Əli Kərimli: İlham Əliyev özü üçün real müxalifəti məhv etmək qərarı verib

Amma bu yalanı tirajlayan adamların Ermənistanla bağlı dediyi həqiqətlər şübhə altına düşür.

Source: Meydan TV


“Xalq Cəbhəsi üzvləri seçkilərdə namizəd olmayıblarsa, Milli Məclisdə nə axtarırdılar?”


Prezident İlham Əliyev



iyulun 21-də



Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı AXCP-ni növbəti dəfə tənqid edib. Meydan TV Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə ölkə başçısının ittihamlarından yaranan sualları ünvanlayıb.



Əli bəy, “indiki ağır gündə ordunun və dövlətin yanındayıq” bəyanatınızdan sonra Prezident İlham Əliyev bu gün partiyanız haqqında ikinci sərt açıqlama verib. Ölkə başçısı deyib: “Minlərlə insan hərbi qələbəmizi qeyd etmək üçün Bakının küçələrinə çıxdı. Coşqulu qələbəni bayram edənlərin nümayişini AXCP manqurtları dağıtdılar, buna kölgə saldılar. Milli Məclisin qapılarını qırdılar, şüşələrini sındırdılar, üçüncü mərtəbəyə qədər qalxmışdılar. Onlar ermənidən də pisdirlər, düşməndirlər”. İlham Əliyevin bu fikirlərini necə qiymətləndirirsiniz?

– Yalanı dəfələrlə təkrarlamaq onu həqiqətə çevirmir. 14-15 iyul olayları xalqın gözü qarşısında yaşanıb. Onlarla canlı yayım, yüzlərlə çəkiliş olub və Azərbaycan xalqı olanları görüb, şahid olub. Ona görə də bunları dönə-dönə yalan interpretasiyalarla təqdim etmək əsl həqiqəti dəyişmir. Əvvəla, insanlar qələbəni qeyd etmək üçün yox, dövlətin daha sərt və tutarlı addımlar atması üçün meydana çıxmışdılar. Məhz həmin günü general-mayor Polad Həşimov başda olmaqla 7 hərbçimiz şəhid olmuşdu. Səhv etmirəmsə, insanlar polkovnik İlqar Mirzəyevin dəfnindən yola çıxmışdılar. Yəni bu, necə qələbəydi? Hər 4 nəfər erməni hərbçisinin öldürülməsinə, 12 əsgər və zabit, içində də bir general və polkovnik itirməklə qələbələr qazansaq, hara gedib çıxarıq? İkincisi, artıq hər kəsə məlumdur ki, Milli Məclisin qapılarının açıq saxlanılması, ordan mühafizənin çəkilməsi xüsusi planlaşdırılmış bir təxribat olub. İndi həmin təxribatı AXCP-nin üzərinə qoymaq açıq yalandan və partiyamıza qarşı repressiyaya sifariş verməkdən başqa bir şey deyil. Şübhəsiz ki, hüquq-mühafizə orqanları Əliyevin bu çıxışlarını təlimat kimi qəbul edirlər. Ona görə də heç bir cinayət törətməyən partiya fəallarını həbs edirlər. Hazırda 8 partiya üzvü barədə ağır maddələrlə cinayət işi açılıb. Daha 7-8 cəbhəçinin taleyi qeyri-müəyyəndir, çoxlu sayda AXCP üzvü istintaqa cəlb olunur, adamlara işgəncə verilir, saxta yollarla özlərinə, bəzən mənə qarşı ifadə almağa səylər göstərilir. Bütün bunların hamısı gizlədilməyən repressiyadır. Necə olur, Milli Məclisin hansısa mağaza qədər önəmi olmayıb? Bu gün hansı kiçik ticarət köşkünün önündə video-kameralar yoxdurmu, kimsə ora girsə, çəkməzmi? Necə olur ki, Milli Məclisə o cür müdaxiıə edirlər, amma həmin adamların video-görüntüləri cəmiyyətə təqdim olunmur? Dünən açıq şəkildə bildirmişdim ki, buyursunlar, ittiham olunan-olunmayan hansısa cəbhəçinin 14-15 iyul mitinqi zamanı bir zorakılığının video faktını cəmiyyətə təqdim etsinlər. Yüzlərlə video çəkilişlər var, hələ mən əməliyyat çəkilişlərini xatırlatmıram, buyurub fakt göstərsinlər. Əminəm ki, faktları yoxdur, olmayacaq da. Əgər fakt olsa, həmin adamı partiyadan xaric edərik, gedib cinayət məsuliyyətini də daşıyar. Yoxdur belə hallar. Açıq-aşkar şəkildə AXCP üzvləri böhtana məruz qalırlar və həbs olunurlar, onlara qarşı repressiya həyata keçirilir, bu yalanların da təkrarlanması ona həqiqət donu geyindirmir. Ölkənin vicdanlı, həqiqəti deməyə qorxmayan insanları artıq gerçəkliyi deyirlər. Hamı AXCP-nin böhtan və şərlə üz-üzə qaldığını görür. Nəyə görə, çünki həqiqətləri açıq deyir, hökumətin korrupsiya əməllərini ifşa edirik, Azərbaycandakı indiki avtoritar rejimə qarşı dinc və Konstitusiya çərçivəsində prinsipial mübarizə aparırıq. Azərbaycan hakimiyyəti real müxalifətçiliyi məhv etmək istəyir, ona görə də heç kim sadəlövhcəsinə baş verənləri bir partiyaya münasibət kimi düşünməsin. Əslində, Azərbaycanda real müxalifət olsun, yoxsa olmasın mübarizəsidir. İndiyə qədər Əliyev ölkədə real müxalifəti bitirmək məqsədi ilə iri repressiyalar aparıb. Xalqımıza inanıram ki, onun dəstəyilə bu ağır sınaqları da keçəcəyik. Xalqımızın da real və gerçək müxalifətə ehtiyacı var, ona görə də ölkənin demokratiya tərəfdarı olan, cümhuriyyət istəyən hər bir kəsi AXCP-yə qarşı repressiyalara biganə qalmamağa, səlib yürüşünə vicdanları qarşısında etiraz etməyə çağırıram.



