Azərbaycan Talışlarının İctimai Şurası ölüm səbəbinin müəmmalı olduğunu iddia edir
Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq, 16 il həbslə cəzalandırılan Fəxrəddin Abbasov saxlandığı Qobustan həbsxanasında həyatını itirib. Onun yaxınlarına intihar etdiyi bildirilib.
Bu barədə məlumat yayan Azərbaycan Talışlarının İctimai Şurası isə F.Abbasovun ölümünün səbəbinin müəmmalı olduğunu iddia edir. Şübhələri belə əsaslandırır ki, F.Abbasov bundan öncə yaxınlarına həyatının təhlükə altında olması barədə xəbərdarlıq edib, özünün öldürülüb intihar kimi təqdim olunmasını istisna etməyib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
F.Abbasov 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. O, haqqında hökm çıxarılana qədər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılıb.
Rəsmi məlumatlara görə, 1956-cı il təvəllüdlü, Fəxrəddin Abbasov 1993-cü ildə separatçı “Talış Muğan Muxtar Respublikası”nın parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.
2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.
Amma Rusiyada onun hüquqlarını müdafiə etmiş vəkil bildirib ki, deportasiya məsələsilə əlaqədar məhkəmədə onu gözləsə də, gəlib çıxmayıb. O, saxlandığı təcridxanadan yoxa çıxıb. Az sonra isə onun Bakıda – DTX-nın təcridxanasında olduğu məlum olub.
Müxtəlif vaxtlarda Rusiya və Ermənistan televiziyalarında Azərbaycana qarşı çıxışları ilə yadda qalan F.Abbasov erməni xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham olunsa da, o, özünü təqsirli bilmirdi. O, Ermənistana səfərini, orada konfransda iştirakını etiraf edirdi. Lakin erməni xüsusi xidmət orqanlarıyla əməkdaşlığı olmadığını vurğulayırdı.