Möhtərəm ölkələrdə hökumət vətəndaşa, vətəndaş hökumətə sayğı ilə yanaşar…
Gələcəyi görmürəm deyəndə yaxşı gələcəyi nəzərdə tuturam. Pis gələcəyi yaxşı görürəm. Təsəvvür edin ki, dəcəl, tənbəl, harın və tərbiyəsiz uşağa baxırsınız və özünüzə “ilahi, bunun axırı nə olacaq” sualını verirsiniz. Təbii ki, belə uşağın gələcəyini görürsünüz, bilirsiniz ki, bu uşağın yaxşı gələcəyi yoxdur, yekələndə, olsa-olsa, valideynini və yaxınlarını xəcil, özünü isə bədbəxt edəcək gələcəyi var.
Daima Azərbaycanın gələcəyini düşünürəm. İstəyirəm ki, vətənimin adı çiçəklənən, möhtərəm, vətəndaşlarının şənini yüksəldən ölkələr sırasında çəkilsin. Rəğbət bəslədiyim İsveç, Norveç, Danimarka, Yeni Zelandiya kimi ölkələr sırasında görmək istəyirəm. Fəqət anlayıram ki, ümidim ürəyimdə qalacaq. Azərbaycan heç cür möhtərəm ölkələr sırasında dura bilməyəcək. Yerimiz Orta Asiya respublikalarI, Belarus, Misir kimi ölkələrin yanındadır. Niyə?
Əhalimizin mədəni səviyyəsi ölkəmizə yüksəlməyə imkan verməz.
Möhtərəm ölkələrin heç birində seçkilər saxtalaşdırılmır. Bu ölkələrin heç birində əhali bizim “ənənəvi müxalifət” adlandırılan ünsürlərə yaxın durmaz. Bu ölkələrdə hamının rüşvətxor və cahil saydığı məxluqatı bizdəki kimi parlamentə və ya yüksək hökumət vəzifəsinə soxuşdurmazlar. Möhtərəm ölkələrdə hökumət vətəndaşa, vətəndaş hökumətə sayğı ilə yanaşar, mediada heç vaxt “polis nəfərləri məni diz üstə çökdürüb beş saat döydülər” kimi etirafa rast gələ bilməzsiniz.
Amma bizdə bu, adi haldır və buna heç kəs təəccüblənmir. Qəzəblənmir. Öyrəşib. Bilir ki, vətəndaşı döyməyi Prezident İlham Əliyev 2003-cü ildə öz birinci seçkisini saxtalaşdırandan sonra polisə tövsiyə edib. Polis də prezidentin tövsiyəsini əmrə bərabər tutur və vətəndaşı döyür, əzir, soyur, işgəncə verir.
Bu səbəbdən Azərbaycanı möhtərəm ölkələr sırasında görmək arzum ürəyimdə qalacaq, dünyadan bihörmət ölkənin vətəndaşı kimi köçəcəyəm.
Vətənimizin düşdüyü ağır vəziyyəti çox müzakirə edirlər, lakin hansısa ümumi qənaətə gələ bilmirlər. Bir qism insan deyir ki, günah əhalinin özündədir. Özü öz qanmazlığı ilə imkan verib ki, hökumət onu insan saymasın. “Axı sıravi vətəndaş nə edə bilər” sualına hirslə cavab verirlər ki, “canı çıxsın, savadlansın, kitab oxusun, hüquqlarını bilsin, haqqı tapdananda, əziyyət çəkib məhkəməyə şikayət ərizəsi yazsın, məhkəmə çəkişməsindən qaçmasın, təşkilatlansın, qoyun sürüsü deyil, şüurlu mütəşəkkil vətəndaş toplumu olsun, seçkilərə gəlsin və səsini qoruya bilsin, vətəndaş cəmiyyəti qurumları yaratsın, siyasi partiyalara, özü də abırlısına və ağıllısına yazılsın və hüquqlarını dinc və qanuni üsullarla qoruya bilsin”. Cavab eşidəndə ki, “hökumət axı buna imkan verməz”, lap hövsələdən çıxıb sual verirlər: “Qardaş, şir görəndə ağlına birinci hansı fikir gəlir?“? Müsahibi deyəndə ki, “ağlıma birinci canımı şirdən qoruyum gəlir”, deyirlər: “Allah atana rəhmət eləsin, indi də ikinci sualıma cavab ver: qarşına ulaq çıxsa, ağlına birinci nə gələr?” Müsahibi deyəndə ki, “ağlıma gəlir nətəhər eləyim ki, onu minim”, qeyzlə deyir ki, “di gəl ulağ olmayaq, şir olaq!”