Siz 12 iyulda orduya və dövlətə dəstək verdiniz, amma Prezident artıq ikinci dəfədir haqqınızda sərt danışır. Səbəb yalnız dediklərinizdir, yoxsa başqa səbəblər də var?

– Əvvəla, İlham Əliyev özü hərəkətinin motivlərini izah edə bilər. Amma son açıqlamalar hər kəsi təəccübləndirdi. Çünki bizim tərəfimizdən nəinki təxribatlara, qarşıdurmalara bir bəhanə verilmədi, əslində, başqa ölkələr üçün də nümunə olacaq presedent yaradıldı. Biz vətənpərvər, sıralarından minlərlə şəhid vermiş təşkilat olaraq bəyanat verdik. Yəni Polad Həşimovun və digər hərbçilərimizin şəhid xəbərini alan kimi bəyanat verdik ki, biz hökumətə olan tənqidlərimizi daha yaxşı zamanlara saxlayacağıq. Dövlətə açıq çağırış etdik ki, gözünüz arxada qalmasın. Dedim ki, dövlətimizin və ordumuzun yanında olacağıq. Kimsə mövqeyimizdə yanlışlıq olduğunu söyləyə bilməz. Və mənim dəstək müraciətimdən bir neçə saat sonra mitinqi dağıdıblar. Çünki mitinqin necə bitəcəyindən narahat idim, orda da hamını çağırırdım ki, proses dinc başa çatsın, sosial şəbəkə adminləri bu barədə məlumat yaydı. Belə çıxır ki, İlham Əliyev özü üçün real müxalifəti məhv etmək qərarı verib. Mart ayının 19-da İlham Əliyevin Novruz Bayramı ilə bağlı çıxışı zamanı da kimsə Milli Məclisə gedib çıxmamışdı axı. O zaman da Əliyev bizi rəsmən düşmən elan etdi. Artıq özü üçün müəyyənləşdirib ki, biz hökumətə düşmənik. Və bu açıqlamanı generalı şəhid olmuş ölkənin Ali Baş Komandanı səsləndirir. Ki, mənim ölkəmin generalını şəhid etmiş Ermənistandan daha düşmən AXCP-dir. Bu baxımdan hesab edirəm ki, İlham Əliyev bu çıxışlarıyla real alternativ görmək istəmir, tənqid olunmaq istəmir. Ona görə də gerçək alternativi, müxalifəti sıradan çıxartmaq istəyir. Artıq bunları heç bir bəhanəsiz də edirlər.



Son hadisələrdə hər hansı müxalifət partiyasından dəstək almısınızmı?

