Fətulla Hüseynovun oğlunun həbs müddəti artırıldı

Adil Hüseynov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələri ilə ittiham olunur

Source:


Adil Hüseynov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələri ilə ittiham olunur

Nərimanov rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan sabiq müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Adil Hüseynovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, həbs müddətinin iyun ayının 2-dək uzadılması barədə qərar qəbul edilib.

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddətinin uzadılmasına bir müddət əvvəl başlanılıb. Həmin iş üzrə saxlanılan şəxslərin bir neçəsinin həbs müddəti məhkəmənin qərarı ilə uzadılıb.

Azərbaycan Beynəlxalq Bankında baş vermiş maliyyə pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən cinayət işi başlanılıb. Bankdan yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları – Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov və digər bir neçə nəfər həbs olunub.

Bundan əlavə, bankın sabiq rəhbəri Cahangir Hacıyev də həbs edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Adil Hüseynov mərhum polkovnik Fətulla Hüseynovun oğludur. F.Hüseynov Daxili İşlər Nazirliyi polis polkunun komandiri və polkovnik olub. Fətulla Hüseynov Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatına rəhbərlik edib. Fətulla Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib.

O, Hacı Məmmədovun dəstəsi tərəfindən 2004-cü ildə qətlə yetirilib.

Ana səhifəXəbərlərFətulla Hüseynovun oğlunun həbs müddəti artırıldı