Çingiz Mehdiyev 400 min manat yeyintidə ittiham olunsa da, azadlıqdadır
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyev “Formula 1” yarışlarının təşkili zamanı 400 min manata yaxın vəsaitin yeyintisində ittiham olunur. Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları başlayacaq. “Formula-1”ə ayrılan vəsaitlərin yeyintisiylə bağlı cinayət işinin məhkəmə araşdırması Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.
2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin idman əməliyyatları şöbəsinə rəhbərlik etmiş Çingiz Mehdiyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Lakin o, həbs edilməyib. İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. İstintaq dövründə onun yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini (təxminən 100 min manat-red.) ödədiyi bildirilir.
Çingiz Mehdiyevin hökm çıxarılana qədər də azadlıqda qalıb-qalmamasına məhkəmənin hazırlıq iclasında qərar veriləcək. Onun işi üzrə məhkəmənin hazırlıq iclası martın 18-nə təyin olunub.
Çingiz Mehdiyev “Formula-1” yarışlarının keçirilməsi üçün ayrılan vəsaitlərin bir hissəsini xaricdə – ofşor zonalarda ailə üzvlərinin adına açdığı şirkətlərin hesabına köçürməklə mənimsəməkdə ittiham olunur. Cinayət işinin materiallarına əsasən, yarışlara hazırlıq məqsədilə ayrılan 398 min manatlıq vəsaitin yeyintisindən söhbət gedir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Onun təmsilçisi də zərərçəkmişin nümayəndəsi kimi məhkəmədə iştirak edəcək.