İlham Əliyev: “Ermənistan artıq bunu etiraf etməyə məcburdur”
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.
Tədbirdə şəhid ailələrinə və ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil, 50 avtomobil verilib.
Ölkə başçısı açılışdan sonra onunla görüşdə iştirak edənlərə xatırladıb ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib ə 7 minə yaxın avtomobil verilib.
İlham Əliyev çıxışında
14 iyul
Milli Məclis qarşısında aksiyaya da toxunub:
“Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün. Yəqin, internetdə görmüsünüz ki, insanlarla bərabər, polis əməkdaşları da gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər, orada hansısa qəza baş verə bilərdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər Xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən. Başqa heç kim. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar – onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar”.
Dövlət başçısı Nazirlər Kabinetinin sonuncu toplantısında 150 nəfərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi məsələsinə yenidən qayıdıb:
“O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb”.
Ölkə başçısı İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana da mesaj ünvanlayıb:
“Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun Baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni Baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan? Gəl bizimlə təkbətək vuruş, baxaq görək bunun axırı nə olacaq”.