Bir qrup tanınmış Selcan Qəhrəmanlıya dəstək kampaniyasına başlayıb
Jurnalistlər, hüquq müdafiəçiləri, QHT sahəsində çalışanlar, vəkillər və hüquqşünaslar həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Qəhrəmanlıya dəstək kampaniyasına başlayıblar.
Bildirilir ki, S.Qəhrəmanlı Kanadanın Humber Universitetinin beynəlxalq əlaqələr fakültəsinə qəbul olub. Ancaq təhsil almaq üçün maddi imkanı yoxdur.
İctimaiyyət nümayəndələri ona dəstək üçün müraciət yayıblar. Müraciətdə deyilir ki, Selcan ana dilindən başqa türk və ingilis, yapon dillərində sərbəst danışır, hazırda alman dilini öyrənir. Çox gənc olmasına baxmayaraq, bir neçə elmi məqalənin müəllifidir. Roman üzərində işi başa çatdırmaq üzrədir:
“O, bu il sənədlərini Kanadanın nüfuzlu Humber Universitetinin beynəlxalq əlaqələr fakültəsinə verib və ora qəbul olunub. Bu, təkcə onun ailəsi üçün deyil, ailənin saysız-hesabsız dostları üçün də böyük sevincdir. Amma Selcan bu Universitetdə təhsil haqqının qarşılanacağına ümid etsə də, təəssüf ki, təhsil müəssisəsinin builki proqramında postsovet məkanından olan tələbələr üçün təhsil haqqında güzəşt nəzərdə tutulmayıb. Həmin təhsil müəssisəsində illik təhsil haqqı, yemək və qalma xərclərilə birlikdə təxminən 22 min avro civarındadır”.
Müraciətdə bildirilir ki, Selcanın xaricdə təhsili iki səbəbdən arzuolunandır. Bu, onun ölkədə insan haqları, demokratiya və hüququn aliliyinin təmin olunması uğrunda uzun illərdir mübarizə aparan, buna görə təhdidlərə, təzyiqlərə məruz qalan ailəsinə, xüsusilə də onun hazırda həbsdə olan atasına böyük mənəvi dəstək olardı:
“Həmçinin çox istedadlı bir gəncin dünyanın nüfuzlu universitetlərindən birində aldığı təhsil əminik ki, onun çox sevdiyi və rühən bağlı olduğu ölkəsinə, xalqına geri qayıdacaq. Ona da əminik ki, Selcan kimi gənclərin öz potensialını ölkəsinin inkişafı və xalqının rifahı üçün sərf etmək imkanı əldə edə biləcəyi dövr çox uzaqda deyil.
Selcanın təhsil alması üçün keçiriləcək hər hansı məbləğ onun və ailəsi üçün qiymətlidir. Daha qiymətli olan isə diqqətdir. Xüsusilə, xaricdə yaşayan mesenatlarımızdan bu istedadlı gəncə və onun dəyərli ailəsinə dəstək olmaları xahiş olunur”.
Selcan Qəhrəmanlının 17 yaşı var. Atası Fuad Qəhrəmanlı AXCP sədrinin müavinidir. O, Nardaran hadisələrindən sonra həbs edilib. Məhkəmədə verdiyi ifadəyə görə, həbsinə səbəb “Facebook”da yazdığı statuslarıdır. F. Qəhrəmanlı 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2015-ci ildən məhbusluq həyatı yaşayır.
Anası Zümrüd Yağmur yazardır, bir neçə kitabın müəllifidir. Son əsəri – “Ölkə adı: 22” romanının satışına qadağan qoyulub. Həm də mediada tez-tez həssas ictimai mövzularda yazılarla çıxış edir. Siyasi məhbus ailələrinin koordinasiya mərkəzinin əlaqələndiricisidir.
Yardım üçün bank hesabının nömrəsi aşağıda təqdim edilir:
Alan müştərinin adı: Qəhrəmanlı Selcan Fuad qızı
Alan müştərinin hesab nömrəsi: İBANAZ18IBAZ33811018406099468202
Alan bank: İnternational Bank of Azerbaijan
Alan bankın SWIFT kodu: IBAZAZ2X