”Fuad Əhmədli ad gününü karserdə keçirib”

Vəkil: ”Bu qanunsuz tədbirə etiraz olaraq Fuad aclıq elan edib”

Source:


Vəkil: ”Bu qanunsuz tədbirə etiraz olaraq Fuad aclıq elan edib”

Gənc siyasi fəal Fuad Əhmədli ad gününü karserdə keçirib. O, haqsız yerə cəzalandırıldığı üçün aclıq elan edib. Bu barədə məlumatı onun vəkili Əsabəli Mustafayev yayıb. Öz “Facebook” səhifəsində bu barədə yazan vəkil deyir ki, Fuad Əhmədlinin 27 yaşını təbrik etmək üçün istintaq təcridxanasına gedib:

“Fuad bəylə görüş ərəfəsində məlum oldu ki, o, karserdə saxlanılır. Valideynləri bu gün onun görüşünə gedib, özlərilə ərzaq məhsulları, ən əsası isə ad günü tortu aparıblar. Lakin valideynlərə nə görüş verilib, nə də onlardan ərzaq məhsulları təhvil alınıb. Çünki orada bildiriblər ki, Fuad bəy dünəndən istintaq təcridxanasının karserinə salınıb. Təcridxanada Fuad bəylə görüşəndə karserə salınma səbəbilə maraqlandım. Bildirdi ki, kamera yoldaşı ilə zarafat ediblər. Bu nəzarətçılərdən kiminsə xoşuna gəlməyib və məsələni şişirdiblər ki, güya onlar arasında dava olub. Onlar hər ikisi izahat yazıblar ki, sadəcə bekarçılıqdan zarafat ediblər. Lakin təcridxana əməkdaşları bu məsələdən gənc fəalı cəzalandırmaq imkanı kimi istifadə ediblər. Onların hər ikisini dünəndən karserə salıblar. Bu gün isə Fuad bəyə elan ediblər ki, rəis müavini Rauf müəllimin qərarı ilə onun barəsində 5 gün karserdə saxlanılma cəzası tətbiq olunub. Bu qanunsuz tədbirə etiraz olaraq Fuad aclıq elan edib və ona təqdim edilən yeməyi almaqdan imtina edib. Beləliklə də, gənc fəal öz ad gününü soyuq karserdə, ac qeyd etməyə məcbur edilib”.

Vəkil deyir ki, onsuz da xəstə olan Fuadın aclıq səbəbindən bu gün halı pisləşib. Karserdə onunla bir kamerada qalan dustaq qapını döyərək Fuad üçün həkim çağrılmasını tələb edib:

“Nəzarətçi həkimin gələcəyini vəd etsə də, həkim gəlməyib. Fuad ilə mən görüşərkən, o, çox halsız idi. Mən elə bilirdim ki, ayaq üstə dayana bilməyib yıxılacaq. Fuad bəy mənə bildirdi ki, karsda növbə rəisi olan Mahir adlı şəxs, orada nəzarətçi olan Fuad Qurbanov onunla çox kobud, təhqiramız davranırlar. Sonuncu şəxs Fuad bəyə açıq-aşikar düşmən münasibəti bəsləyir, ona zülm edəcəyi ilə hədə-qorxu gəlir. Bu hal Fuadın karserə salınmasının əvvəlcədən planlaşdırılmış məsələ olduğunu, ona fiziki və psixoloji təsir etmək məqsədi güddüyünü nümayiş etdirir. Fuad bəyi karserə apararkən zəruri əşyaların götürülməsinə imkan verilməyib. İki gündür ki, sabun, diş fırçası, dəsmal kimi ən elementar əşyalardan məhrum edilib. Karser həddindən artıq soyuqdur. Fuad isə kameradan çıxarılarkən əynində olan nazik jaketdə saxlanılır. Soyuq şəraitdə saxlanılması onun xəstəliyinin daha da şiddətlənməsilə nəticələnə bilər”.

Əsabəli Mustafayev faktla bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib. Həmçinin tələb edib ki, Fuad Əhmədlinin karsa salınmasının səbəbi, onun tibbi yardımdan məhrum edilməsi, təcridxana əməkdaşları Mahir və Fuad Qurbanovun onunla təhqiramiz rəftarı faktları araşdırılaraq onlara hüquqi qiymət verilsin.

Ana səhifəXəbərlər”Fuad Əhmədli ad gününü karserdə keçirib”