Fəhlənin tender udan şirkətləri

MMC dəllalları tenderlərdən külli miqdarda vəsaitlər mənimsəyir. Bu mövzuda araşdırmaçı jurnalist Aytən Fərhadovanın yeni yazısını sizlərlə bölüşürük.

Source:

Bakının Xətai rayonunda adi bir mənzilin qapısının önündəyik. Sənədlərə inansaq, bu mənzilə və onun sakinlərinə aidiyyatı olan şirkətlər təkcə 2013-cü ildə müxtəlif dövlət qurumları üçün 1,5 milyon manatlıq sifariş həyata keçiriblər. Amma nə mənzilin xarici görünüşü bu miqyasdan xəbər verir, nə də mənzildə yaşayanların bundan xəbəri var.


“Biz fəhlə adamlarıq. Şirkət nədir?”

Seyid Əzim Şirvani küçəsi, ev 14, 150 saylı mənzilin qapısını açan Şahin Rəhimov suallarımızı eşidib cavablamaq əvəzinə onları yenidən bizə ünvanladı. Az keçməmiş mənzilin sahibəsi Nailə Rəhimova da gəldi.

Nailə Rəhimovanın öz mənzilində qeydiyyatdan keçən üç şirkətdən xəbəri yoxdur.

“Dərya LM” MMC və “Balaşoğlu-S” 2013-cü ildə, “A.A.N-BİOMEDİCAL” isə 2014-cü ildə qeydiyyatdan keçib.

O şirkətlərin hüquqi təmsilçisi kimi qeydiyyatdan keçmiş adamları da tanımır. “Dərya LM” MMC – nin hüquqi təmsilçisi Şamil Ramazan oğlu Qandayevdir. Hansı ki, bu şirkət 2013-cü ildə bir neçə böyük tenderin qalibidir.

“Qandayev kimdi? O adda adam tanımırıq. Mənzilimizin küpçəsi də var. Heç kimə də verməmişik. Necə ola bilər ki, bizim mənzil hansısa şirkətin hüquqi ünvanı olsun?” – Şahin Rəhimov sual edir.

Rəsmi sənədlərə inansaq, Nailə xanımın oğlu Elman Rəhimov təhsil büdcəsindən yararlanan azsaylı iş adamlarından biridir. Anası isə onun özünün cəmi 9 illik məktəb oxuduğunu deyir:

“Bəlkə Elmanın şirkəti var, bilmirəm. O, düz 1991-ci ildən burada yaşamır. Qonşuların da hamısından ərizə alıb, notariusda təsdiqlədib vermişəm “JEK”-ə. Şamil Qandayev adında da adam tanımırıq. Oğlumun telefonu da bizdə yoxdu. Ailəsi ilə dalaşıb, harda olursa, xəbərim yoxdu. Çilingər idi. Sonradan avtobus sürürdü”.


Küpçəli evin xəbərsiz sakinləri

Şahin Rəhimovun böyük qardaşı Elman Rəhimov çoxsaylı şirkətin hüquqi təmsilçisidir. Bu şirkətlər 2013-cü ilin satınalmalar üzrə müsabiqələrində 1 milyon 283 min 745 manatlıq satınalma həyata keçirib.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyi Ucar rayon Mədəniyyət və Turizm şöbəsinə avadanlıqların alınmasını “Nax Star” MMC-yə həvalə edib. Məbləğ 36750 manat civarında olub. Ötən il üçün Təhsil Nazirliyinin Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala fililalı üçün yumşaq inventarların satın alınmasını da 27 000 manata “Nax Star” MMC həyata keçirib.

Siyahı uzundur və həmin siyahıda Elman Rəhimovun təsisçisi olduğu şirkətləri və onların gördüyü işləri təqdim edirik. Elə “Nax Star”-la davam edək. Müəssisə 17.01.2013-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı isə Beyləqan rayonunun Əlinəzərli kəndi göstərilib.

E.Rəhimovun qanuni təmsilçisi olduğu digər şirkət “Kanberra” MMC-dir. Müəssisə 01.04.2013-cü ildə yaradılıb, hüquqi ünvan olaraq Gədəbəy rayonunun Söyüdlü kəndi göstərilib.

