Vəkil güman edir ki, hüquq-mühafizə orqanlarına Fərəc Kərimlini həbs etmək göstərişi veriblər
İyulun 23-də səhər saatlarında Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimli anasını Bakı Sağlamlıq Mərkəzinə apararkən nəmalum şəxslər tərəfindən oğurlanıb.
Meydan TV-yə bu barədə məlumat verən vəkil Nemət Kərimli bildirdi ki, iyulun 17-də Fərəc Kərimlinin heç bir siyasi mənsubiyyəti olmayan qardaşı Sirac Kərimov Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Hazırda onun istintaqını Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aparır.
Vəkil Sirac Kərimlinin döş cibindən tapılan narkotik maddənin ora qoyulduğunu iddia edir: “Sirac Kərimliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3, yəni külli miqdarda narkotikin satış məqsədilə saxlanması maddəsi ilə cinayət işi açılıb. Biz o zaman Sirac Kərimlinin həbsini siyasi xarakter daşıdığını bildirmişdik. Məsələ ondadır ki, Fərəc Kərimli təşkilat sədrinin müavini olmaqla bərabər partiyanın saytının inzibatçılarından biridir. Güman ki, hüquq-mühafizə orqanlarına Fərəc Kərimlini həbs etmək göstərişi veriblər, onlar isə səhv olaraq Sirac Kərimlini həbs ediblər. Halbuki Sirac Kərimli siyasətlə maraqlanmır. Ancaq onun həbsindən sonra qardaşı Fərəc Kərimli daim nəzarət altında olub, izlənilib. Nəhayət, onu anasını xəstəxanaya apararkən heç bir sənəd təqdim etmədən oğurlayıblar. Hazırda hara aparıldığı barədə məlumatsızıq”.
Vəkil baş verən olayla bağlı DİN 102 xidmətinə və Baş Prokurorluğuna məlumat verildiyini dedi.
Bildirildiyinə görə, ötən il müammalı şəkildə Facebook rəhbərliyi tərəfindən qapadılan 300 min üzvü olan İSTEFA qrupunun admini də Fərəc Kərimli olub. O, İSTEFA qrupu baglandıqdan sonra BASTA qrupunu yaratdı.
Günün ikinci yarısında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Yeni Müsavat”a baş verən hadisədən xəbərsiz olduqlarını bildirdi: “Belə bir hadisədən xəbərimiz yoxdur. Bizə məlumat daxil olmayıb. Nə üçün, harada saxlanılması barədə sizə dəqiq bir şey deyə bilmərəm. Amma bu istiqamətdə araşdırmalarımızı aparacağıq. Heç kəs narahat olmasın. Qısa müddətdə hər şey aydın olacaq”.