– Ola bilər məlumatlarım tam deyil. Amma məndə olan məlumata görə hökumətin AXCP-yə qarşı “səlib yürüşləri” daha çox vətəndaş cəmiyyəti, internet mediası, sadə vətəndaşlar, ictimai-siyasi xadimlər və hüquq müdafiəçiləri tərəfindən birmənalı pislənilir. Bilirəm ki, siyasi məhbusların siyahısını hazırlayan İşçi Qrupu xüsusi bəyanatla çıxış edib. Nüfuzlu hüquq müdafiçiləri Anar Məmmədli, Şəhla Hümbətova, Rəsul Cəfərov, 17 vətəndaş cəmiyyəti nümayəndəsi birgə bəyanatla çıxış edib. Ayrı-ayrı samballı, müstəqil siyasətçilər – Bəxtiyar Hacıyev, Azər Qasımlı, Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, Akif Qurbanov, Rüfət Səfərov, Rəşid Hacılı açıq mövqe qoyublar. Mən Milli Şuranı xüsusi vurğulamıram, Cəmil Həsənli başda olmaqla doslarımıza təşəkkür edirəm. Müxalif partiyalarından bilirəm ki, Müsavat Partiyasının başqanı dəstək yazısı yazıb. Başqaları barədə hər hansı məlumatım yoxdur, zaman ağırdır, hökumət çox repressivdir, bir çoxu müstəqilliklərini itirib, formal olaraq müxalif partiayası sayılsa da. Ən müxtəlif səbəblərdən mövqe bildirməyənlər var, olsun. Biz yaxşılara diqqət yetirib, uğurları sayırıq.



Son məlumata görə, 22 partiya üzvü həbs olunub, sizdə bununla bağlı hansı informasiyalar var?

– Məncə, 24 nəfərdir. Ola bilsin, 22 ona görə deyilib ki, 2 nəfər Masallı və Suraxanı rayonundandır, inzibati cəza alıblar. Milli Məclis bəhanəsiylə 22 nəfər həbs olunub. Hörmətli Cəmil Həsənli yaxşı bənzətmə aparıb, Milli Məclis binasına daxil olmaq və sonrakı həbslər Dmitrovun Reyxtaqı yandırmağı əhvalatına çox oxşadı. Xalq Cəbhəsi üzvləri seçkilərdə namizəd olmayıblarsa, orda nə axtarırdılar? Bütün Azərbaycan xalqı və dünya şahiddir ki, cəbhəçilərin orda olması xəbəri yalandır. Bildiyimə görə 8 nəfərə 3 maddəylə cinayət işi açılıb, bir neçə nəfər isə polisin nəzarətinə verilməklə azad olunub. Daha 7-8 cəbhəçinin taleyi qeyri-müəyyəndir. Problem ondadır ki, vəkillərlə və yaxınlarla görüşə qoymurlar, adamları həbs edirlər, “Bandotdel”, prokurorluq, DTX hamısı işin içindədir. Çünki siyasi sifariş var, hüquq-mühafizə orqanları da buna hüquqi don geyindirmək istəyirlər. Bizim Azərbaycan-Ermənistan münaqişəsində beynəlxaq aləmdən ciddi dəstək almağa ehtiyacımız var. Həmin dəstəyi görməyəndə də beynəlxaq ictimaiyyəti haqlı olaraq tənqid edirik. ATƏT, BMT və Avropa Şurası daxil başqa qurumları da. Azərbaycan hakimiyyəti öz məsuliyyətini dərk etməlidir. Necə olur ki, Azərbaycanda insan hüquqları ilə bağlı ən elementar pozuntular haqda çoxsaylı etirazlar olur, məsələn, iyulun 21-də ABŞ Dövlət Departamenti bəyanat yayıb. O zaman İlham Əliyev bu etirazları kağız parçası adlandırır və heç birini nəzərə almır. Sonra məlum olur ki, Qarabağla bağlı kağız parçası yazanlara bizim ciddi ehtiyacımız var. Bəs kimdən kömək gözləyir və kimin obyektiv mövqe tutmağını istəyirik? O qüvvələrin yazdığı bəyanatlar hökumətin xoşuna gəlməyəndə kağız parçası elan olunur, amma bizim haqlı davamıza görə Azərbaycanca müəyyən məsafə saxlayırlar. Buna haqq qazandırmıram. Beynəlxalq təşkilatları obyektiv olmağa, Azərbaycanın zərəçəkmiş olduğunu açıq ifadə etməyə çağırıram. Ancaq Azərbaycan hökuməti də məsuliyyətini anlamalıdır. Hazırda hökumət bütün beynəlxalq təşkilatlarla bizə görə konfrantasiya içində olduğuna görə rəsmi Bakının dediyi həqiqətlər şübhə altına düşür. Axı büynəlxalq təşkilatların Azərbaycanda nümayəndələri var, onlar çox yaxşı bilirlər ki, AXCP-nin Milli Məclisi tutmaq, qapısını sındırmaq fikri, niyyyəti olmayıb. Amma bu yalanı tirajlayan adamların Ermənistanla bağlı dediyi həqiqətlər şübhə altına düşür. Bax, bunun məsuliyyətini başa düşmək lazımdır ki, ölkə daxilində müxalifətə qarşı o qədər əsassız yalanlar deyirsiniz ki, Qarabağla bağlı həqiqətlərə də şübhəylə yanaşırlar.

Ana səhifəSiyasətƏli Kərimli: İlham Əliyev özü üçün real müxalifəti məhv etmək qərarı verib