“Fantom” MMC ilə davam edək. Şirkət 17.01.2013-cü il tarixinə qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı Gədəbəy rayonunun Sarıköynək kəndinədir.

Keçək digər şirkət – “Labirint-R” MMC-ə. Onun hüquqi ünvanı Gədəbəy rayonunun Göyəlli kəndinə göstərilib. 20.12.2012-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçi E.Rəhimovdu. Sözügedən MMC-nin 2013-cü il büdcəsindəki payı aşağıda göstərilib.

Sadaladığım şirkətlərdən başqa E.Rəhimovun adına tender siyahısında olan MMC-lər bunlardır:

“Nax Star” MMC – 17.01.2013, Beyləqan rayonu, Əlinəzərli kəndi

“Kanberra” MMC – 01.04.2013, Gədəbəy rayonu, Söyüdlü kəndi

“Mirabella” MMC – 01.04.2013, Gədəbəy rayonu, Göyəlli kəndi

“Labirint –R” – 20.12.2012, Gədəbəy rayonu, Göyəlli kəndi

“Gold Vey” – 26.11.2012, Quba rayonu, 1-ci Nügədi kəndi

“Gold Idea” – 21.01.2013, Gədəbəy rayonu, Söyüdlü kəndi

“Birlik-R” – 17.01.2013, Quba rayonu, Qəçrəş kəndi

Gədəbəy rayon “Endavor” MMC – 17.01.2013, Gədəbəy rayonu, Sarıköynək kəndi

“Old Vest” – 17.01.2013, Qax rayonu, Qax şəhəri

“Silver Partner” – 28.01.2013, Gədəbəy rayonu, Söyüdlü kəndi

“Konkord-KL” – 17.01.2013, Qusar rayonu, Qusar şəhəri, Əlix kəndi

“Kolumbus – R” – 17.01.2013, Gədəbəy rayonu, Sarıköynək kəndi

“Fantom” MMC – 17.01.2013, Gədəbəy rayonu, Sarıköynək kəndi

“Yunistar” – 15.11.2012, Balakən rayonu, Balakən şəhəri, Hənifə

“Klimanjaro” – 28.01.2013, Gədəbəy rayonu, Söyüdlü kəndi


MMC-lərin qeydiyyat tarixi və qeydiyyat ünvanları göstərilib. Onların hamısının nizamnamə kapitalı isə cəmi 5 manatdır. Daha bir mistik məqam qeydiyyat tarixi ilə bağlıdır. Ölkənin ayrı-ayrı bölgələrində eyni gündə bir neçə müəssisə eyni adamın adına yaradılıb.

Beləliklə, 15 MMC 2013-cü ilin tender müsabiqəsində 1 milyon 283 min 745 manatlıq satınalma həyata keçirib.

“Büdcədən pul çıxmasnın iki sxemi var – satınalmalar və birbaşa büdcədən vəsaitlərin alınması vasitəsilə. Ola bilər ki, kiçik büdcə vəsaitləri 50 min manatı ötməyə. Söhbət fiziki şəxslərdən gedir. Hüquqi şəxslərə milyonluq dövriyyələr də ola bilər. O bir az qəliz məsələdir. 18 milyard manat dövlət büdcəsidi. Transfetləri nəzərə almasaq, 3 milyard manat hər il dövlət Neft Fonduna xərclənir – 21 milyard, üstəgəl iri şirkətlər. Son 4-5 ildə büdcə böyüdükdən sonra 35-40 milyard manatlıq potensial satınalınma tətbiq oluna biləcək. Büdcə vəsaitləri dövriyyəsi olan şəraitdə 1 milyon 400 min çox kiçik vəsaitdi. Bu cür fiziki şəxs proksiləri kiçik vəsaitlərlə saxlayırlar, çünki onlara lazımdı. Ancaq ola bilər birbaşa vəsaitləri həmin fiziki şəxslər vasitəsilə silirlər, bunu da araşdırıb üzə çıxarmaq imkanımız yoxdu” – söylədi adının açıqlanmasını istəməyən ekspert.


