Gəncə hadisələrinə baxış – Qaranlıq suallar

Sonra nə baş verdi? Aksiya başlayan kimi kriminal aləmdə tanınan Rəşad Böyükkişiyev iki polis zabitini amansızcasına qətlə yetirdi.

Source:

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd oldu. Yunis Səfərov adlı şəxs hadisə ilə bağlı təqsirli bilinərək saxlanıldı. Sonra isə saxlanılan şəxsin işgəncəyə məruz qalmasını əks etdirən fotogörüntülər sosial şəbəkələrdə yayılmağa başladı.

Daxili İşlər Nazirliyi öncə bunu inkar etsə də, polis idarəsindəki etibarlı mənbələrdən əldə olunan məlumatlar əsasında müəyyənləşdi ki, işgəncə prosesini Gəncə Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun qohumu və güvəndiyi şəxs, eyni zamanda həmin idarənin cinayət axtarış şöbəsinin rəisi polkovnik-leytenant Sərxan İsmayılov və həmin idarənin baş əməliyyat müvəkkili Qorxmaz İbrahimov həyata keçiriblər. Döyülmə anlarını şəxsən öz telefonu ilə çəkən Sərxan İsmayılov bu kadrları güllələnmiş Elmar Vəliyevin oğlu Elmir Vəliyevə və onların bəzi qohumlarına göndərib.

Yunis Səfərovun fotosunu çəkərkən
Yunis Səfərovun fotosunu çəkərkən

Sonradan bu fotolar çoxalaraq sosial şəbəkələrdə yayıldı. Yayılan fotolar sadə insanları qorxutmaq məqsədindən başqa həm də, güc strukturlarının nümayəndələrinə qarşı nifrət və hiddət yaratmışdı. Məhz bunun nəticəsi idi ki, iyul ayının 10-da axşam saat 20 radələrində Gəncə İcra Hakimiyyəti binasının önünə toplaşanlarlar oldu.

Sonra nə baş verdi? Aksiya başlayan kimi kriminal aləmdə tanınan Rəşad Böyükkişiyev iki polis zabitini amansızcasına qətlə yetirdi. Bu şəxsin dəfələrlə cinayət törətdiyi haqda (öz anasının başını kəsdiyi deyilir) məlumatlar yayılıb. Həmin xəbərlərə görə, bir neçə il həbs yatıb, azadlığa çıxdıqdan sonra quldurluq və soyğunçuluq maddələri ilə 2 il axtarışda olub (Gəncə Şəhər Polis İdarəsi onun haqqında axtarış elan etmişdi) və axtarışda ola-ola təxminən 7 ay əvvəl Göygöl rayonunun Yeni Qızılca qəsəbəsində kriminal aləmin digər üzvləri arasında silahlı toqquşmada iştirak edib.

Maraqlıdır, Göygöl Rayon Polis İdarəsi tərəfindən bugünə kimi axtarışda olan Rəşad Böyükkişiyev necəsə aksiyaya qatıla bilir və insanların gözü qarşısında, polisin müşayiəti ilə (müdaxilə olunmadan) 2 nəfər yüksəkçinli polis zabitini xəncərlə qətlə yetirir.


Gəncə Şəhər Polis İdarəsinin rəisi Faiq Şabanovun izahat verməyə borclu olduğu məqamlar

Məlumata görə, Yunis Səfərov bir iş öncə – 22 iyun, 2017-ci ildə Gəncənin Kəpəz rayon ərazisində yerləşən “Kapital Bank”da mühafizəçiyə zor tətbiq etməklə odlu silah əldə edib. Nə üçün indiyədək bu cinayəti törətməkdə şübhəli bilinən şəxslə bağlı zəruri tədbirlər görülməyib?

Bir neçə ay əvvəl Yunis Səfərovun polisə atəş açması (gecə saatlarında) və yenə də yaxalanmadan Gəncədə normal həyatını yaşaması Gəncə polisinin yarıtmaz fəaliyyətindən xəbər vermirmi? 1 il ərzində 3 cinayət hadisəsi törətməkdə şübhəli bilinən şəxs niyə indiyədək saxlanılmayıb?

Baş Polis İdarəsinin adının çəkilməsini istəməyən əməkdaşının verdiyi məlumatlarda o da qeyd olunur ki, bir ay bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İdarəsi icra başçısına qarşı sui-qəsd törədilməsinin planlaşdırılması haqda məlumat əldə edib və rəsmi olaraq Gəncə Baş Polis İdarəsinə bildiriş məktubu göndərib. Mənbə bildirir ki, bildirişi alan polis rəisi Faiq Şabanov deyib ki, “bunu (Elmar Vəliyev nəzərdə tutulur) vursaydılar, canımız qurtarardı”.

Bəs vəzifə başında olan rəis bildirişi alandan sonra hansı tədbirləri görüb?

