Bu kənddə kafe, çayxana yoxdur, qızlar internet kluba getmirlər
Gedəcəyimiz məkanın necəliyi avtobusda qarşılaşdığımız ilk görüntüdən bəlli olur. “Hər gün Aşura, hər yer Kərbəla” şüarı ictimai nəqliyyat vasitəsinin ön şüşəsindən asılıb…
Nardaran kəndi
Bakın
ın ən qədim kəndlərindəndir. Xəritədə bu kənd qartalın düz gözündə yerləşir. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir; “Mərdlər məkanı”, “nur olan yer” və s.
Bu kənddə 7-ci İmam Museyi Kazimin qızı Rəhimə xanım (azyaşlı övladı ilə) və xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində böyük bir ziyarətgah tikilib. Ziyarətgah hər gün yüzlərlə zəvvarı qəbul edir.
Ziyarətgahda çalışan Mehman Babayevin sözlərinə görə, soyuq fəsillərə nisbətən zəvvarlar yaz-yay aylarında bura daha sıx gəlirlər. Mehman Babayev artıq bir neçə ildir, məsciddə işləyir. Adətən nəzir-niyazları qəbul olunanlar məscidə gəlib təmənnasız işləyirlər. Mehman Babayevin durum isə bir az fərqlidir: “Kasıblığın üzü qara olsun… Maddi vəziyyətimiz yaxşı olsaydı, pulsuz-parasız işləyərdim burda. Allah nəsib eləsin sizə, gedib Kərbəlanı görəsiniz. Orada məscidlərdə hamı pulsuz gəlib işləyir. Burda isə elə deyil. Pulsuz olmur. Dolanmaq çox çətindir”.
Bu kənddə çayxana, kafe yoxdur
Bəlkə də Bakıda yeganə kənddir ki, burada divarları tanışlıq saytlarının internet ünvanları yox, dinə-ibadətə çağırışlar bəzəyir. Əksəriyyəti də ərəb əlifbası ilə yazılıb. Hər bir azərbaycanlının görməyə alışdığı, az qala ölkənin ən ucqar kəndində belə rastlaşdığı şüarlara, şəkillərə Nardaranda qətiyyən təsadüf edilmir. Yalnız üçrəngli bayraq və şəhidlərin şəkli bu kəndin Azərbaycanın bir guşəsi olduğunu təsdiqləyir.
Divar yazılarından başqa, Nardaranı digər kəndlərdən və qəsəbələrdən fərqləndirən başqa bir cəhəti də var. Bu, burada çayxana və ya kafenin olmamasıdır. Sözün açığı, bir neçə il öncə həmkarlarla Qurbanlıq bayramında baş tutan çəkilişdən sonra bir az çay içib, dincəlmək qərarına gəldik. Lakin bir kafe tapa bilmədik. Məlum oldu ki, burada belə bir məkan yoxdur. Bu olayın üstündən bir neçə il keçsə də, burada hələ də kafe yoxdur. Yerli sakinlərin sözlərinə görə, arada bir yaşlı kənd sakinləri bir araya toplanıb çay içərlər. Ancaq xüsusi çay evləri, istirahət məkanları yoxdur: “Həmin yerdə də yalnız kişilər toplaşar. Qadınlar belə yerə getmirlər”. Ailəvi istirahət yerlərinin olmamasının səbəbini soruşduqda isə “Özünüz də bilirsiniz ki, Nardaran digər kəndlərdən fərqlidir. Camaat arasında heç belə bir istək də olmayıb” cavabını verdilər.
Adını söyləmək istəməyən kənd sakini deyir ki, Nardarana jurnalistlər tez-tez gəlir, həyatlarından, şəraitlərindən yazır, amma heç nə problemlərin həllinə kömək etmir: “Nardaran başdan ayağa olaydı. 2003-cü il hadisələrindən sonra İmam Huseyn meydanında nə qədər mitinq, etiraz eləmişik, hüquqlarımızı tələb etmişik. Nə qədər yazıblar. Kim baxır? Baxan yoxdur. Ölkədə qanun işləyir ki, insanların hüquqları müdafiə olunsun?”
