Abbas Hüseynovun hakimə etirazı baxılmamış saxlanıldı
Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda ötən məhkəmə prosesində təqsirləndirilən Abbas Hüseynov tərəfindən sədrlik edən hakimə verilən etiraz müzakirə edilib. Vəkillər etirazın təmin olunmasını istəyiblər. Prokuror Nəsib Bayramov isə etirazın əsassız olduğunu deyib. Bundan sonra qərar qəbul etmək üçün hakimlər Mahmud Ağalarov və Eldar Mikayılov müşavirəyə gediblər. Bu zaman F. Qəhrəmanlı sədrlik edən hakim Əlövsət Abbasova müraciət edərək deyib: “Cənab hakim, məncə, etirazın təmin olunması sizin də ürəyinizcə olar. Siz də canınızı qurtararsınız”.
Müşavirədən sonra hakimlər qərarı açıqlayıb. Etirazın baxılmamış saxlanıldığı bildirilib. Hakimlər deyiblər ki, etiraz əsaslandırılmayıb.
Daha sonra iclasda şahidlərin gəlmədiyi məlum olub. Buna görə iclas noyabrın 28-nə təxirə salınıb.
F. Qəhrəmanlı isə deyib ki, məhkəmə qərəzli olaraq yubadılır :”Mən keçən dəfə də dedim ki, mənimlə bağlı şahidləri gətirib dindirsinlər. Lakin məqsədli şəkildə proses yubadılır”.