Polisdəki etibarlı mənbə onu da əlavə edir ki, Yunis Səfərovun “Kapital Bank”da törətdiyi cinayət hadisəsindən bir neçə gün sonra Hamlet Ramiz oğlu Abdullayev adlı şəxs polisə gələrək cinayət törədən şəxsi tanıdığını deyib, onun kimliyi haqda rəsmi məlumat verib. Daha sonra qaldırılmış cinayət işi ilə əlaqədar Baş Polis İdarəsinin müstəntiqi Amil Abbasov bu şəxsdən yazılı izahat alıb. H.Abdullayev izahatında bildirib ki, “Kapital Bank”dakı hadisəni törətməmişdən əvvəl söhbət əsnasında Yunis Səfərov qeyd edib ki, silah əldə edib icra başçısı Elmar Vəliyevi vuracaq. Çünki o insanlara zülm edir və hamını boğaza yığıb.

Yunis Səfərova işgəncə verilən zaman
Yunis Səfərova işgəncə verilən zaman

Həmin ərəfədə, iyulun 2-də polisin peşə bayramı qeyd olunmalı idi. Ötən il bu məlumat əldə olunduqdan sonra Gəncədə Polis Günü qeyd olunmayıb. Adətən 2017-ci ilə kimi Gəncədə bu bayram təntənəli şəkildə qeyd olunurdu.

Maraqlı məqamlardan biri – Elmar Vəliyevə sui-qəsddən sonra hadisə haqqında öncədən polisi məlumatlandıran Hamlet Abdullayevin yaşadığı mənzildən silah və narkotik maddə “çıxıb” və o, həbs edilib. Ehtimal olunur ki, Gəncə polisi bu cür məlumatların Hamlet Abdullayev tərəfindən yayılmasının qarşısını almaq üçün bu addımı atıb.

Niyə iyulun 10-da aksiyanın keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə çağırışlar edilməsinə, məlumatlar yayılmasına baxmayaraq, həmin əraziyə təhkim olunmuş polislər heç bir müdafiə geyimi geyinmədən, mülkü geyimdə və silahsız əraziyə çıxarılmışdı? Bu əmri, yaxud tapşırığı Gəncə Polis İdarəsinin rəisi Faiq Şabanov kimdən və nə vaxt almışdı? Elmar Vəliyevə sui-qəsd olan zaman əraziyə dərhal 2 yanğınsöndürən və təcili tibbi yardım maşınları gəldiyi halda, aksiya günü hər ehtimala qarşı şəhər rəisi niyə əvvəlcədən tədbir görüb əraziyə ambulans çağırmamışdı? Bunun nəticəsi olaraq polis polkovnik-leytenantı Səməd Abbasov yaralanarkən qanı axa-axa təxminən 100 metr məsafəni piyada qət edərək yola çıxıb, avtomobillə xəstəxanaya çatdırılana kimi qan itkisindən həyatını itirib. Bunu polis polkovnikinin qətl edildiyi yerdən avtomobilə çatdırıldığı yerə qədər olan məsafədə itirdiyi qan ləkələrinin izləri deməyə əsas verir.

Əldə olunan məlumatları təhlil edərkən aydın olur ki, baş vermiş bu hadisələrin əslində radikal, yaxud qeyri-radikal dini qruplarla heç bir əlaqəsi yoxdur. Bütün bunlar Gəncə icra strukturlarının, Gəncə polisinin özbaşına fəaliyyəti, yarıtmaz işlərin, yaxud da aldıqları hansısa tapşırığın bariz nümunələridir.

Hadisələrin məntiqi inkişafının fonuna diqqətlə baxanda aydın görünür ki, Elmar Vəliyev Gəncəyə İcra hakimiyyətinin başçısı təyin edildikdən sonra (7 ildir) bu xoşagəlməz halların əsası qoyulub. Gəncənin keçmiş polis rəisi Rasim Musayevin özü də Elmar Vəliyevlə anlaşa bilməyib, ikinciyə fiziki güc tətbiq edib. Prezident İlham Əliyevin özü belə müşavirədə Elmar Vəliyevi iltizama dəvət edib və onu özünü və idarə metodunu dəyişməyəcəyi halda cəzalandırılacağını

deyib

. Bundan başqa, Gəncənin akademik və ziyalı çevrəsini hər məqamda təhqir etməkdən, insanların mülkiyyət hüququnu pozmaqdan çəkinməyən, sahibkarların normal işləməsinə imkan verməyən icra başçısı haqda mətbuatda yüzlərlə şikayətlər var. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar illərlə davam edən onlarla məhkəmə çəkişmələri də diqqətçəkəndir.

Ana səhifəMənim FikrimcəGəncə hadisələrinə baxış – Qaranlıq suallar