Fikrət Fərəməzoğlunun xanımı Mehriban Əliyevadan kömək istəyir

”Mən və iki körpəm məchul, qorxu dolu həyat yaşamaqdan usanmışıq”

Source:


”Mən və iki körpəm məchul, qorxu dolu həyat yaşamaqdan usanmışıq”

Həbsdəki jurnalist, Jam.az saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) həyat yoldaşı Faiqə Nösrəti ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. O, müraciəti “Facebook” səhifəsində yayıb.

Dörd və iki yaşlarında olan iki övladı ilə birlikdə qorxu dolu həyat yaşamaqdan bezdiyini deyən xanım Nösrəti vitse-prezidentdən həyat yoldaşının işini nəzarətə götürməyi xahiş edib.

“Həyat yoldaşım Bakıdakı əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə hədəfə çevrilib. Onu həbs edənlər həm də Fikrətdə gizli videoların olduğunu güman ediblər. Həbs olunandan sonra həyat yoldaşımın özünə deyiblər ki, Daxili İşlər Nazirliyi ləğv olunmuş MTN-ə aid şantaj videoları axtarır və guya, onların Fikrətdə olduğu güman edilir. Axtarılan videolar bir müddət sonra DTX-nın keçirdiyi əməliyyat nəticəsində tamam başqa adamlardan tapıldı. Özünü jurnalist kimi təqdim edən, keçmiş MTN-nin nəzarətində olan bir qrup adam əməliyyat nəticəsində həbs olundu”, – deyə Faiqə Nösrəti yazır.

Həyat yoldaşının həbsindən sonra özünə və övladına qarşı təhdidlərdən bəhs edən F.Nösrəti bildirir ki, onu ölkədən deportasiya etmək (ailə qurana qədər İranın Təbriz şəhərində yaşayıb) istəyiblər, hədə-qorxu xarakterli zənglər gəlib, müxtəlif saytlarda, sosial şəbəkələrdə haqqında şantaj xarakterli, ləyaqətə toxunan materiallar yayılıb. Bütün bunlarla əlaqədar hüquq-mühafizə orqanlarına şikayətləri isə araşdırılmayıb.

“Sizdən xahiş edirəm, həyat yoldaşımla bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində gedən prosesi nəzarətə götürüb, məhkəmənin obyektiv keçirilməsinə göstəriş verəsiniz. Çünki mən və iki körpəm məchul, qorxu dolu həyat yaşamaqdan usanmışıq”, – F.Nösrəti məktubunda M.Əliyevadan kömək istəyir.

Fikrət Fərəməzoğlu 30 iyun 2016-cı ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunur. Ona qarşı CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Sayt rəhbəri müxtəlif restoran, iaşə obyektlərinin sahibindən onlar haqqında rüsvayedici materialların yayılması hədəsi ilə pul almaqda suçlanır.

F.Fərəməzoğlu isə ittihamı rədd edir, restoran, masaj salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə və bununla da yüksəkvəzifəli şəxslərin biznesinə mane olduğuna görə cəzalandırıldığını deyir.

Ana səhifəXəbərlərFikrət Fərəməzoğlunun xanımı Mehriban Əliyevadan kömək istəyir