Digər qism insan isə tam fərqli danışır, deyir ki, “bütün ölkələrdə əhali elə belə bizdəki kimi avamdır, hamı havayı gəlir, yağlı əppək arzusu ilə qovrulur. Sadəcə möhtərəm ölkələrin hakim zümrəsinin milli dəyərlərə və özlərinə hörməti var, onlar heç vaxt rəva bilməzlər ki, cəmiyyətin gözü görə-görə xalqın qara qəpiyinə əl uzadıb öz qürurlarını sındırsınlar, imkan versinlər ki, cəmiyyət onları şərəfsiz oğru hesab etsin. Odur ki, günah bizim məsum və saf əhalimizdə deyil, günah bizim sovet tərbiyəsi almış hakim siyasi sinfimizdədir, onlar “doydum” nədir bilmədən milli sərvəti aramsız talayırlar”.
Çıxış yolunun müzakirəsinə keçəndə yenə yollar haçalanır. Bir qism insan deyir ki, “demokratik vətəndaş olmadan demokratik cəmiyyət yaranmaz. Odur ki, demokratik Azərbaycan barədə xam xəyalları tullayın kənara və əgər vətəni sevirsinizsə, qollarınızı çırmalayıb girişin azı yüz il çəkəcək ən vacib işə: demokratik vətəndaşın tərbiyəsinə, demokratik təsisatların təşkilinə, demokratik ənənələrin təməlinin qoyulmasına”.
Bu sözləri eşidib o biri qism insan qəzəblənir və deyir:
“Boş-boş danışmayın, demokratiyanı dərslə, mütaliə və təlimlə yaratmazlar. Demokratiyanı zorakı üsullarla, zalımları devirməklə, müstəbidləri döyüb qovmaqla təsis edərlər. Harada demokratiya təkamüllə gəlib? Bütün demokratik dövlətlərdə vətəndaşları zor gücünə, inqilab və müharibələrlə demokratik qanunlara tabe elətdiriblər. Kim? Demokratiyanı özlərinə ali dəyər seçmiş əqidəli demokratlar!”
Elə bu yerdə əvvəlki qism insan gülüşüb inqilabi demokratları lağa qoyurlar:
“Ay-hay, bircə dənə zorla qurulmuş uğurlu demokratiya göstərin. Almaniya və Yaponiya ona görə demokratikdir ki, orada ABŞ-ın işğalçı ordusu yerləşib və cızığından çıxanın gözünü tökür. Gürcüstanın və Ermənistanın demokratik aqibətinə sevinmək yox, ağlamaq lazımdır. Ukrayna demokratiyası göz önündə. Hələ bilmək olmaz, Amerika demokratiyasının səmti hayanadır, axır vaxtlar xərifləyib sosializmdən dəm vurmağa başlayıblar, siftəsini keçən seçkilərdə ediblər. Odur ki, yeganə yol demokratik vətəndaş yetişdirməkdən və təsisatların qurulmasından keçir”.
Müxtəsər, qırırlar bir-birini.
Onlar bir-birini qırmaqda olsun, sizə kimdən deyim, nədən deyim, vətənimizin yaxın gələcəyi haqqında bir öncəgörməmi deyim. Neçə kərə yazmışam ki, Azərbaycanı dövlət edən ən mühüm amil nöyütdür. Nöyüt pulları olmasa, Azərbaycan dağılar, əhalimizin bir hissəsi şimala, o biri hissəsi cənuba üz tutar. Bu nöyüt pulları əhalimizi çəlləyi dəmir halqalar saxladığı kimi saxlayır. Külli-əhli-Azərbaycan naqqa balıq kimi ağzını açıb gözləyir ki, ingilislər nöyütü çıxarıb-daşıyıb-satıb-versin bizim hökumətə, o da “Malinovkada toy”un qəhrəmanı Papandopulo kimi, gəliri pay-puş edəndən sonra qalığını ötürsün qara camaata.
