Fuad Əhmədlinin məhkəməsi başlayır

Hazırlıq iclası təxirə salınıb

Source:


Hazırlıq iclası təxirə salınıb

Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə  məhkəmənin hazırlıq iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F.Əhmədlinin anket məlumatları dəqiqləşdirilib. Hakim təqsirləndirilən şəxsdən ittiham aktı və digər məhkəmə sənədlərini alıb-almadığını soruşub. Fuad Əhmədli sənədləri aprelin 10-da aldığını bildirib.

Hakim katibdən təqsirləndirilən şəxsin sənədləri alması ilə bağlı qəbzin olub-olmadığını soruşub. Katib işdə qəbzin olmadığını deyib. Hakim işdə qəbzin olmaması səbəbindən hazırlıq iclasını aprelin 25-ə təxirə salıb.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir. O, bu ittihamları qəbul etmir. AXCP həbsi siyasi motivli sayır.

Ana səhifəXəbərlərFuad Əhmədlinin məhkəməsi başlayır