Gürcüstan və Ermənistan bizim qrupda olsaydı, liderlik uğrunda mübarizə aparardı
Onlar da futbol oynayır, biz də.
Onlar da Qafqaz sakinləridir, biz də.
Bizim onlardan artığımız var, əskiyimiz yoxdur. Məsələn, bizim neftimiz, qazımız var, onların yoxdur.
Kür, Araz çayları dolana-dolana onların da torpaqlarından keçir, bizim də.
Demək olar ki, iqlimimiz də eynidir. Bizdə günəş çıxanda, onlar qalın kürklərə bürünüb, sobanın kənarında oturmurlar.
Bakıdan göyə təyyarə qalxanda az qala onların baş şəhərlərində – Tbilisidə və Yerevanda görünür.
Yaxşı, bəs necə olur ki, bu qədər yaxın, bu qədər oxşarlıqları olan ölkələrin futbolu arasında gözlə görüləcək, qəlbdən hiss ediləcək qədər fərq var?
Necə olur ki, eyni turnirdə – UEFA Millətlər Liqasında mübarizə aparan üç qonşu ölkənin – Azərbaycan, Gürcüstan və Ermənistanın nəticələri arasında bu qədər fərq olur?
Özü də, bizdən daha çətin qruplarda, daha “dişli” rəqiblərlə mübarizə aparır qonşularımız.
Gürcüstan millisi Millətlər Liqasında Şimali Makedoniya, Cəbəllütariq və Bolqarıstanla eyni qrupda çıxış edir.
Və… Gürcülər 4 oyunda 12 qol vurublar, cəmi 2 top buraxıblar, özləri də 10 xalla qrup lideridirlər.
Ermənilərin Millətlər Liqasında nəticəsi hələ ki, o qədər də ideal deyil: 3 oyuna 3 xal. Amma bunun iki əsas səbəbi var. Birincisi, ermənilər demək olar ki, Millətlər Liqasında “ölüm qrupu”na düşüblər. Ukrayna, İrlandiya və Şotlandiyanın olduğu yerdə birinci olmaq asan deyil. İkincisi isə, Ermənistan millisi üç oyundan ikisini səfərdə keçirib, Ukrayna və Şotlandiyaya qarşı. Bir oyunu doğma meydanda keçiriblər ki, onda da İrlandiya yığmasını Yerevandan xalsız yola salıblar.
Bəs Azərbaycan millisi UEFA Millətlər Liqasında nə edir? Üç oyun, 1 xal və adət etdiyimiz yerdəyik – qrup sonuncusu. Üstəlik, qol da vurmamışıq. Əvəzində, artıq passivimizə yazılan 3 qol var. Rəqiblərimiz kimlərdir? Slovakiya, Qazaxıstan və Belarus. Slovakiya ilə bağlı məsələ aydındır, Avropada ciddi rəqib kimi qəbul olunur, futbolçuları bizdən fərqli olaraq, normal çempionatlarda forma geyinir. Amma Qazaxıstanla Belarus haqda eyni sözləri demək olmaz axı. Qazaxıstan e… Dünənə kimi futbol meydançasında qazaxlarla üz-üzə gəlib, heç-heçə edəndə, cəmi azərbaycanlılar başlarını tutardılar ki, gör, kimi uda bilmirik. İndi həmin qazaxlar qrup lideridir. Hələ üstəlik bizim milli komandaya da “futbol necə oynanmalıdır” sualı ətrafında “dərs” keçiblər. Bu “dərs”dən “2” almışıq (0:2).
Belarus haqda isə heç danışmağa dəyməz. Bəlkə də, Belarus milli komandası tarixinin ən zəif dönəmlərindən birini yaşayır. Amma bizim milliyə uduzmadılar (0:0, bizi məğlub edən qazaxlardan da xal almağı bacardılar.
Əminəm ki, Gürcüstan, ya da “ölüm qrupu”nda mübarizə aparan Ermənistan millisi bizim qrupda olsaydı, liderlik uğrunda mübarizə aparardı, həm də, sonadək.
Hə, onlar da futbol oynayır, biz də. Amma görünən budur ki, qonşularımızın oynadığı futbolla bizim oynadığımız arasında fərq var. Fərq bundadır ki, onlar futbol oynayırlar, biz isə daha çox futbolla oynayırıq.