəzalandırılıblar. Onlar həmçinin həbsdə ağır işgəncələrə məruz qaldıqlarını deyirlər.