Ot biçimi sərfəli deyil, yem, ət bahalaşıb…
“Hazırda ot biçimi mövsümüdür. Suvarma probleminə görə bu il məhsuldarlıq aşağıdır, heç çəkilən zəhməyə dəyməz”.
Bunu Meydan TV-yə ağdaşlı fermer Elşən İsmayılov deyib. Onun sözlərinə görə, bu il cəmi 5 hektarda əkin aparıb.
“Bir hektar üçün biçin 30 manat, dırmıqlamaq 30 manat, otu presləmək 30 qəpikdəndir. Ot 3 manat 20 qəpiyədi. Əlavə xərclər nəzərə alnmasa, 5 hektara cəmi 150 manata yaxın qazancım olacaq”,- fermer deyib.
İsmayılovun sözlərinə görə, məsələn, Gədəbəydə, Şəkidə ot Ağdaşa nisbətən bahadır, hətta 6 manata satılır. Amma məhsulu aparıb digər rayonlarda satmaq üçün avtomobilə, fəhləyə ehtiyac var. Son nəticədə əlavə xərclər kəndliyə əkdiyi məhsuldan xeyir götürməyə imkan vermir: “Məhsulu saxlayıb, daha baha satmağa da şərait yoxdur. Digər tərəfdən, ötən qış ot ucuzlaşıb, məhsulunu saxlayan fermerlər əlverişli qiymətə sata bilməyiblər. Ötən qış yonca 6 manatdan 5 manata, buğda 45 qəpiyə düşüb”.
Digər fermer Nizam Əhmədov isə deyib ki, xərclərdən və çətinliklərdən xəbəri olmayanlar kəndliləri qınayırlar. Ərzaq məhsulları, zəruri ehtiyaclar bahalaşıb, kəndlilərin çoxu əkin üçün banklara borclanıblar. Onun özünün də taxıl sahəsi üçün bankdan götürdüyü kredit borcu 40 min manatı keçib. Hava şəraiti də bir yandan işlərini çətinləşdirir:
“Xırda təsərrüfatların əksəriyyəti narazıdır. Heyvandarlıqla məşğul olanlar yemin bahalığından, biz sudan, əlavə xərclərdən, məhsullarımızı sərfəli qiymətə sata bilmədiyimizdən narazıyıq”.
Heyvandarlıqda yem qiymətə birbaşa təsir edir və ətin bahalaşması yemlə əlaqələndirilir. Bölgələrdə sümüklü mal ətinin kiloqramı son bir-iki həftədir 14 manatı keçib. Heyvan kəsimi ilə məşğul olan Maqsud İbraimov deyib ki, qiymət artdıqca, alıclıq qabiliyyəti düşür: “Ot əvvəlki ilə nisbətən çox bahalaşmayıb, lakin bu, ətin ucuzlaşacağı, qiymətlərin əvvəlki səviyyəyə enəcəyi demək deyil. Yayda ətə tələbat azaldığından qiymət sabitləşə bilər, amma payıza doğru yenidən bahalaşma gözlənilir”.
Ekspertlər isə bildiriblər ki, heyvandarlıq üçün yem bazası bahalaşıb, xərclər artıb. Buna görə də ətin ucuzlaşacağı gözlənilmir.