Hüquqi ünvanların region sirri

Araşdırmalarımız zamanı şirkətlərin böyük əksəriyyətinin hüquqi ünvanlarınını hansısa dağ kəndi, uzaq bölgə olduğunu gördük. Bununla və digər məsələlərlə bağlı müstəqil ekspertə üz tutduq. Ancaq hazırda ölkədə vətəndaş cəmiyyəti fəallarına olan basqılar səbəbdin ekspertimizin adını açıqlamayacağıq.

“Niyə regionlar hüquqi ünvan məsələsində öndədir” sualımıza ekspert bildirdi ki, bu məsələyə vergi səbəb ola bilər: “Regionlarda 2 fazilik vergi ilə yanaşı başqa səbəblər də var. Dövriyyə yüksək olanda sadələşdirilmiş verginin konkret dövriyəsi illik 120 000 manatdı. Böyük dövriyyə olanda anlayaram, vergisində nə isə qala bilər, amma kiçi dövriyyədə elə bir fərq eləmir. Hər hansı regionda tapılan adamın əlaqələrini araşdırmaq lazımdı. Azərbaycanda büdcə vəsaitlərinə qeyri-rəsmi qərar vermədə konkret iqtisadi qruplar iştak edir. Bir qrup nəqliyyat layihələrində, digəri hanssa sənaye layihəsində iştirak edir. Necə ki, regionlar qeyri-rəsmi şəkildə nüfuz dairələrinə bölünüb və konkret şəxslərə bağlıdı. Pullar üzrə sərəncamçılıq da nüfuz dairələrinə bölünüb. Məsələ çox təhlükəlidi, informasiyanın yayılmamağı önəmlidi. Və bir adamın adına çoxsaylı şirkət yaradılırsa, bu, artıq ciddi problemdir. Onun vasitəsilə yüz minlərlə, milyonlarla pul dövriyyə edirsə, adı təmsilçilikdə keçən adam çox etibarlı adam olmalıdı”.


Niyə eyni şirkət yox, müxtəlif şirkətlər ?

Şamil Qandayev də Nailə xanımın oğlu kimi təhsil büdcəsinin icraçılarındandır. O, “Dərya LM” MMC-nin hüquqi təmsilçisidir. “Dərya LM” 2013-cü ildə Siyəzən rayon Təhsil Şöbəsinin əsaslı təmir işlərinin satın alınmasına 49 850 manatlıq sifariş udub.

Mərkəzi Seçki Komissiyasının rəsmi səhifəsinə əsasən, Ş.Qandayev Balakən rayonunda Zərifə Əliyeva dalan, ev 1 ünvanında qeydiyyatdadır. Onu Balakən rayonunda kasıb və bu tip işlərdən anlayışı olmayan adam kimi tanıyırlar. Baxmayaraq ki, Ş.Qandayev həm fiziki, həm də hüquqi şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçib. Bu haqda nazirliyin rəsmi səhifəsində bilgilər var. Həmyerlilərinin dediyi kimi, “bu tip işlərdən anlayışı olmayan” Şamil Qandayevin biznes ulduzunun parladığı gün də bəllidir – 30 aprel 2013-cü il. Həmin gündə Qandayev nə az, nə çox 10 şirkət qeydiyyatdan keçirib. Şirkətlərin hamısının hüquqi ünvanı Beyləqan rayonunun Allahyarlı kəndidir.

İş yerinin və özünün gizli qalmasını istəyən mənbənin sözlərinə görə, Ş.Qandayev həqiqətən Balakənlidir, ancaq Bakı şəhərində yaşayır. Bu xidmətlərinin əvəzində isə MMC-nin həqiqi rəhbərləri ona ayda müəyyən məvacib ödəyir – 100, 200, 300 manat civarında.


Proksi nədir?

