“İri təsərrüfatlara su verilir, amma elə kəndlər var ki, ora su çatmır”
Hazırda suvarma dövrüdür, əksər kəndlərdə nəinki suvarmağa, hətta içməyə su tapılmır. Bununla belə kəndlilər deyir ki, bəzi ərazilərdə su boş-boşuna axır, əkin sahələrini basır.
Sabirabad rayonunun bir qrup sakini də bundan narazıdır. Onların sözlərinə görə, məsələn, rayonun Cavad ərazi nümayəndəliyində şor su kollektorundan su pambıq əkin sahələrinə axmağa başlayıb.
Sabirabadlı fermer Rza Cəfərli deyir ki, suvarma suyunun olmaması kimi kanaldakı suyun əkin sahələrinə axıdılması da problemlərə yol açır.
“Bu halda dəfələrlə təkrarlanıb. Hər dəfəsində də təkliflər verilib, nəzarət edilməsi istənilib. Bir neçə gün əvvəl tanınmış fermerlər də iradlarını bildirdilər. Kanalda 500 min kubdan cox su var və əkin sahələrinə axır. Buna kollektorlara nəzarət edənlər cavabdehdirlər”,- Rza Cəfərli deyib.
Digər fermerlər qeyd ediblər ki, hələ də kəndlərin əksəriyyətində pambıq sahələrinin suvarılmasında çətinliklər var. Sahələr vaxtında suvarılmasa, məhsuldarlıq yüksək olmayacaq:
“İri təsərrüfatlara su verilir, amma elə kəndlər var ki, ora su çatmır. Yenə bu aralar havalar yağmurlu keçdi, yoxsa, bunların ümidinə qalsaydıq batardıq”.
Cavad bələdiyyəsinin sədri Ağasən Rüstəmli isə Meydan TV-yə deyib ki, hazırda suvarma dövrüdür, bütün nasoslar işləyir:
“Dörd nasosu birdən işə salmışıq ki, fermerlər sahələrini suvara bilsinlər. Hamı su deyib, dad döyür. Bir-iki adamın sahəsində su çox ola bilər, amma nasosları dayandırsaq, sahələr susuz qalacaq. Müvəqqəti məsələdir”.