”Fərman Ceyranlı son 5 ildə Azərbaycanda olmayıb”

Apelyasiya Məhkəməsi Fərman Ceyranlının şikayətinə baxıb

Source:


Apelyasiya Məhkəməsi Fərman Ceyranlının şikayətinə baxıb

Avqustun 22-də Bakı Apelyasiya Məhkəməsində Tbilisidəki “Lanset” klinikasının azərbaycanlı rəhbəri, cərrah Fərman Ceyranlı ilə bağlı şikayətə baxılıb. Baxmayaraq ki, F.Ceyranlı 2 il 3 aydır Gürcüstanda həbsdədir, Azərbaycanda da məhkəmə onun haqqında həbs qərarı çıxarıb. Bu qərar ötən il noyabrın 29-da Nəsimi Rayon Məhkəməsində çıxarılıb. Vəkili Fuad Ağayev də həmin qərardan apelyasiya şikayəti verib.

Bu barədə məlumat verən vəkil Fuad Ağayev qərardan təxminən 9 ay sonra şikayət verilməsinin səbəbini izah edib: “Qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda müstəntiq, prokuror və müstəntiqin təyin etdiyi vəkil olub. Vəkil Fərman Ceyranlının hüquqlarını elə “müdafiə” edib ki, nə qərardan apelyasiya şikayəti verib, nə də qərar barədə Fərman Ceyranlını və yaxınlarını məlumatlandırıb. Fərman Ceyranlının beynəlxalq axtarışa verilməsi barədə “İnterpol”un saytında məlumat yayılandan sonra onun özünün tapşırığı ilə yaxınları mənimlə müqavilə bağlayıblar. Bundan sonra bilmişik ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində məhkəmədən bir gün öncə – noyabrın 28-də Fərman Ceyranlının təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar çıxarılıb”.

F.Ceyranlıya qarşı Cinayət Məcəlləsinin 137 (insan orqan və toxumalarının qanunsuz alqı-satqısı), 144-1 (insan alveri) və başqa maddələri ilə ittiham irəli sürülüb. Amma vəkili ittihamın əsassız olduğunu düşünür: “Bu ittiham Fərman Ceyranlının Gürcüstanda işlədiyi dövrə aid olmaqla, tamamilə əsassızdır. Fərman Ceyranlı son 5 ildə ümumiyyətlə, Azərbaycanda olmayıb”.

Meydan TV-nin əldə etdiyi məlumata görə, F.Ceyranlı böyrək alverilə bağlı cinayət işi üzrə təşqirləndirilən şəxs qismində cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidməti 2018-ci ilin martında Azərbaycanda insanların böyrəklərini satması faktlarıyla bağlı araşdırma aparıb, satanlarla alanlar arasında vasitəçilik etmiş taksi sürücüsünü həbs edib. F.Ceyranlının bu işlə əlaqəsinə gəlincə, iddia olunur ki, Azərbaycanda böyrəyini satanlarla alanlar öz aralarında razılaşandan sonra hər iki tərəf İrana gedib. Orada Mohsen Tahiri adlı həkim işlədiyi klinikada onları müayinədən keçirib, transplantasiyanın uyğun olub-olmadığını müəyyənləşdirib. Nəticə müsbət olanda böyrək köçürmə əməliyyatı Gürcüstanda F.Ceyranlının rəhbərlik etdiyi “Lanset” klinikasında baş tutub.

İstintaq iranlı həkim Mohsen Tahiri və Fərman Ceyranlını böyrək alverilə məşğul olan dəstənin başçıları kimi təqdim edib. F.Ceyranlı ilə yanaşı, M.Tahiri haqqında da cinayət işi başlanıb.

Maraqlıdır ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları hələ 2016-cı ilin noyabrında böyrəyini satanlar və alanları, vasitəçilik edən Tahir Xudadatovu, hətta Mohsen Tahirinin özünü Bakıda aeroportda saxlayıb, idarəyə aparıb. Transplantasiya əməliyyatları bir müddət “Lanset”də həyata keçiriləndən sonra Tacikistanda davam etdirilib. Yenə həmin iranlı həkim gedib Düşənbədə klinikada əməliyyatı icra edib. Bu səfərlərin birində İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları onları hava limanında saxlayıb. Bununla bağlı işdə sübutlar, ifadələr var. Amma bir gün sonra buraxıblar. Yenə də bu əməliyyatlar davam edib.

F.Ceyranlı özü də haqqındakı həbsli axtarış qərarıyla bağlı fikirlərini açıqlayıb. Hazırda Gürcüstanda həbsdə olan azərbaycanlı həkimin mövqeyini onun yaxınları yayıblar. F.Ceyranlı bildirib ki, “Lancet” tibb mərkəzinin orqan köçürmə şöbəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatına , Gürcustan qanunlarında nəzərdə tutulan qaydalara uyğun fəaliyyət göstərib: “Dediklərimi təsdiq edən Səhiyyə Nazirliyinin komissiyasının və məhkəmənin müvafiq qərarları var. “Lancet” tibb mərkəzinin əsasnaməsinə uyğun olaraq xəstə mutəxəssis, transplantoloqun baxışı, məsləhəti və müayinələrdən keçəndən sonra, əgər orqanköçürmə əməliyyatı göstərişdirsə, xəstəxananın hüquq şöbəsinə göndərilirdi. Orada əməliyyat olunmaq üçün hansı hüquqi sənədlərin lazım olduğunu göstərən siyahı verilir. Bura aşağıdakılar daxildir: Xəstəxananin nəzdində fəaliyyət göstərən ixtisaslı komissiyanın kollektiv rəyi, xəstənin və donorun ayrı-ayrılıqda şəxsi imzaları ilə əməliyyata razılıq müqavilələri, psixiatrdan donorun vəziyyəti ilə bağlı tibbi sənəd, donorun şüurlu şəkildə, təmənnasız öz orqanını xəstə qohumununa verdiyini təsdiqləyən sənəd, donorun vəziyyətilə bağlı arayış, xəstənin və donorun qohumluğunu təsdiq edən hüquqi sənəd. Bütün bu sənədlər həmin xəstələrin xəstəlik tarixlərində öz əksini tapıb”.

F.Ceyranlının sözlərinə görə, artıq 7 ildir Azərbaycanla heç bir əlaqələrə malik deyil: “5 ildir fiziki olaraq ayağım belə Azərbaycan torpağına dəyməyib. Mən Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunmuşam, həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər. Bu, nə deməkdir?! Mən Gurcustan vətəndaşıyam, burada çalışıram. Azərbaycandan gələn xəstələrlə bağlı Səhiyyə Nazirliyinin və artıq məhkəmənin qərarı var. Onların işində heç bir cinayət tərkibi aşkar olunmayıb. Açıq qapını açırlar. Artıq hədlərini aşırlar…”

F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orada “Lancet” klinikasının yaradıcılarından biri olub.

F.Ceyranlı 2017-ci il mayın 22-də həbs edilib. O, dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb. Tbilisi Şəhər Məhkəməsi öncə ona 6 il həbs cəzası kəssə də, apelyasiya məhkəməsi cəzanı 2 il 3 aya salmışdı. Lakin avqustun 2-də Gürcüstanın Ali Məhkəməsi yenidən cəzanı artıraraq, 6 il edib.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib.

Ana səhifəXəbərlər”Fərman Ceyranlı son 5 ildə Azərbaycanda olmayıb”