“Proksi – arxasında real sahibi başqa şəxslər olan şirkətlərdir. Yəni, hüquqi sahibləri üzdə olan, ancaq faktiki onlara məxsus olmayan şirkətlər. Bunu ancaq məhkəmə yolu ilə sübut etmək olar. Əgər məni kimsə icraçı direktor kimi proksinin başında oturdubsa, əməliyyatlarda mənə qol çəkdirir. Mənə qol çəkdirmirsə, bu, imzaların saxtalaşdırılması hesab olunur, birbaşa cinayət məsuliyyəti yaradır. Ona görə qanunsuzdur. Ancaq mən əminəm ki, Azərbaycanda proksilərlə bağlı dövlət ciddi araşdırma aparılsa, proksiləri yaradanların səlahiyyətli adamlar olduğu üzə çıxar” – deyir müstəqil ekspert. Onun fikrincə, dövlət quluğunda çalışan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan olduğu üçün onlar bu yola əl atırlar: “Saxta şəxsləri oturdub onların imzalarından istifadə etməklə özləri, öz yaxınları dövlət vəsaitlərini yönəldib, bundan istifadə edirlər. Qanunsuzluqlar burdadır. Ancaq bizdə deklorasiya sistemi işləsəydi, dövlət qulluğu ilə bağlı normal bəyannamə sistemi olsaydı, heç proksilər bu qədər yayılmazdı. Proksilər qanunsuzluqlara səbəb deyil, nəticədir”.


MMC dəllalları

Bir müddət öncə mətbuatda bu haqda material dərc olunub. Belə ki, rəsmi məlumata görə, təkcə 2013-cü ilin noyabr ayının 18-dən bu ilin yanvar ayının 9-dək olan dövr ərzində ölkədə 1502 şirkət yaradılıb. Onların təqribən yarısını – 700 şirkəti 20 nəfər təsis edib. Bir qayda olaraq bu şirkətlərin nizamnamə kapitalı 5-10 manat arasında dəyişir. Kommersiya hüquqi şəxslərin reyestrinə daxil edilən məlumatlar təsdiq edir ki, gün ərzində həmin şəxslərin adına ölkənin müxtəlif regionlarında bir neçə şirkət yaradılır. Yəni eyni şəxs, məsələn, Əbülfəz İnşallah oğlu Məmmədov həm Bakıda, həm də ölkənin daha üç bölgəsində (Zaqatala, Sabirabad və Gədəbəy) saysız-hesabsız şirkətlər təsis edir (“Turan” İA).

Məlumatda qeyd olunur ki, hesablamalara görə, təkcə bu şəxs yuxarıda qeyd olunan tarixlərdə (2013-cü ilin noyabr ayının 18-dən 2014-cü il yanvarın  9-dək) 63 şirkəti dövlət qeydiyyatına aldırmağa müvəffəq olub. Başqa sözlə desək, yuxarıda qeyd olunan tarixlərdəki 34 iş günü ərzində həmin şəxs hər gün orta hesabla 2 şirkət təsis edib.

18 noyabr – 9 yanvar  tarixlərində daha çox şirkət qurmaq yarışmasında liderliyi Ağarəhim Qəribşah oğlu Məmmədov ələ alıb – 76 şirkət. Bu şəxs daha əvvəlki dövrdə də çoxsaylı şirkətlər yaradıb və onların direktoru vəzifəsini daşıyır.

Şirkət yaratmaqda ad çıxarmış şəxslər sırasında Teymur Mömin oğlu Əliyev (69 şirkət), Fəqan Etibar oğlu Cəfərli (74), Elvin Cəmil oğlu Əsgərov (67), Mehman Canmirzə oğlu Mirzəliyev (35), Allahyar Adışil oğlu Mirzəyev (31), Şamil Ramazan oğlu Qandayev (36), Aqil Dadaş oğlu Dadaşov (18), Səyyad Mirhəsən oğlu Hüseynov (14) da var.

Siyahıda adı olan Şamil Qandayev təkcə 1 gün ərzində – 30 aprel 2013-cü ildə 10-dan artıq MMC-nin qanuni təmsilçisi olub. Və həmin MMC-lərin hüquqi ünvanları da eyni yerdi. Həmin MMC-lər aşağıda verilib:

“Ratto” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Hurakan” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Libelle” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Soft trans” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Mosquero” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Gold stone” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Aqat SC” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Nor fakt” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Belonda” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

“Muralla” MMC – Beyləqan rayonu, Allahyarlı kəndi

Bunlardan başqa, satınalma müsabiqəsinin qalibləri olan “Dərya-LM” və “Gold Legion” MMC-lər də eyni gündə – 30 may 2013-cü ildə yaradılıb. Yuxarıda adı çəkilən MMC-lərdən yalnız biri – “Hurakan” MMC satınalmalarda iştirak edib.

