FİFA-nın sorğusunda iştirak edən azərbaycanlı xanım jurnalistin kimliyi bilinmir

AFFA rəhbərliyində təmsil olunanlar da Lalə Dəmirovanın varlğından xəbərsizdilər

Source:


AFFA rəhbərliyində təmsil olunanlar da Lalə Dəmirovanın varlğından xəbərsizdilər

FİFA-nın ilin futbolçusu ilə bağlı keçirdiyi səsvermədə Azərbaycandan da 2 jurnalist iştirak edib. Qurumun yaydığı siyahıdan belə bəlli olur.

Hər iki azərbaycanlı jurnalistin seçimi təəccüb doğurub. Kişi futbolçunun seçimində Azərbaycanı Rasim Mövsümov təmsil edib. Onun seçimi belə olub: Neymar, Luis Suares, Robert Levandovski. Rasim bəy “Qızıl top”un qalibi Messini “üçlüyə” layiq görməyib.

Qadın futbolçunun və məşqçinin seçimində isə ölkəmizi Lalə Dəmirova adlı jurnalist təmsil edib. Onun seçimi belə olub: İlin futbolçusu – Anri Amandin, Le Sommer Eugeni, Şaşiç Çelia.

İlin məşqçisi: Farid Benstiti, Laura Harvey, Norio Sasaki.

Bu nominasiyalarda qalib Karli Lloyd və Cil Ellis olublar. Lalə xanım da qalibləri “üçlüyə” layiq görməyib.

Bu onu göstərir ki, Azərbaycanı sorğuda təmsil edən jurnalistlər futbol sahəsində diletantdılar. Təəccüblü məqam isə bu deyil. Rasim Mövsümovun idman yazarı kimi fəaliyyəti barədə müəyyən məlumat əldə etmək mümkün oldu. Ancaq Lalə Dəmirova adlı jurnalisti tapmaq mümkün deyil. Bu xanım FİFA-da keçirilən sorğuda necə iştirak edib, ali futbol qurumunda qeydiyyatdan necə keçib? FİFA sorğunun nəticələrini açıqladıqdan sonra Azərbaycan idman mətbuatının nümayəndələri Lalə Dəmirovanın axtarışına çıxıblar. Ancaq belə bir xanım jurnalisti tanıyan yoxdur. Ümumiyyətlə, bu ad və soyadda şəxsi tapmaq müşkülə çevrilib.

Təbii ki, bu məqamda diqqətlər AFFA-ya yönəlir. Şübhələr yaranır ki, qurum rəhbərliyində təmsil olunan şəxslərdən biri yaxın qohumlarından kimisə jurnalist kimi qeydiyyatdan keçirərək, onun sorğuda iştirakını təmin edib.

Ancaq AFFA rəhbərliyində təmsil olunanlar da Lalə Dəmirovanın varlğından xəbərsizdilər. Qurumun mətbuat xidmətinin əməkdaşları belə adamı tanımadıqlarını bildiriblər. Elə AFFA-nın baş katibi Elxan Məmmədov da Lalə Dəmirovanın kimliyindən xəbərsiz olduğunu bildirib. O, “Futbol+” qəzetinə verdiyi açıqlamada bu məsələni belə şərh edib:

“O xanım AFFA-nı təmsil etmir. Yəqin ki, özü müstəqil jurnalist kimi müraciət edib. Şəxsən mən onu tanımıram. İlin ən yaxşılarının seçimində AFFA tərəfindən iki nəfər iştirak edib. Bunlar millinin baş məşqçisi Robert Prosineçki və kapitan Rəşad Sadıqovdu”.

Hələlik görünən odur ki, özünü jurnalist kimi təqdim edən azərbaycanlı xanım FİFA-nı aldadıb. İndi bütün Azərbaycan mətbuatı bu xanımın axtarışına çıxıb. Hələ ki, onu tapmaq mümkün olmayıb.

Ana səhifəXəbərlərFİFA-nın sorğusunda iştirak edən azərbaycanlı xanım jurnalistin kimliyi bilinmir