Əlillərə 70-80 manat verənlər, gözdən əlilə açılışda məşəl daşıtdıqları üçün fəxr edirlər.
Qarabağ qazilərini diri-diri yandıranlar, Qarabağ döyüşçüsünün məşəl alovlandırması ilə öyünürlər…
Nizaminin yurdunda, Göygölü zəbt edib, xalqa yasaqlayan, yerində villa tikənlər, Nizaminin obrazı ilə xalqı valeh edirlər…
Təhsil səviyyəsini yerlərdə sürüyənlər, prodüseri ingilis, bədii rəhbəri isə yunan olan bir açılış mərasimi ilə hamını feyziyab edirlər…
150 manat maaş alan müəllimlərin, 200 balı aşa bilməyən tələbələrin, pulsuz yemək, güzəştli imtahana satılan 150 minlik könüllü ordusu ilə fəxr etməmək mümkünsüzdür əlbəttə…
Vicdanlı insanların cibinə nəşə ataraq həbs edilən bir hüquqsuz, ədalətsiz sistem yaradanlar, görkəmli ədalət-mizan tərəzisi ilə göz qamaşdırırlar…
Hüquq müdafiəçilərini “erməniyə işləyir” adı ilə şərləyənlər, bu oyunlarda saxta obraza bürünüb, erməni xalqı ilə yaxınlaşmaqdan, tolerantlıqdan danışırlar…
Atletlər kəndini hasarlayıb, xalqdan təcrid edənlərlə, gələn turistlərə xalqın tərbiyəsiz olduğuna dair broşür paylayanlarla, vətəndaşın boğazından kəsib, turistə hər şeyi pulsuz təşkil edənlərlə qürurlanırsınız?
Kerdit içində boğulanlar, 100 milyonluq açılışın möhtəşəmliyindən dəm vururlar…
Olimpiya stadionun mühəndisləri türk-alman, gətirilən avadanlıqlar alman malı, işıq, səs, video və s. texniki qurğular Almaniyadan, qatarlar İsveçrə, avtobuslar Almaniya, taksilər London olmasına baxmayaraq, 8 milyard xərclənən vəsaitlə öyünüb, fəxr edirsiniz?
“Gözün götürmür, paxıllıq edirsən” söhbətləri məişət-mətbəx səviyyəsində düşünənlərin məhsuludur. Mən Almaniyada yaşayıram. Sağlıq sığortamdan tutmuş, ölüm sığortama qədər var, işim də öz yerində.
Biz nə istəyirik? 16 günlük yox, bir ömür boyu bu xalqa xidmət edilsin, bu xalq adam yerinə qoyulsun istəyirik. 16 günlük eyforiya yox, ölkədə normal qanunlar, normal təhsil, normal səhiyyə, normal məhkəmə sistemi, normal sahibkarlıq, normal nəqliyyat sistemi, normal infrastruktur, kommunal xidmətlər istəyirik.
Ölkədə müsbət dəyişikliklər, islahatlar turistlər gələcək deyə 16 günlük olmasın, hər zaman olsun istəyirik.
Əsgərlərimiz komandirlər tərəfindən, öz əsgərlərimiz tərəfindən öldürülüb, anasının üstünə göndərilməsin istəyirik.
Gənclər öz haqqını tələb etdiyi üçün, şərlənib, cibinə nəşə atılıb həbs olmamasını istəyirik.
İnsanlar nəsə yazdığına görə, nəsə dediyinə görə, tənqid etdiyinə görə təqib olunmasın, təhdid edilməsin istəyirik.
Müalicə üçün İrana, Türkiyəyə, Gürcüstana üz tutan vətəndaşların olmamasını istəyirik.
Bir qarın çörək üçün, ailəsini dolandırmaq naminə gənclərimizin min əziyyətlə Rusiyanın bazarlarına möhtac olmamasını, iş yerlərinin olmasını istəyirik.
Hansısa tədbirə görə, alın təriylə işləyən vətəndaşların maaşının kəsilməməsini istəyirik.
Bunları istəmək vətənə xəyanətdir? Bunları istəmək erməni olmaqdır? Elədirsə bəli mən vətən xainiyəm. Sizin 16 günlük qurduğunuz şounuza da, ondan öncə də vətəndaşların şəxsi mülkünü dağıdıb yerində Kristal Zal yaratdığınız Eurovision oyunbazlığınıza da qarşıyam.
Avropa Oyunları olacaq deyə tez-tələsik binaları keyfiyyətsiz penoplastlarla üzlədiyiniz üçün, bu yaxında 15 nəfər, içlərində 4 körpə balamızı sizin acgözlüyünüz, qanunsuzluğunuz ucbatından itirdik. Hansı bir nazir-məmur cəzalandı buna görə? Cəzasızlıq, məsuliyyətsizlik olan bir cəmiyyətdə nə ilə fəxr edək axı? Elə o penoplast kimi 16 gündən sonra əsl iç üzləri yenə ortaya çıxacaq. Göyə atdıqları finşənglər kimi, yox olacaq bu cılız uğurları.
Yaltaqlığın yeni adını vətənsevərlik qoyublar. Xalqın sərvətinin hesabına Əliyevlər ailəsinin öz imicini dünyada yaxşılaşdırmaq naminə düzəltdiyi şounu bəyənməyin adı vətənpərvərlik olub. Bunlara qarşı çıxan, həqiqəti deyən də, vətən xaini.
Şəxsən özüm kiminsə Bakıya gəlməyinə qarşı deyiləm. Dəfələrlə nazirindən tutmuş, idmançısına qədər ora gedib, onlar da bura gəliblər. Amma Ermənistan adını daşıyan könüllü gənci söymək, təhqir etməyin adı patriotluq olub. O erməniləri isə Bakıya gətirən, onlara “şotverən”lik edən hakimiyyətə cınqırlarını çıxara bilmir, bu vətənşüvənlər.
Urapatriotizmlə, saxtakarlıqla, oğurluqla, zorbalıqla, hündür hasarlarla, uzun bayraqla, mərmərlərlə, heykəllərlə, salutla, fişənglə fəxr etməzlər, əzizlərim. Sivil ölkə qurmaqla, insanlara normal həyat şəraiti yaratmaqla, elmi-texniki tərəqqi ilə, insan kapitalı yaratmaqla fəxr etmək lazımdır.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.