Müstəqil ekspert bildirir ki, MMC-lərin fəaliyyəti Mülki Məcəllə ilə tənzimlənir. Yəni burada 1 şəxsin neçə MMC-də qanuni təmsilçi statusu adı daşıya biləcəyinə dair məhdudiyyətlər yoxdu: “Amma Məcəlləyə görə, MMC-lərdə çox mürəkkəb idarəemə nəzərdə tutulur: Direktorlar Şurası, Ümumi Yığıncaq və Təftiş Komissiyası. Bu təsisatlar normal işləsə, yəqin ki, hansısa formal şəxsi qanuni təmsilçiyə çevirmək olmaz. Görünür, problem buradan qaynaqlanır. Üç nəfər əlbir olub saysız-hesabsız MMC-lər təsis edir, sonra da eyni adamlar yığışıb Direktorlar Şurası, Ümumi Yığıncaq və Təftiş Komissiyası təşkil edir və eyni adama da bütün MMC-lərin qanuni təmsilçi statusu verirlər”.

Bir gündə 10-dan yuxarı MMC yaradıb, onun qanuni təmsilçisi olmaq nə dərəcədə normal qarşılana bilər məsələsinə gəlincə, ekspert deyir ki, məsələ MMC-lərin fəaliyyətinin təşkilinə, onun strukturlarının yardılması və fəaliyyətilə bağlı reqlamentlərə əməl edilməsinə nəzarət mexanizmlərin işlək olmamasıdı: “Məsələn, QHT-lərə münasibətdə artıq belə mexanizmlər işə salınıb. QHT-lərin təsisçiləri və İdarə Heyətinin üzvləri nə qədər real adamlardı, onlar nizamnaməyə uyğun fəaliyyət göstərirlərimi və s. kimi məsələlər artıq yoxlanılır”.

“2013-cü ildə Təhsil Nazirliyinə məktəblərin təmiri üçün 2 milyon manat ayrılıb”

Bu haqda 5 il ard-arda tender qalibi olmuş inşaatçı A.Əsgərov ( ad-soyad dəyişdirilib – müsahibimiz anonim qalmasını istədi) danışdı: “2013-cü ildə Təhsil Nazirliyinə 2 milyon manat sırf cari təmir işlər üçün ayrılıb. Əsaslı təmirə vəsait ayrılmayıb. Ötən il nazir dəyişdi. Ondan sonra təzə kadrlar gəlib. Ötən il nəğd iş görüblər. Tutaq ki, ötən il Şamil Qandayevin adına firma qeydiyyata aldırıblar, ancaq başqasına 1 kv.m 5 manatdan olan işi 3 manatdan gördürüb pulu götürüblər. Onu tapmaq asan olmayacaq. O adamlar da idarə rəisinin öz adamlarıdır. Ötən il İsaxan Babayev idi. Onun vaxtında belə olmayıb. İndi təzə adamları vəzifəyə qoyublar, onların adamları gəlib”.

Dövlət Satınalmalar Agentliyi isə məsələyə qanun çərçivəsində yanaşdıqlarını “Satınalmalarda Dibirovlar izi” (Meydan TV) başlıqlı araşdırma materialında cavab vermişdilər. Agentlik cavabında bildirir ki, müsabiqədə iştirak üçün verilmiş tender elanı və əsas şərtlər toplusuna uyğun olaraq iddiaçı kimi qeydə alınmış namizədlərdən kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi vermiş iddiaçı qalib sayılır.