Bəli, vətənimizin tarixinin son 150 ili nöyütlə bağlıdır. Bu 150 ilin son 30 ilinin cövhəri: siyasi döyüşlər, kütlə təlatümləri, mitinqlər, bağırtılar və hayqırtılar, çevrilişlər və əks-çevrilişlər nöyütlə, daha doğrusu, nöyüt pulları ilə izah olunur. Bu son 30 ildə bu vətəndə yaşayan əhali, istər türkdilli olsun, istər rusdilli və ya ingilisdilli, dünya bazarına bircə dənə rəqabətə davamlı elmtutumlu məhsul çıxara bilməyib. Və əgər hadisələr əvvəlki minvalla cərəyan etsə, yaxın 15-20 ildən sonra nöyüt azalacaq və milli vətənpərvərlik və milli vətənşivənlik hisslərini alovlandırmaq üçün dəxi yanacaq çatmayacaq. Onda nə olacaq, sonrasını özünüz düşünün.
Hələliksə “AZAL”ı Cahangir Əsgərov, “AZƏRDƏMİRYOL”u Cavid Qurbanov,“AZƏRSU”-nu Köçərli Həsənov, “AZƏRİŞIQ”ı Vüqar Əhmədov, SOCAR-ı Rövşən Nəcəf və sairə dövlət müəssisələrini bu zatlardan heç nə ilə fərqlənməyən məmurlar idarə edirlər. Elə idarə edirlər ki, bu müəssisələri ayaq üstə saxlamaq üçün prezident hər il Dövlət neft Fondundan aramsız vəsait axınını öz əziz-xələf və say-seçmə yaxınlarına yönəldir. Sözümün canı odur ki, nöyüt pulları tükənməyə başlayanda əbəs yerə bu müəssisələrdən camaatı dolandıra biləcək gəlir gözləməyin.
İndi dünya bazarlarında cövlan edən, məhsulu ilə öz ölkələrinin büdcəsini və vətəndaşlarının cibini dolduran ölkələrin hamısı modernləşmə əməliyyatından keçiblər. Yəni bu ölkələrdə siyasi islahat aparıb demokratiya qurublar, bu ölkələrdə azad rəqabət əsasında bacarıqlı işbazlar bacarıqsız işbazları əvvəl daxili bazardan, sonra isə xarici bazardan sıxışdırıb çıxarıblar, bu ölkələrin vətəndaşları tarixi xurafatdan xilas olub dəxi siyasi nağıllara inanmırlar.
Azərbaycanda, “qurban olum Məhəmmədin şəriətinə“, daha dəqiq desəm, qurban olaq AZ.TV-nin nağıllarına, modernləşmə tələbi və ya cəhdi dövlətə xəyanət hesab edilir. Kim ki, səhv edib həqiqəti dilinə gətirir, onun iki gözünü bir deşikdən ovub tökürlər. Necə? Nə çoxdur üsuli-cədid! Polis cibinə narkotik atır, muzdlu təxribatçı guya ki, döyülür, ya bıçaqlanır, əgər savadlı və təmiz siyasətçi üzə qalxırsa, ənənəvi müxalifətin qul-beçələrini onun üstünə qısqırdırlar və rüsvayi-cahan edirlər, ruzusu məvacibdən çıxırsa, işdən qovurlar, əgər kiçik sahibkardırsa, qurduğu işi yerlə-yeksan edirlər.
Təki Azərbaycanı yağmalamaq hüququna heç kəs qəsd etməsin! Bu dövlət bizə dədəmizdən qalıb! Necə istəsək, o cür də talan edərik!
Xalq? Hansı xalq? Xalq nə gəzir? Bu məxluqata xalq deyirsiniz? Onun üçün göz yaşı tökürsünüz? Onun dərdinə ağlayırsınız?
Bu dəqiqə bu xalqa deyərəm, verər dərsinizi!!!