Vəkil: ”Məhbusların məhkəmədəki davranışlarına görə cəzalandırılması qanunsuzdur”
AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı iyulun 25-də “kars”dan (cərimə kamerası) çıxarılıb. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin isə iyulun 27-də “kars”dan çıxarılacaq.
Bu barədə məlumatı Meydan TV-yə hər iki məhbusun vəkili Yalçın İmanov verib.
Yalçın İmanov deyib ki, iyulun 21-də səhər, sonrakı gün günortadan sonra havasızlıqdan səhhəti pisləşən Fuad Qəhrəmanlıya həkim müdaxiləsi olub, bundan sonra onun durumu normallaşıb. Və iyulun 25-də “kars”dan çıxarılıb:
“Fuad Qəhrəmanlının səhhəti ağırlaşmışdı, o havasızlıqdan əziyyət çəkdiyindən həkim çağırılıb. Taleh Bağırzadə sabah kamerasına qaytarılacaq. Fuad Qəhrəmanlıya 5, Taleh Bağırzadəyə isə 7 günlük “kars” cəzası veriblər. Səbəb onların sonuncu məhkəmə prosesində hakimə etirazları olub”.
Vəkilin sözlərinə görə, hər iki şəxsin məhkəmədəki davranışlarına əsasən cəzalandırılması qanunsuzdur. Çünki məhbuslar yalnız həbsxanada etdiklərinə görə “kars”a salına bilərlər.
Vəkil deyib ki, hər iki məhbusun həftənin sonunda Cəzaçəkmə Müəssisəsinə köçürüləcəyi gözlənilir.
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə 20 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il azadlıqdan məhrum ediliblər.
T.Bağırzadə və təşkilatın digər üzvləri – R.Cəbrayılov, Z.Mustafayev, C.Cabbarov, C.Babakişizadə, Ş.Abduləliyev, A.İsmayılov, R.Yariyev, A.Quliyev, İ.Xudaverdiyev, E.İsmayılov, B.Əskərov, Ə.Nuriyev, Ə.Vəliyev, F.Balayev, A.Tağızadə və A.Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Bu şəxslər 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.
F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.