Bütöblükdə “Dövlət Satınalmaları Haqqında” Qanunu həm dövlət satınalmaları sisteminin təşkilində – satınalan təşkilatların tender komissiyasının qərar qəbulu prosesinə nəzarətçi orqanın müdaxiləsinin qarşısını almaqla, həm də satınalmaların həyata keçirilməsi prosesində (Maddə 13 və s.), həmçinin bütün digər mümkün maraqların ziddiyyəti hallarını nəzərə alaraq müvafiq müddəaları nəzərdə tutub. Həmçinin qanuna satınalmalar prosesinə kənar mənfi təsirlərin qarşısını alınması məqsədilə bir sıra müddəalar daxil edilib. Buraya həmçinin, satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədilə malgöndərən (podratçı) tərəfindən müxtəlif fəaliyyətlərin qarşısının alınması üçün müxtəlif müddüəalar da daxildi.

A.Əsgərov isə ölkədə tenderin qanuni keçirilmədiyini söylədi: “Bütün ölkədə tender yoxdur. İstənilən quruma aiddir dediklərim. Obyektlər satışa çıxmamış Prezident Aparatından xüsusi adamlar var ki, obyekti həmin adamlara verirlər. Mənim özüm də tenderə girmişəm. Yalan nə deyim. Məni də tapşırıblar ,tenderi götürmüşəm. Elə-belə 5 tenderi udmamışam, tapşırıqla udmuşam. Elə bilirdim ki, axmaq-axmaq girisən, beynini işlədirsən, tenderi udursan. Belə şey yoxdur. Bütün bu işlərin 90 faizini yuxarı vəzifədə oturan adamlar görür. Bu sözü deyirəm. Arxasından da qaçmıram”.


Vəsait niyə parçalanır?

Bir şirkətin adı çox ciddi diqqət çəkə bilər. Satınalma elanında ən azı 3 şirkət iştirak etməlidi. Olmadıqda həmin tender elan baş tutmamış hesab olunur. Bu ehtimallardan biridir. Ekspertimizin fikrincə, digər ehtimal alınan dövlət vəsaitinin satınalınmaların hansı forması ilə həyata keçirilməsidir: “Birbaşa açıq tenderlər 50 000 manatı ötəndə baş verir. Tender qanunvericiliyi ilə bağlı beynəlxalq praktikanı araşdırmışam. Orda belə bir ana xətt var ki, bəzən araşdırmaçılar tenderi tədqiq etdikdə mütləq bəzi məsələlərə diqqət yetirməlidirlər. Bunlar hansılardır – müsabiqədə nəzərdə tutulan iş görülərkən vahid bir məhsuldur, yoxsa ayrı-ayrı hissələrdən ibarətdir? Beynəlxalq praktikaya görə, burada korrupsiya səbəbləri var. Tenderin məbləğindən qaçmaq üçün vahid bir işi qanunsuz olaraq bir neçə hissələrə ayırırlar. Səbəbi də açıq tenderin məbləğindən qaçmaq üçündür. Satınalmaların digər növlərində açıq tender kimi sərt tələblər yoxdur. Müxtəlif şirkətlərin də adını qeyd edirlər ki, sanki rəqabət mühiti var və hər şey qanunauyğun keçirilir”.

Ekspert deyir ki, öz dövriyyəsi olan şirkətlərdən vergilərdə 5-6 il öncədən ödəniş tələb edirlər: “Bunu deyilənə görə, vergilərin audit qrupu edir. Dövlət büdcəsinin vəziyyəti ağırdı, qeyri-neft sektorundan vəsait ödənməlidir. Qanunvericiliyə görə, vergi hər rübdən sonrakı ayın 20-ə qədər ödənməlidir. Onlar isə öncədən gəlib 15-20 min ödəmək lazım olduğunu deyirlər. Bunu da illik edirlər ki, 1 il işləməlidir. Tenderdə tapılmayan şirkətlər varsa, onun qeydiyyatdan keçmədiyinə inanmıram. Qeydiyyatdan keçib, 3-4 ay müəyyən əməliyyatları həyata keçirir, şirkət fəaliyyətini dayandırır və onun kodunu dayandırırlar. Qeydiyatdan keçməmək mümkün deyil”.

Bütün bu araşdırmalardan belə nəticəyə gəlinir ki, sadə insanlar tender oyunlarının oyunçularıdır. Onların əli ilə istənilən qanunsuzluq edilir.


Aytən Fərhadova

Ana səhifəXəbərlərFəhlənin tender udan şirkətləri