Fərəc Kərimlinin vəkilinin vəsatətləri qəbul edilməyib

O, bir daha bildirdi ki, həbsi siyasi xarakterlidir və özünü təqsirli bilmir

Source:


O, bir daha bildirdi ki, həbsi siyasi xarakterlidir və özünü təqsirli bilmir

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının müavini, həbsdə olan Fərəc Kərimlinin işi ilə bağlı məhkəmə baxışı  başlayıb.

Vəkil Nemət Kərimlinin  “Turan İA”-a verdiyi məlumata görə, müdafiə etdiyi şəxsin müdafiəsinin səmərəli qurulması üçün  dəmir barmaqlıqlar arasından çıxarılıb onun yanında oturması və prosesin audio yazılışının aparılması ilə bağlı vəsatətlər qaldırıb.

Hakim  vəsatətləri təmin etməyib.

Sonra  prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra  çıxış üçün məhkəmə Fərəc Kərimliyə söz verib, amma o, çıxışa hazır olmadığını bildirib.

“Fərəc Kərimli bir daha bildirdi ki, həbsi siyasi xarakterlidir və özünü ona qarşı qaldırılan ittihamlarla bağlı təqsirli bilmir. Bununla belə prosesin indiki mərhələsində çıxış etməkdən də imtina etdi”, – vəkil bildirib.

Hakim növbəti prosesi aprelin 1-nə təyin edib.

F.Kərimli iyulun 23-də saxlanılıb. İyulun 25-də onun barəsində üçaylıq həbs qərarı çıxarılıb. Nərimanov Rayon Məhkəməsi dekabrın 21-də həbs müddətinin daha 2 ay uzadılması barədə qərar çıxarıb.

O, narkotik maddə saxlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamı rədd edir.

F.Kərimli ilə yanaşı onun qardaşı Sirac Kərimli də eyni ittihamla həbs olunub. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Amnesty İnternational təşkilatı qardaşları “vicdan məhbusu” kimi tanıyıb.​

Ana səhifəXəbərlərFərəc Kərimlinin vəkilinin vəsatətləri qəbul edilməyib