Nardaranda yerləşən və zəvvarların axışdığı ziyarətgaha yaxın ərazidə Milli Qəhrəman Mübariz İbrahimovun şəkli və şəhid olmazdan öncə vaideynlərinə yazdığı məktubu əks etdirən tablo var. Yaxınlıqda fəaliyyət göstərən mağazanın sahibi İmran Rəhimovun sözlərinə görə, bu tablo kənd sakinlərinin təşəbbüsü ilə hazırlanıb və yerləşdirilib. Kənd boyu divarlardakı yazılara gəlincə isə müsahibimiz dedi ki, 20 ildən çoxdur, Nardaran divarları bu yazıları daşıyır: “Müstəqilliyimizi əldə edəndən sonra elə demək olar ki, hamının istəyi ilə bu çağırışları yazmağa başladıq”.
Qızlar oxumaq istəmir?
Nardaran haqqında yayılan bəzi məlumatları da yerli sakinlərin özlərindən öyrənmək istədik. Deyilənə görə, burada valideynlər qızlarının orta məktəbi bitirməsinə icazə vermirlər, 5-6-cı sinifdən sonra məktəbdən çıxarırlar. İmran Rəhimov deyir ki, bu, şəraitdən asılıdır: “Bəzən elə olur ki, ailənin maddi vəziyyəti yaxşı olmur, ona görə uşağını məktəbdən çıxarır. Kimisi də başqa səbəbdən. Ancaq orta məktəbi tam oxuyub bitirənlər də var. Misal üçün, mənim qardaşım qızları. Orta məktəbi bitiriblər. Sonra da internatda dərs deyiblər. Orta məktəbdə də qadın müəllimələr çalışır”.
Bu il 9-cu sinfi bitirən və daha oxumaq istəməyən kənd sakini İdrak Əlizadə də qızların adətən 5-6-cı sinifdən sonra oxumadıqlarını deyir: “Nədənsə qızları məktəbdən tez çıxarırlar. Adətən oğlanlar sona qədər gedirlər. Əslinə qalsa, 11-ci sinifdə oxuyan oğlanların biliyi 5-6-cı sinifdə oxuyan qızların biliyindən qat-qat aşağı olur”.
Hicab qadağası yoxdur
Bu kənddə qızlar məktəbə hicablı gedə bilirlər. Vaxtilə Təhsil Nazirliyinin orta məktəb şagirdlərinə tətbiq etdiyi hicab qadağası bu kənddə tətbiq olunmayıb. Hətta o vaxt Ağsaqqallar Şurasının sədri Natiq Kərimov toplantıların birində bu qadağa barədə kənd əhalisinə məlumat verəndə sərt təpki ilə qarşılaşıb. Əslən nardaranlı olan məktəb direktoru da kəndin qaydalarına əməl edib. İndi də kim istəsə başı açıq, istəməyən də hicabla məktəbə gedə bilir.
Kənd sakini, evdar qadın Məhluqə Tağıyeva da deyir ki, qadınlar heç nəyə məcbur edilmir. Ancaq dindar ailələrdə böyüyən uşaqların əksəriyyəti valideynlərinin qoyduğu qaydalarla yaşayır: “Qızlarım da hicablıdır. Kənd məktəbində də 1-ci sinifdən başlayaraq qızlar hicab bağlayır. Çoxu könüllü hicaba keçir. Heç nə məcburi deyil. Bu, adətdən gələn məsələdir. Bizim uşaqlar gözün açandan hicabı, dinə marağı görüblər. Ona görə də özləri könüllü hicab bağlayırlar”.
Nardaranda diqqətçəkən məqamlardan biri də gözəllik salonlarının azlığıdır. Məhluqə Tağıyeva deyir ki, kənddə cəmi bir gözəllik salonu var: “Kəndin mərkəzində yerləşir. Çox yaxşı da ustalar var. Bütün qadınlarımız ora gedir”.
İnternet kafelərin də sayı çox deyil. Üstəlik bu klublara yalnız kişilər gedir.
Nardaran ziyarətgahından başqa burada qədim Nardaran qalası da var. Bu tarixi abidə Nardaranın şimal-qərbində orta əsrlərə aid (XIV əsr) ağ daşdan tikilmiş istehkam tipli dəyirmi qaladır. Memarı Mahmud Səd oğlu olan qalanın hündürlüyü 12,5 metrdir. Bir neçə yüz illik tarixi olan qala hazırda çox baxımsız durumdadır. Belə ki, qalanın iç tərəfi zibillikdir, bayır tərəfindən isə yerli sakinlər mal-qaranın otlağı kimi istifadə edirlər.